Toy mərasimlərində kimə toy tutulur? Day.Az представляет новость на азербайджанском языке.

Yeni ailə qurulduqda yaxınların, əzizlərin bir araya toplaşıb, bu xoş günü şadlıq məclislərilə qeyd etməsi ənənəsinə qədim dövrlərdən bəri demək olar ki, dünyanın hər yerində rast gəlinir. Azərbaycan mədəniyyətində də toy şənliyi məclislərinin tarixən xüsusi yeri olub. Toy edən gənclərin ailə üzvləri və yaxınları səmimi sevinc hissi ilə bu mərasimlərə qatılıb, toy edən ailənin sevinci ilə bölüşüb. Toy edən ailə də imkanı yol verdiyi əndazədə gələn qonaqlara şənlik süfrəsi açıb, məclis qurub, qonaqlar da yeyib-içib, əylənib-şənlənib. Elə günümüzdə də bu ənənə davam etməkdədir. Amma...

Amma keçmiş dövrlərdən fərqli olaraq, günümüzdə toy şənliyi məclislərinə mahiyyət etibarilə yeni çalarlar da əlavə olunub. Onlardan ikisi üzərində dayanıb, düşünək - bu çalarların qatılması cəmiyyətin faydasınadır, yoxsa zərərinə?

Günümüzdə elə bir vəziyyət yaranıb ki, toy edən ailələr imkanı yol verdiyi əndazəni aşmaq və süfrəni normal qonaqlıq üçün yetərli olan menyudan qat-qat artıq yemək çeşidlərilə doldurmaq məcburiyyətində qalır. Təbii ki, bu israfçılıq "hər stulun" qiymətini qaldırır, bu isə toya dəvət alan qonaqları "tası qaldırmaq" faktı ilə üz-üzə qoyur.

Əlbəttə, yeni qurulan ailəyə hədiyyələr vermək, mənəvi dəstəklə bərabər, imkan daxilində onlara maddi dəstək olmaq ənənəsi qədimdən gələn gözəl ənənədir. Yeni qurulan ailə ocağına yaxınların-əzizlərin bu dəstəyi olduqca əhəmiyyətlidir. Amma bu, bəylə gəlini təbrik etməyə gələn qonaqların çətin, bəzən çıxılmaz hala düşməsi hesabına baş verməməlidir axı.

İsrafçılıqla tərtib olunan menyular sayəsində toyun xərcləri artıqca, bu artım ilk növbədə gələn qonaqların büdcəsinə zərər vurur. Əvvəllər toya dəvət alan şəxslər sevincək hal yaşayırdılarsa, bu gün bir çoxları "dəvətnamələri" aldıqda, həyəcan və hətta xəcalət hissi keçirirlər. Bir ay ərzində 2-3 toya dəvət olunmaq isə, az qala bütün aylıq qazancının toylara sərf etməsi ilə nəticələnir.

Bəs görəsən, menyuya "əl gəzdirməklə", israfçılıqları aradan qaldırmaqla "tası aşağı salmaq", bununla da həm toy sahibi, həm də gələn qonaqların işini yüngülləşdirmək daha məqsədəuyğun olmazdımı? Axı bu addımla toya əsl toy sevinci qatmış olardıq...

Başqa bir məqam isə bir çoxlarının toy şənliyi məclislərini az qala podium səhnəsinə çevirməsidir. Biriləri bir dəfə məclisə geyindiyi geyimi artıq ikinci dəfə geyinməyi özünə ar bilir, toyda rahat şənlənib-dincəlmək əvəzinə, sanki digərlərilə bənsə-bənsə çıxıbmış kimi, geyim nümayişi etdirirlər. Hər dəfə yeni geyim almağa gücü çatmayan "modellər" isə kirayəlik geyimlə məclisin "xəcalətindən çıxırlar".

Bəs görəsən, səmimilik və sadəliyi toy şənliyi məclislərimizə qaytarmaqla, qonaqlar bu kimi stereotiplərdən qurtulub, məclisi daha rahat, daha sərbəst şənlənməklə keçirmək olmazmı? Axı bütün bunlar öz əlimizdədir. Niyə öz əlimizlə həyatın belə şirin anlarını qəlizləşdirib, stereotiplər məcmusuna çeviririk? bu stereotiplərdən qurtulmağın zamanı deyilmi?..

İslam.az