Sumqayıtda veloyürüş və at yarışı keçirildi - FOTO Day.Az представляет новость на азербайджанском языке.

 

Bu il Sumqayıtın yaranmasının 65 illiyi tamam olur və bu münasibətlə şəhər günü tədbirləri yüksək əhval-ruhiyə ilə təntənəli şəkildə qeyd olunur. 22 sentyabr 2014-cü ildə Sumqayıtda veloyürüş və at yarışı keçirildi. Bununla bağlı Heydər Əliyev abidəsinin qarşısında geniş açılış mərasimi təşkil olunmuşdu. Tədbir karateçilərdən ibarət idmançı dəstələr döyüş səhnələri ilə zəngin olan nümunəvi çıxışlar etdilər. Çoxlu sayda Sumqayıt velosipedçilərinin iştirak etdiyi yarışda böyüklərlə yanaşı, kiçik yaşda uşaqlardan ibarət velosipedçilərin də yarışı keçirildi. Velosipedçilərdən sonra atçıların yarışına start verildi. Sonda qalib gələn iştirakçıların mükafatlandırma mərasimi keçirildi. Sumqayıtda veloyürüş və at yarışının keçirilməsi tədbiri izləyən minlərlə sakininin böyük marağına səbəb oldu. Qeyd edək ki, şəhərin 65-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq sentyabrın 23-də Sumayıtda möhtəşəm şəhər günü tədbirləri keçiriləcək. Sumqayıtın "Şəhər günü" bayram tədbirləri qədim Corat kəndindən başlayacaq. Burada qədim Corat qalasının yanında yaradılmış bazar meydanında şəhər gününə həsr olunmuş döyüş effektləri ilə dolu olan möhtəşəm səhnələşdirilmiş meydan tamaşası təqdim olunacaq. Bayram tədbirləri Corat qəsəbəsindən sonra Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdiriləcəkdir. Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, rayonlardan gələn kollektivərin, retro maşınların, müxtəlif nağıl personajlarının, Rusiyanın Sankt-Peterburq şəhərinin "Barabançı qızlar"ının nümunəvi çıxışları, həmçinin helikopterlərin möhtəşəm avia şousu olacaq. Bütöv bir günü əhatə edən "Şəhər günü" bayramı axşam saatlarında Azərbaycanın tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.

Böyütmək üçün şəkillərə klikləyin: