"Təzə bazar" iki hissəyə bölünüb - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Ticarət mərkəzini ortadan ikiyə bölən daş hasar həm alıcıların, həm də satıcıların narazılığına səbəb olub.

Bu günlərdə redaksiyamıza Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində yaşayan sakin Rəna Abdullayeva zəng vuraraq, "Təzə bazar" Ticarət Mərkəzində aparılan tikinti işlərindən dolayı narazılığını çatdırdı. O, 40 ilə yaxındır "Kubinka" adlanan məhəllədə yaşadığını, həmin ərazidəki vətəndaşların ev üçün bütün bazarlıqlarını adıçəkilən bazardan etdiyini dilə gətirərək, son vaxtlar bazar rəhbərliyi tərəfindən alıcılara qarşı diqqətsizlik göstərildiyini, ticarət mərkəzinin tən ortadan daş hasarla hörüldüyünü, nəticədə əsas girişlərin istehlakçılar üçün qapadıldığını söylədi. Bildirdi ki, bazarın girişində pilləkənlərin qarşısı, içəridə isə piştaxtaların arası mişar daşı ilə hasarlanıb, bir-iki yerdə dəmir məhəccərli qapılar qoyulub ki, onu da bazar rəhbərliyi istədiyi vaxt açır, istədiyi vaxt bağlı saxlayır. Bütün bunlar isə həm bazarlıq üçün ticarət mərkəzinə gələnlərə, həm də satıcılara müəyyən çətinliklər yaşadır. Belə ki, bazarın ət, balıq məhsulları, elektrik və sair avadanlıqlar satılan hissəsinə gəlib alış-veriş edən istehlakçı kənd təsərrüfatı məhsulları yarmarkası keçirilən digər hissədən meyvə-tərəvəz almaq üçün daş hasarları aşmalıdır. Əgər daş hasarın bir-iki yerindəki dəmir qapı açıq olsa, alıcının bəxti gətirir, yolu qısa olur. Yox, əgər qapı bağlı olsa, məcburdur bazarın ya aşağısına düşsün, ya da yuxarı hissəsinə çıxıb təkrar o biri taya keçsin. Bir sözlə, Bakı şəhərinin mərkəzində yerləşən "Təzə Bazar" Ticarət Mərkəzində müştəriləri və alıcıları bir-birindən ayıran "Çin səddi" tikilib ki, bu da istehlakçıların haqlı narazılığına səbəb olub.

Rəna xanımın şikayətini araşdırmaq üçün qeyd edilən ünvanda olduq. "Təzə Bazar" MMC-də müşahidələr apararaq, şikayəti təsdiqləyəcək şəkillər çəkdik, eyni zamanda satıcı və alıcıların təkrar fikirlərini öyrəndik. Hər iki tərəf yuxarıda sadalananları bir daha dilə gətirdilər. Ticarət mərkəzində belə bir vəziyyətin yaranma səbəblərini araşdırmaq üçün bazar rəhbərliyi ilə görüşüb məsələyə aydınlıq gətirmək istədik. Bir neçə saat gözləməyimizə baxmayaraq, bazarda rəhbərlikdən kimisə tapa bilmədik. Əvəzində ticarət mərkəzində bir nəfər bizə yaxınlaşaraq, özünü bazarın nəzarətçisi kimi təqdim etdi, gəlişimizin səbəbi ilə maraqlandı. İsrarımıza rəğmən adını söyləməsə də, "Təzə Bazar" MMC-nin Məmmədağa İbrahimov və Vaqif Şıxəliyev arasında bölündüyünü bildirdi. Bazarı iki hissəyə bölən, vətəndaşları narazı salan hasarın isə V.Şıxəliyevin göstərişi ilə çəkildiyini qeyd etdi. Onun sözlərinə görə, V.Şıxəliyev bu hasarı çəkdirərkən M.İbrahimovun fikrini, razılığını almayıb. Nəzarətçiyə hadisə ilə bağlı daha bir neçə sual versək də o, bu sualları cavablandırmadı və telefonla danışaraq ərazidən uzaqlaşdı.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyət göstərdiyini nəzərə alıb mövzu ilə bağlı nazirliyin mövqeyini öyrənmək istədik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bizi dinlədikdən sonra şikayətçinin 195-2 telefon məlumat mərkəzinə, eləcə də (012) 498-15-01/04 telefon nömrələrinə zəng vurmasını, şikayətini bilavasitə nazirliyə çatdırmasını vacib saydı. Dedi ki, nazirlik olaraq, şikayətçini bilavasitə dinləmədən, hadisəni yerində araşdırmadan hər hansı mövqe bildirmək düzgün olmazdı.

"Təzə Bazar" ərazisində kənd təsərrüfatı yarmarkasının təşkilinə daim dəstək verən Kənd Təsərrüfatı Nazirliyinin hadisəyə münasibəti isə birmənalı oldu. Dövlət qurumunun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bizimlə söhbətində dedi ki, sözügedən məsələnin nazirliyə heç bir halda aidiyyəti yoxdur.

Müstəqil ekspert kimi Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun da hadisəyə baxışını vacib saydıq. O, sahibkarlar arasında nə baş verməsinə baxmayaraq, ticarət mərkəzinin tam ortadan hasarlanmasını, hər iki tərəfdəki müştəri və satıcıları bir-birindən təcrid etməyi istehlakçı hüquqlarının pozulması kimi qələmə verdi. Ekspert Azərbaycandakı bəzi sahibkarlarda biznes etikasının olmamasını təəssüflə xatırladaraq, məhz buna görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların istehlakçı hüquqlarını arxa plana keçirdiyini vurğuladı. Dedi ki, bütün hallarda baş verən bu kimi hadisələr haqlı vətəndaş narazılığı ilə müşayiət olunur: "Problemin həlli üçün yaxşı olar ki, ərazidəki vətəndaşlar AİB-ə müraciət etsinlər. Belə müraciət olarsa, biz tam təmənnasız bazar rəhbərliyi ilə danışıqlara başlaya bilərik. Amma sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən bir çox standartlar, qaydalar olmadığından belə neqativ hallar çox tez-tez baş verir. Düzdür, sahibkar öz mülkiyyətini istədiyi kimi idarə etməkdə azaddır. Amma onun bu azadlığı adi vətəndaşların, istehlakçıların azadlığını da pozmamalı, onların hüquqlarını tapdamamalıdır. Dövlət qurumlarının öhdəliyinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti var. Həmin departament qanunvericilik çərçivəsində, mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai iaşə, məişət və digər xidmət müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirən, səlahiyyətləri daxilində istehlakçıların hüquqlarının müdafiəsini təmin edən dövlət orqanıdır. Məhz bu orqan belə işləri sahmana salmalıdır".

Yazıda Bakı Şəhər Ticarət və Xidmət Departamentinin adı hallandığından həmin dövlət qurumunun da hadisəyə münasibətini öyrəndik. Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırova vətəndaşın şikayətini, eyni zamanda bazarda müşahidə etdiklərimizi çatdırdıq. Ə.Bağırov hadisənin şəxsən onun üçün də maraqlı olduğunu bildirsə də, təmsil etdiyi qurumun belə məsələlərlə maraqlanmadığını söylədi. Qeyd etdi ki, həmin ticarət mərkəzi departamentin balansında deyil: "Biz həmin məsələlərlə bağlı heç bir iş görmürük, heç bir suala da cavab vermirik. Yəni, bu məsələ bizim səlahiyyətlərimizə daxil olan məsələ deyil. Bununla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi daha dolğun məlumat verə bilər. Çünki müasir zamanda bir çox müəssisə kimi həmin ticarət mərkəzi də özəlləşdirilib. Əvvəllər Bakı ərazisində 10-15 bazar var idi. İndi həmin bazarlar azalıb. Ümumilikdə o bazarların heç biri bizim balansımızda deyil və onlara təsir etmək imkanımız da yoxdur. Amma bir vətəndaş olaraq mənim üçün də maraqlı məsələdir söylədikləriniz. Bu bazar Nəsimi rayonunun ərazisində yerləşdiyindən həmin icra hakimiyyəti ilə əlaqə saxlamaq, məncə, daha məqsədə uyğundur".

Nəsimi Rayon İcra Hakimiyyətinin sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdiri Nazim Quliyev isə bizimlə söhbətində hadisə ilə əlaqədar bazar rəhbərliyinin münasibətinin öyrənilməsini daha düzgün saydı. Amma hər ehtimala qarşı, sözügedən hadisə ilə bağlı araşdırma aparıb günün sonuna kimi qəzetimizə məlumat verəcəyini bildirdi. İş gününün sonunda Nazim müəllimlə təkrar əlaqə saxlasaq da, o, telefon zəngimizə cavab vermədi.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin: