Bakıda bacısının başını kəsən qızın oxuduğu kollecdən REPORTAJ - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Asəf Zeynallı adına musiqi kollecinin müəllim və tələb heyəti burada təhsil alan Pərvanə Nuriyevanın öz doğma bacısını qəddarlıqla qətlə yetirməsi hadisəsindən şoka düşüb.

APA TV-yə açıqlama verən kollecin direktor müavini Gülzar Hətəmzadə tələbəsi Pərvanə Nuriyevanın qətl törədə biləcəyinə inanmır: "Bu hadisə bizi çox sarsıtdı. Bu uşaq bizdə 3 ildir təhsil alır. O qızın hərəkətlərində heç bir qəribəlik görməmişik. Bu, ailə münaqişəsi ola bilər. Hələ istintaq gedir, istintaq bitməmiş min cür şayiə yayırlar. Zərif incə uşaqdır, 19 yaşı var. Necə ola bilər ki, Pərvanə bu cür qəddarlıqla qətl törətsin?"

Asəf Zeynallı adına musiqi kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini Gülzar Hətəmzadə hesab edir ki, hadisənin kökündə ailə münaqişəsi dayanır: "Necə təsəvvür edirsiniz, o, fiziki cəhətdən zəif uşaqdır və birdən-birə bacısını qaldırdı, çarpayıya uzatdı, əl-ayağını bağladı, başını kəsdi? Düzdür, özünə qapanmış uşaq idi. Amma çox təmkinli və sakit qız idi. Müəllimləri ilə də söhbət etmişik. Heç bir qəribəlik, qeyri-adi hərəkət görməmişik. Fitri istedada malik deyildi, amma normal tələbə idi. Bacısı haqqında da çox müsbət danışırdılar. Valideynləri də uşaqlarla həmişə maraqlanırdı. Onları heç vaxt nəzarətsiz buraxmayıblar".

Direktor müavini öz tələbəsinin belə hadisə törədə biləcəyinə inanmadığını deyir: "İnanmıram ki, o tələbə belə hadisə törədə bilsin. Onun fiziki durumu, enerjisi buna imkan verməz. Mənə bir az qəribə gəlir. Bilirdim ki, böyük bacısı ona qayğı göstərirdi, onu hər dəfə özü ilə konsertlərə aparırdı. Mən maraqlandım, dedilər bacılar arasında çox gözəl münasibətlər olub. Yəni həmfikir idilər, həm də musiqi təhsili alırdılar. Eyni istiqamət, eyni profil üzrə təhsil alan tələbələr idi. Musiqi şöbəsində təhsil alan tələbələr hamısı bir-birini tanıyırlar. Bu, bir günə baş verən iş deyil. Gərək o qəddarlıq hissi insanın qəlbində aylarla toplansın. İnsan bir saniyənin içərisində insan belə alovlanıb hərəkət edə bilməz".

Bacısı tərəfindən qəddarlıqla qətlə yetirilən Günel Nuriyevanın tələbə yoldaşı Səbinə Orucova da mərhumun çox müsbət xarakterli insan olduğunu deyib: "Günellə Bakı Musiqi Akademiyasında bir yerdə oxumuşuq. Düzdür, yaxın münasibətimiz olmayıb, amma mühazirələrdə bir yerdə olmuşuq. Çox sadə, çox yaxşı qız idi. Hadisəni eşidəndə hamımıza pis təsir elədi. Gözləmirdik. İnternetdə oxuyuruq ki, biznesmen qızıdır. Amma heç hiss etdirmirdi. Ağıllı qız idi, bizimlə münasibətdə də aramızda məsafə olub. Hətta qrup yoldaşlarına siz deyə müraciət edirdi. Həmişə ailələrindən yaxşı şeylər danışırdı. Deyirdi ki, bir-birimizə çox bağlıyıq".

Səbinə Orucovanın fikrincə, qətl psixoloji problemlərdən qaynaqlana bilər: "Bacısı ilə yaxın münasibətdə olmamışam. Hər şey ola bilər, amma nə bilim. Psixoloji problemləri ola bilər, amma onu burada görməmişəm. Psixi problemləri olsaydı, bilərdik. Elə şey hiss olunanda məktəbdə hamı bilir".

Нажмите на видео для просмотра:

фото