Yas mərasimlərinə aid qadağa yoxsa tövsiyə? - FOTO Day.Az представляет статью на азербайджанском языке.

Təzəpir məscidindən REPORTAJ.

Sentyabrın 1-dən etibarən bütün ölkədə yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılmasına yol verilmir, bu məsələyə ciddi nəzarət edilir.

Bir çox hallarda polis, icra nümayəndəlikləri, bələdiyyələr də məsələyə müdaxilə edir. Vətəndaşlara hətta zor tətbiq edilməsi, ehsan süfrələrinin zorla yığışdırılması halları da baş verir.

Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və hökuməti təmsil edən bir neçə məmurlar isə belə bir qadağanın olmadığını deyirlər. Onlar bildirir ki, bu məsələdə heç bir qadağadan söhbət gedə bilməz, bununla bağlı yalnız tövsiyə xarakterli xəbərdarlıq ola bilər.

Hazırda Bakıda və regionlarda yas mərasimlərində ehsan verilməsi birmənalı şəkildə qadağan edilib. Yerli icra hakimiyyətləri bu qadağaları fərqli şəkildə tətbiq edirlər.

Bəziləri yas yerinə gələrək orada olan yeməkləri aparırlar, bəziləri isə öncədən yemək hazırlanmasının qarşısını alırlar. Bəzi yerlərdə halvaya icazə verilir, bəzilərində isə yox. Ümumilikdə bu "tövsiyə"ni tətbiqi yaman baş ağrıdır. Çünki hər rayonun İcra Hakimiyyəti özü istədiyi kimi qərar verir. Bu da haqlı narazılıqlara səbəb olur.

Bu qadağalar, əsasən, yas çadırlarında sərt şəkildə tətbiq edilir. Məhəllələrdə, yollarda, küçələrdə qurulan çadırlarda ehsan verilməsinin qarşısı müxtəlif metodlarla alınır. Mərasim zalları isə hələlik bu qadağalardan öz payını almayıb. Bunlardan biri də Təzəpir məscididir.

Adıçəkilən məscidin mərasim zalında olduq. İçəri girərkən artıq müxtəlif yeməklərin qoxusu kəskin şəkildə hiss olunurdu. İkinci mərtəbəyə qalxdığımızda mərasim zalındakı masaların üzərindəki nemətləri gördük. Çünki heç bir dəyişiklik yox idi. Ya bu tövsiyə xəbəri bura gəlib çatmamışdı, ya da tövsiyə bunlara aid deyildi.

Masaların üzərində halva, üzüm, müxtəlif növ meyvələr, müxtəlif növ ləpələr, şirniyyatlar, sular var idi. Yeməkxanada plov bişirilirdi. Şəkil çəkdiyimiz zaman çalışanlardan bir neçəsi bizə yaxınlaşaraq foto çəkməyimizə mane oldular. Və bizi zaldan çıxararaq qapını bağladılar. Bir müddət sonra mərasim zalının administratoru bizə yaxınlaşdı.

Təzəpir məscidinin administratoru Mahir Məmmədov musavat.com-a açıqlamasında bildirdi ki, bu tövsiyədən xəbərdardırlar: "Adət və ənənə var. Yas sahibi halva verməlidir. Bu illərdir belədir. Qanundan bizim də xəbərimiz var. Amma bu tövsiyə xarakteri daşıyır. Biz bunu indi yox, 2009-cu ildən tövsiyə edirik. Hər zaman yas sahibinə deyirik ki, israfçılıq etməsin. Amma zorla buna mane ola bilmərik. Yas sahibləri deyirlər ki, uzaqdan qonaqları gələcək, onları öz evlərində qarşılamaq üçün şəraitləri yoxdur. Onlara yemək verilməlidir. Əgər biz razı olmasaq, restoranda yas keçirdəcəklər. Bu daha çox israf olacaq".

- Bu tövsiyə xarakteri daşısa da, bir çox yerlərdə, əsasən də rayonlarda tövsiyə etmirlər. Əksinə, zorla yeməkləri götürüb aparırlar. Öncədən mane olurlar. Bəs sizə bu haqda bir söz deyən olubmu?

- Xeyr. Bizə bir söz deyən olmayıb. Kiminsə yas mərasiminə qarışmağa ixtiyarı yoxdur. Bunu ancaq yas sahibi edə bilər. Hər şey yas sahibindən asılıdır. Kimsə onu nəyəsə məcbur edə bilməz.

Çox maraqlıdır. Rayon icra hakimiyyətləri və yerli polis bütün yas mərasimlərinə ciddi nəzarət edir. İcra hakimiyyətlərinin nümayəndələri yas mərasimləri olan evlərə əvvəlcədən baş çəkərək qoyulan qadağa ilə bağlı xəbərdarlıq edirlər. Daha sonra polis əməkdaşları mərasimlərə gələrək qadağalara əməl edilib-edilmədiyinə nəzarət edir. İcra nümayəndələri mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tapşırıqların dövlət tərəfindən qoyulduğunu bildirərək hər kəsin bu qadağalara qeyd-şərtsiz əməl etməli olduğunu bildirir. Bəzən də zor tətbiq edirlər. Amma bu Bakı üçün keçərli deyil. Görünən budur ki, bu "tövsiyə" rayonlar və kəndlər üçün nəzərdə tutulub.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin: