Sadəcə təsadüfmü? Day.Az представляет новость на азербайджанском языке.

Niyə təsadüflərdən yapışırıq?

Hər birimizin həyatında təsadüflər baş verir. Bəzilərimiz buna əhəmiyyət vermir, bəzilərimiz həyatımızı təsadüflərə nəzərən qurur, təsadüfi hadisələrdən nəticə çıxarırıq. Psixoloqların fikrincə, təsadüflər daha çox insan özünü itirəndə və ya çıxılmaz vəziyyətdə qalanda baş verir, insana düzgün qərar verməyə, üzləşdiyi çətinliyə sinə gərməyə kömək edir. Ekstrasens və falçılar isə təsadüflərə mistik don geyindirir, təsadüflərin həyatda mühüm rol oynadığını deyirlər.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, həqiqətən də, həyatda elə təsadüflər baş verir ki, onlara mistik məna verməmək çətindir: "Amma təsadüflərə hədsiz önəm verməklə yanlış istiqamətlənə bilərik. Bu səbəbdən də təsadüflərə fikir vermək olar, amma vacib qərarları belə təsadüflərə nəzərən vermək düzgün deyil" deyən müsahibimiz əlavə edib ki, bəziləri təsadüfləri sadəcə hadisələrin üst-üstə düşməsi kimi başa düşür, bəziləri isə bunu dinlə bağlayırlar.

Qurbanova bildirib ki, psixologiyada təsadüflər sinxron baş verən hadisələr kimi izah olunur və bir neçə növə bölünür: "Sinxron hadisələr, hərəkətə əsaslanan təsadüfi hadisələr, ardıcıl baş verən - seriyalı hadisələr, xeyirli təsadüflər. Sinxron hadisələr zamanı biz düşündüyümüz an və ya sonra oxşar, eyni şeylər baş verir. Misal üçün, sən kiminsə haqqında düşündüyün an həmin adam zəng vurur. Və ya sən uzun illər görmədiyin sinif yoldaşını xatırladığın gün yolda gedərkən görürsən. Belə qəribə təsadüflər baş verəndə adam çox təəccüblənir. Bu, bir-iki dəfə baş verdikdə, fikir vermirsən, amma tez-tez baş verəndə insanı düşündürməyə başlayır".

Psixoloq qeyd edib ki, ikinci növ təsadüflər hərəkətə əsaslanan təsadüfi hadisələrdir: "Məsələn, məhz sizə lazım olan nəyisə tapırsınız və ya sizin istədiyiniz bir hadisə baş verir. Amma bunun necə baş verdiyini izah edə bilmirsiz".

Üçüncü növə isə bir-birinə bənzər, ardıcıl baş verən təsadüfi hadisələr daxildir. Ardıcıl baş verən təsadüfi hadisələr sinxron və hərəkətə əsaslanan təsadüfi hadisələrdən davamlılığı ilə fərqlənir. İnsan onunla baş verən ardıcıl hadisələri qeyd edə və yadda saxlaya bilir. Sinxron və hərəkətə əsaslanan təsadüfi hadisələr zamanı hadisələrin bir hissəsi fikrimizdə baş verirdisə (məsələn, kimisə düşünmək), ardıcıl təsadüfi hadisələr zamanı hər şey həyatda real baş verir. İstənilən şəxs ardıcıl baş verən oxşar hadisələri müşahidə edə və həqiqətən də onların baş verdiyini yoxlaya bilər.

Dördüncü növ təsadüfi hadisələrə isə başqasının dərdini məsafədən hiss etmək aiddir. Həmsöhbətimiz deyir ki, bir insan başqasının hiss etdiyi dərdi, kədəri, ağrını uzaq məsafədən belə hiss edir: "Bu, çox vaxt əkizlərlə baş verir. Xüsusilə də, bir yumurtadan olan əkizlər bir-birinin keçirdiyi dərdi, kədəri, ağrını hiss edirlər. Bu fenomen valideynlər, əsasən də ana ilə övlad arasında da baş verir. Lakin insan bu zaman əslində başqasının kədərini və ya ağrısını, xəstəliyini hiss etdiyini anlamır. Eyni zamanda narahatlığa səbəb olan şəxs də bunu bilmir".

O bildirib ki, beşinci növ xeyirli təsadüflərdir: "Onlar da öz növbəsində iki yerə bölünür: - psixoloji dəyişikliklərə gətirən və insanı məqsədinə nail olmağa kömək edən təsadüflər. Misal üçün, həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın onunla ayrılır. Lakin indi evdən çıxıb növbəti dəfə onunla barışmaq üçün görüşə getmək istəyir. Qapıdan çıxmaq istəyəndə şəhər telefonuna zəng gəlir və zəng edən xanım nömrəni səhv yığdığını bildirir. Həmin xanımla telefonla danışdıqca məlum olur ki, onun da həyat yoldaşı ona əl qaldırır. Onun səsində qorxu hiss olunurdu. Onunla danışdıqca qadın başa düşür ki, zorakılığa dözməyi davam etmək mənasızdır. Nəticədə qadın əri ilə barışmır. Təsadüfi hadisə onun psixologiyasında müsbət tərəfə dəyişiklik yaradır və o, illərlə cəhd edə bilmədiyi addımı ataraq zorakılıqdan qurtulur".

Qeyd edək ki, insan bəzən həyatında hansısa təsadüfi hadisə nəticəsində məqsədinə çatır. Məsələn, imtahan verəndə təsadüfən bildiyi suallar düşür və s.

Psixoloq izah edir ki, təsadüflər daha çox insan özünü itirdiyi, çıxılmaz vəziyyətdə qaldığı vaxtlarda baş verir: "Təsadüflər qeyri-adi hadisələrdir və insan nəsə onun üçün qeyri-adi olan bir şeyi edəndə təsadüflər tez-tez baş verir. Insan bu təsadüfləri başa düşsə, düzgün qərar verər və səhvlərə yol verməz" deyən A.Qurbanovanın sözlərinə görə, insanın daxilində onu yönləndirən bir sistem var: "Bu sistemlə bizə lazım olan şeyləri tapırıq. Sistemi başa düşdükdə yaşamaq daha asanlaşacaq".

Ekspress.az