Siqaretin qiyməti niyə qalxır? Day.Az представляет новость на азербайджанском языке.

Dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2030-cu ilə qədər ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır. Təşkilat hesablayıb ki, 2030-cu ilə qədər hər il bu rəqəm dünyada 10 milyon nəfərə çatacaq. Tütündən istifadənin getdikcə artmasına, dünya səviyyəsində insan sağlamlığının təhlükəli həddə çatmasına və tütün şirkətlərinin bazar yaratma strategiyalarına qarşı ÜST-nin 56-cı Ümumdünya Səhiyyə Assambleyasında 21 may 2003-cü il tarixdə bu mövzuda ilk millətlərarası razılaşma xüsusiyyətlərini daşıyan "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyası imzalanıb. Azərbaycan 2005-ci ilin 01 noyabr tarixində sənədi ratifikasiya edib. 2011-ci ildə isə ölkədə tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi hazırlanıb. Bütün bunlara baxmayaraq, hələ də ölkəmiz tütün istehlakına görə öncül yerlərdədir. Və hələ də siqaretin bahalaşması xəbəri istifadəçisi olan insanlarda narahatlıq yaradır.

Bu günlərdə mediada siqaretin qiymətinin artacağı haqqında yayılan xəbərlər ictimaiyyətdə ciddi rezonans doğurub.

Qeyd edək ki, bu barədə "European Tobacco Baku" ASC (ETB) tütün şirkətinin İdarə Heyətinin sədri Rüfət Quliyev açıqlama vermişdi. O, bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib ki, Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz, Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir. R.Quliyevin sözlərinə görə, bütün dünyada siqaret çəkmə ilə mübarizə üzrə görülən tədbirlər nəzərə alınmaqla tütün məmulatlarının qiymətinin artması tendensiyası müşahidə olunur: "Bunların sırasında aksizlərin payının, vergi dərəcələrinin artırılması, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul edilməsi var. Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə qarşılaşacaq".

Şirkət rəhbərinin fikrincə, idxalçı ölkələr arasında siqaretin qiymətinin artması Azərbaycanda xüsusi narahatlıq doğurmamalıdır: "Məsələ burasındadır ki, hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, halbuki "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. İndiki halda söhbət brendlərdən gedir. Əhalinin rifahı artdığına görə Azərbaycanda daha bahalı siqaret markalarına üstünlük verilir. Lakin hesab edirəm ki, bu, idxal qiymətlərinə təsir etməməlidir, çünki aksiz payının artması adətən daxili bazarda qiymətlərə təsir edir".

O bildirib ki, siqaretin qiymətinin artması da xammalın bahalaşması ilə əlaqədar ola bilər: "Avropada tütün əkmək qadağan edilib və tütünçülük daha çox Latın Amerikası və Afrika ölkələrində yayılır. Xammal bahalaşır, onun tədarükünə çəkilən xərclər də artır. Nəticədə istehsalçılar da məhsulun qiymətini artırmaq məcburiyyətində qalırlar".

"European Tobacco" ildə 2 milyard siqaret istehsal edir ki, bu da hazırda bazarın 25-27 faizini təmin etməyə imkan verir. Bununla belə, zavod 3 dəfə daha çox istehsal etmək gücündədir.

Qeyd edək ki, cari il başlayandan siqaretin qiymətində 10-40 qəpik arasında artım müşahidə edilib. Belə ki, məsələn, ilin əvvəlində 1,6 manata satılan, o qədər də bahalı hesab edilməyən "Sobiraniya" siqareti artıq 2 manata satılır. Hazırda Azərbaycanda siqaret çəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi (qeyd edək ki, ölkədə kişilərin sayı 4,5 milyon civarındadır. Bu isə o deməkdir ki, siqaret çəkənlər 2 milyondan çoxdur-red.) gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində ən azı 1-2 qutu siqaret çəkir. Bu isə kifayət qədər böyük rəqəmdir. Bəs siqaretin bahalaşması hansı nəticələrə səbəb olacaq? Qiymət artımı siqaret aludəçilərinin gündəlik xərclərini artıracaq, yoxsa onları bu zərərli vərdişdən çəkindirməyə xidmət edəcək?

Hesablamalar göstərir ki, siqaret çəkən şəxs orta hesabla bir il ərzində siqaretə 600 manat xərcləyir. Bu, o deməkdir ki, hər 10 qəpiklik bahalaşma bir insan üçün əlavə 60 manat xərcdir. Nəzərə alsaq ki, bu il ərzində hətta 40 qəpik bahalaşan siqaretlər olub, o zaman bu artımın daha çox olduğu aydınlaşır.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Vüqar Bayramov siqaretin bahalaşması üçün iqtisadi zəmin görmədiyini deyib: "Dünya bazarında hazırda siqaretin qiymətinin artması müşahidə edilmir. Nəzərə alsaq ki, neftin ucuzlaşması ilə bağlı sənaye məhsullarının istehsalında xərclərin azalması müşahidə edilir. Bu baxımdan biz dünya bazarında siqaret də daxil olmaqla, sənaye məhsullarının ucuzlaşmasını müşahidə edirik.

Bunun əksinə olaraq, Azərbaycanda siqaretin qiymətinin artacağı gözlənilir. Siqaret məcburi istehlak olunan məhsullar qrupuna daxil olduğu üçün, bu faktordan istifadə edib tez-tez siqaretin qiymətini artırırlar. Bu da nəticədə siqaret aludəçilərinin gündəlik xərclərinin artmasına gətirib çıxarır".

İqtisadçı onu da qeyd edib ki, Azərbaycanda siqaretə tətbiq olunan aksiz vergisi, dünya bazarı ilə müqayisədə daha azdır: "Azərbaycanda siqaret istehsalına 12,5 faiz aksiz vergisi tətbiq olunursa, Avropa ölkələrində bu, 50-60 faizə qədər yüksəlir. Verginin aşağı olmasına baxmayaraq, Azərbaycanda zaman-zaman siqaretin qiyməti qaldırılır. Dünya bazarında siqaretin qiyməti dəyişməyib, eləcə də siqaret istehsalında xərclərdə heç bir dəyişiklik olmayıb. Deməli, siqaretin bahalaşması üçün iqtisadi zəmin yoxdur. Bu tendensiya birmənalı şəkildə siqaret istehsal edən və ya idxalı ilə məşğul olan şirkətlərin gəlirlərinin artmasına hesablanıb".

Maraqlıdır ki, siqaretin qiymətinin artmasını müsbət dəyərləndirənlər də var. Psixoloq Azad İsazadə yerli mətbuata açıqlamasında bildirib ki, bu, zərərli məhsuldan istifadəni azaldacaq: "Ümumiyyətlə, Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə xeyli ucuzdur. Qiymətin ucuz olması da siqaret çəkənlərin sayının artmasına gətirib çıxarır. Aldadıcı fikirdir ki, siqaret çəkmək insanı sakitləşdirir. Bu, sadəcə bir məşğuliyyətdir və insanın fikrini əsas məsələdən yayındırır. Reallıqda isə nikotinin heç bir sakitləşdirici təsiri yoxdur. Qiymətin qalxması ilə siqaret çəkənlərin sayı azalacaq, aludəçilər çəkdikləri siqaretin sayını azaldacaqlar".

Kaspi.az