Yeni qaydalar şadlıq saraylarına "toy tutacaq" Day.Az представляет новость на азербайджанском языке.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəbdəbəli toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı müraciətinin ardından İqtisadiyyat və Sənaye Nazirliyi də vətəndaşları şadlıq sarayları ilə münasibətdə öz hüquq və vəzifələrini qorumağa çağırıb.

Nazilikdən yayılan məlumatda bildirilir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları vardır.

Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir. Həmçinin şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün aşağıda qeyd olunanlara diqqət yetirmələri tövsiyə olunur:

- Məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunmasına;

- Qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil edilməsinə;

- Məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına;

- Məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılmasına;

- Göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına.

Bu tələblərə əməl olunarsa, təşkil etdiyiniz məclis əsl şənlik əhval-ruhiyyəsi yaradacaq, uzun müddət xoş təəssüratla xatırlanacaqdır. Məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Qeyd edək ki, "Yeni Müsavat" qəzeti təxminən iki ay öncə bu mövzunu manşetə çıxararaq, yas mərasimlərindən sonra toy mərasimlərində də israfçılığın aradan qaldırılması ilə bağlı çağırış etmiş, vətəndaşları toy mafiyasının əlindən qurtarmağın yollarını göstərmişdi. Görünən odur ki, artıq bu deyilənlər gerçəkləşmək üzrədir.

"Bir nəfərə 100 manatlıq qonaqlıq"

Şadlıq sarayları ilə bağlı məsələnin gündəmdə olduğu bir vaxtda "Yeni Müsavat" bu tipli ictimai iaşə obyektlərində vətəndaşların hansı hüquqlarının pozulduğunu araşdırıb.

Şadlıq saraylarında təqdim olunan menyunu və qiymətləri öyrənmək məqsədilə Bakıda yerləşən məşhur şadlıq saraylarına baş çəkdik. İlk üz tutduğumuz "Oazis" restoranında qiymətlər 35 manatdan başlayır və 55 manata qədər yüksəlir. Təqdim olunan menyuda isə 80 növ yemək, içki və sair qida məhsulları yer alır.

"Golden Ring" şadlıq sarayında vəziyyət bundan fərqli olmasa da qiymətlər daha yüksəkdir. Burada bir nəfərlik menyunun qiyməti 35-80 manat arasında dəyişir.

"Yaxt-klub" restoranında isə göstərilən xidmətdən asılı olaraq menyu 90-110 manatdan başlayır. Burada şadlıq məclisi gəmidə təşkil olunur. Menyu isə digər şadlıq saraylarından o qədər də fərqlənmir.

"Hollywood" şadlıq sarayında bir nəfərlik yerin qiyməti isə "Hollywood"dakı restoranları da geridə qoyub. Menyuda qeyri-adi heç bir yemək olmasa da qiymətlər 120-150 manat arasında dəyişir.

"Su səsi" restoranında da vəziyyət bundan fərqli deyil. Qiyməti 55-100 manat arasında dəyişən menyularda əsas fərq təqdim olunan içkilərin keyfiyyətindən və markasından asılıdır.

Söhbət əsnasında məlum oldu ki, adlarını qeyd etdiyimiz şadlıq saraylarının heç biri müştəri ilə müqavilə bağlamır. Minlərlə manat pul şifahi danışıq əsasında ödənilir və heç bir ödəniş qəbzi və ya çek verilmir. Bundan əlavə, şadlıq saraylarının adminstratorları bildirdilər ki, müştərinin menyuda istənilən dəyişikliyi etmək, yeməkləri menyudan çıxarmaq və əlavə etmək haqqı var.

Bəs görəsən, toy mövsümünün vüsət aldığı bu aylarda xoş günlərini qeyd etmək istəyən insanların hansı hüquqları pozulur. Necə olur ki, bir insan toyda oturduğu 5-6 saat ərzində 100 manatlıq ərzaq məhsullarını yeyə bilər?

"Sifarişçi ilə şadlıq sarayı arasında müqavilə bağlanmalıdır"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, istehlakçıların hüquqlarını qorumaq üçün dəfələrlə şadlıq evləri ilə məhkəmə mübahisələri olub, ancaq çox zaman bunu lazımınca həyata keçirməyə nail olmamışıq: "Bunun əsas səbəbi ondan ibarətdir ki, şadlıq evləri ilə sifarişçilər ilə arasında bir qayda olaraq heç bir müqavilə bağlanmır. Kimin üzərinə hansı öhdəliklər düşür, kimin vəzifələri nədir- bunlar yazılı şəkildə müəyyənləşdirilmir. Ona görə də, məhkəmə iddiaları qaldıran zaman heç bir nəticə əldə etmək olmur. Minlərlə manat pul ödənilir, ancaq heç bir müqavilə, yazılı öhdəlik yoxdur. Öhdəlik olmayan yerdə isə hər zaman qanun pozuntusu və narazılıq olur. Digər tərəfdən sifarişçilərin ödədikləri pul müqabilində onlara heç bir rəsmi sənəd, qəbz verilmir. Bütün bunlar isə vergi orqanlarının gözü qarşısında baş verir. Ən böyük problemlərdən biri budur".

Şadlıq saraylarında verilən yeməklərin keyfiyyətinə gəlincə, ekspert bildirdi ki, hazırda elə bir vəziyyət yaranıb ki, istehlakçıların heç bir hüququ yoxdur ki, gedib mətbəxdə yeməklərin keyfiyyətinə nəzarət eləsin: "Digər tərəfdən istehlakçı ekspert deyil, qidanın keyfiyyətini tam təyin edə bilmir. Qanunlar isə yol vermir ki, hansısa dövlət orqanının nümayəndəsi iş vaxtından sonra, toy gedən zaman şadlıq sarayına daxil olub monitorinq aparsın. Heç bir dövlət orqanının buna icazəsi yoxdur və hər hansı məmur bunu edərsə, onu 5000 manata qədər cərimə gözləyir. Qanun istehlakçının yox, biznesmenin tərəfindədir. Şadlıq sarayları istehlakçının seçim hüququnu pozulur, yeməklərin hansı ardıcıllıqla gəlməsini sifarişçi deyil, restoran rəhbərliyi müəyyənləşdirir".

"Mağar toylarına qayıtmağın vaxtıdır"


Menyuların qiymətlərinin həddindən artıq şişirdilmiş rəqəmlərlə ifadə olunduğunu deyən Eyyub Hüseynov bu məsələnin dövlətin nəzarətinə götürülməsinin vacibliyini vurğuladı: "Bu məsələnin tənzimlənməsindən ən böyük problemlərdən biri odur ki, tələb təklifi üstələyir. Sifarişçilər bir neçə ay öncədən şadlıq saraylarında növbəyə düzülür və restoran rəhbərlikləri öz şərtlərini diqtə edirlər. Mən təklif edirəm ki, vətəndaşları mağar toylarına keçsinlər və restoranları baykot eləsinlər".

"Yeni Müsavat"