Azərbaycanda odlu silah kimə satıla bilər? Day.Az представляет новость на азербайджанском языке.

Qanunlar silah gəzdirməyə icazə verir, amma...

Milli.Az zəbər verir ki, DİN və ekspert Mahmud Hacıyev "Bizim Yol"un bu barədə suallarını cavablandırıb

Azərbaycanda odlu silahla törədilən cinayətlərin sayı artır. Ailə-məişət zəminində törədilən cinayətlərdə daha çox tüfənglərdən və tapançalardan istifadə olunur. Bu silahlar necə əldə olunur? "Qara bazarda" silah satışı varmı? Silahı hardan və necə almaq olar? Hansı silahların satışına icazə verilir? Silah satışına nəzarət necə həyata keçirilir? Bu və başqa suallarımızla ekspertə və dövlət qurumlarına müraciət etdik.

Keçmiş polis polkovniki Mahmud Hacıyev bildirir ki, Azərbaycanda hərbi və mühafizə xidmətində istifadə olunan silahların satışına icazə yoxdur: "Ancaq ov üçün silahların satışına icazə var. Son zamanlar rayonlardan xəbərim yoxdur, ancaq Bakıda silah satan dükanlar var. Xaricdən gətirilən və hədiyyə olunan silahlar da hüquq-mühafizə orqanlarında qeydiyyatdan keçməlidir. Bəzi silahlar qeydiyyata salınmır, çünki onların satışına icazə verilmir. İcazə verilən silahın satışına Daxili İşlər Nazirliyi qadağa qoya bilməz".

Ekspert bildirir ki, qanunla hər adama silah satıla bilməz: "Silah alanın şəxsiyyəti ilə maraqlandıqdan sonra ona silahı satılmalıdır. Məsələn, silah alan şəxs ruhi xəstədirsə, ona silah satmaq olmaz. Bu şəxs odlu silahdan istifadə edə bilməz. Silah satışı, silahdan istifadə ilə bağlı qanunda boşluqlar yoxdur".

Mahmud Hacıyev deyir ki, hüquqi-demokratik dövlətlərdə odlu silah və ov silahını fərq qoymadan satırlar. ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrdə odlu silahların satışına icazə verilir. Mən də təklif etdim ki, bizim də ölkədə icazə verilsin. Cavab verdilər ki, odlu silahın satışına icazə verilərsə, ölkədə kriminogen durumu nəzarət altında saxlamaq çətinləşər. Bu bəhanədir. Hüquq-mühafizə orqanlarının Azərbaycanda kriminogen durumu nəzarət altında saxlaması üçün kifayət qədər imkanları var. Əgər silahın alışı və satışı prosesləri qanunauyğun aparılırsa, qeydiyyat, hesabat dəqiq qeyd olunursa, cinayətkarlığın artımı mümkünsüzdür. Dəqiqlik lazımdır. Məsələn, ABŞ-da silah alanın barmaq izləri götürülür, şəxsiyyəti müəyyən olunur, onun haqqında kart açılır, ballistik ekspertizadan keçirilir. Bu da cinayət hadisəsindən istifadə olunmuş silahın kimə məxsus olmasını müəyyənləşdirir.

Ümumiyyətlə, cinayət törətmək istəyən şəxs istədiyi vaxt odlu silahı əldə edə bilir. Belə faktlar Azərbaycan reallığında da var. Deyirlər ki, ölkədə odlu silah yığışdırılır. Amma odlu silah gəzdirənlər bu gün də var. Azərbaycan əhalisində odlu silaha meyillilik var. Hər kəs istəyir evində olsun. Sovet dövründə azərbaycanlıların evində silah var idi. Sovet hakimiyyəti süqut etmək mərhələsində yığışdırdılar. Bu doğru addım deyildi. Nəticədə ermənilərə qarşı mübarizədə qeyri-bərabərlik yarandı".
Ekspert bildirir ki, Azərbaycanda pnevmatik tapançaların satışına rəsmi qadağa qoyulub.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) də münasibətini öyrəndik: "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 12-ci və 13-cü yarımbəndlərinə əsasən pnevmatik silah ov və idman silahı kateqoriyasına daxil edilir. Prezidentin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması qaydaları"nın 4.4-cü yarımbəndinə əsasən vətəndaşlar ov və idman silahını müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər.

Son zamanlar respublikanın şəhər və rayonlarında yerləşən orta məktəblərdə aşkar olunmuş, ötən dövrlərdən qalmış, təlim üçün nəzərdə tutulmuş silah-sursatlardan top mərmisinin, tank əleyhinə "TM-62" və "MVC-62" markalı minaların, təlim və döyüş qumbarası alışdırıcılarının döyüşə tam yararlı olması müəyyən edilərək mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Təsadüfi xoşbəxtlik nəticəsində hər hansı bir faciəvi hadisə baş verməyib.

Döyüşə yararlı silah və sursat qulluq vəzifəsinin, döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır".

"Ümumtəhsil məktəblərindən döyüşə yararlı hesab olunan nə qədər və hansı növ silah-sursat var? Hərbi-hazırlıq dəsrlərində hansı silah növündən istifadə olunur?" Bu suallarla Təhsil Nazirliyinə müraciət etdik. Bu qurumdan bizə bildirdilər ki, məktəblərdə tədris zamanı döyüşə yararlı silahlardan istifadə olunmur.