Bakının qorxulu kabusu qayıdır: ehtiyatlı olun Day.Az представляет новость на азербайджанском языке.

"Sakit ölüm" hiss edilmədən gəlir.

Havaların soyuması ilə dəm qazı kabusu yenidən aktuallaşıb. Heç kəs bu təhlükədən sığortalanmayıb. Hamımız qazdan zəhərlənə, boğula, həyatımızı itirə bilərik.

Ekspert Nüsrət Qasımov hesab edir ki, dəm qazından zəhərlənmə və boğulma hallarının böyük əksəriyyəti əhalinin etinasızlığı səbəbindən baş verir. İnsanın həyat fəaliyyətinin davam etməsi üçün havada 21 faiz oksigen olmalıdır. Dəm qazı yığılaraq bu oksigeni sıxışdırır və bu zaman boğulma əmələ gəlir, bundan sonra insan dünyasını dəyişir. Dəm qazı 7 dəqiqədən 30 dəqiqəyədək müddətdə insanı zəhərləyir. Tənəffüs zamanı qaz udulduqda qan bədən üzvlərinə və hüceyrələrə oksigen daşımaq qabiliyyətini itirir.

N.Qasımovun sözlərinə görə, karbonmonooksid müxtəlif səbəblərdən yarana bilər. Belə ki, evlərin tüstü bacaları vaxtlı-vaxtında təmizlənmədikdə, gecələr qaz açıq qaldığı zaman, havatəmizləyicilərdə qazın çıxmasına nasazlıqlar olanda dəm qazı yaranır. İnsan bu qazla nəfəs almaq məcburiyyətində qalır və zəhərlənmə baş verir.

Müsahibimiz dəm qazını sakit ölüm adlandırır. Dediyinə görə, bu ölümün gəldiyini insan hiss etməz. Dəm qazından qorunmaq üçün dördgözlü sobalar olan otaqda uzun müddət yatmaq, istirahət etmək, oturmaq olmaz. Bununla yanaşı hər il payızda tüstü bacaları təmizlənməlidir. Bu, əsasən kənd evlərinə aiddir.

Qasımov dəm qazından boğulma hallarının çox zaman vanna otaqlarında baş verdiyini deyir: "Vanna otaqlarının qapısının altında 0,02 diametr ölçüsündə deşiklər olmalıdır ki, hava daxil olsun. Bir kubmetr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon 4 oksid əvəzinə karbon 2 oksid hasil edir. Buna görə də cihazlara xüsusi diqqət yetirmək lazımdır. Xaricdə istehsal olunan cihazlar çox zaman bizim qaz təzyiqinə uyğun gəlmir. Bu da müəyyən nasazlıqlara və dəm qazının yaranmasına səbəb olur".

Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.

Araşdırmalar göstərir ki, əhali qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etmir. Özləri bilə-bilə ölümə addımlayırlar.

Dəm qazından zəhərlənmə yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidməti (DYNX) qaz təsərrüfatında təhlükəsizlik qaydalarını təbliğ edən plakatlar nəşr etdirib. DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Hikmət Xudiyevin APA-ya verdiyi məlumata görə, istehlakçılar tərəfindən qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilmədiyindən partlayış, yanğın, zəhərlənmə kimi hadisələr insan itkisi, bədən xəsarəti və külli miqdarda maddi ziyanla nəticələnir: "Standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə olunur, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması və təhlükəsizlik qaydalarına zidd olan digər hallara yol verilir. Bütün bunları nəzərə alaraq qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların nəzərinə çatdırmaq məqsədi ilə FHN DYNX buklet və 9 adda plakat nəşr etdirib".

Əhalinin maarifləndirilməsi məqsədilə kütləvi və nəfis şəkildə nəşr olunmuş buklet və plakatlar FHN DYNX-nin Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında keçirəcəyi yanğına qarşı təbliğat xarakterli tədbirlər üçün nəzərdə tutulub.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, dəm qazı iysiz, rəngsiz olduğu üçün hiss edilmir, bağlı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır. "Dəm qazından zəhərlənmə zamanı gözlər yaşarır, başağrısı, baş gicəllənməsi müşahidə edilir. Zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusunasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir".

Həkim bildirir ki, dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Dəm qazı ilə zəhərlənmə zamanı xəstəni dərhal təmiz havaya çıxarmalı, onu kürəyi üstə uzadıb yaxalığını açmaq lazımdır. "Zərərçəkmişin alnına və sinəsinə soyuq kompres qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin. Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə nəfəs almaq bəs edir. Zəhərlənən şəxs huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar. Qazla zəhərlənnmiş şəxs nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək massajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili yardım çağırılmalıdır. Xəstə 24 saat həkim nəzarətində saxlanılmalıdır".

Ekspress.az