"Azərbaycanın adını Avropada birinci etdiyim üçün çox məmnunam" Day.Az представляет новость на азербайджанском языке.

Bern şəhərində təsadüfi rast gəldiyim və gördüyü işlərə hörmət etdiyim Jalə xanımdan elə həmin saat müsahibə aldım. Sən demə, Jalə Orucova Bernə bir günlük gəlibmiş, bu bir qismət dedim və 1 saat vaxtını alacağımı söylədim. Onu çox insan, bəlkə də tanımır, amma gördüyü işlər gənclərə tanışdır.

Milli.Az modern.az-a istinadən Azərbaycan Respublikasının ilk ensiklopedik saytının yaradıcısı və bu il "Avropanın Ən Gənc Ensiklopediyaçısı" adını qazanmış Jalə Orucovanın müsahibəsini sizə təqdim edir:

- Jalə xanım, yaratdığınız Azens.az saytı olduqca genişdir, bu məlumatları tək hazırlamısınız?

- Avropada azərbaycanlı görəndə çox sevinirəm. Artıq istənilən ölkədə yetərincə azərbaycanlıya rast gəlmək mümkündür. Saytımıza gəlincə, bir sıra məqalələri xaricdə təhsil alan gənclər tərcümə edirlər. Ümumi götürsək, saytdakı yazıların 80%-i mənim tərcüməmdir.

- Avropanın bir sıra şəhərlərində olmusuz, heç vaxt unuda bilmədiyiniz an nə olub?

- Yaşımın çox olmasına baxmayaraq, qarşımdakına anladacaq başıma gələn bir çox əhvalatlar olub. Söhbət Avropadan gedirsə, ən son məzəli əhvalatı danışmaq istərdim. Bir neçə gün bundan əvvəl mən yaxın rəfiqəmin yanında - Bazel şəhərində idim. Planlaşdırdıq, sabahı günü Fransanın Strasburq şəhərinə getməli idik. Qonşumuz olan əcnəbi tələbə bizə maşın servisindən istifadə etməmizi məsləhət gördü. İsveçrədə belə bir servis mövcuddur. Məsələn, tutaq ki, mən sabah öz avtomobilimlə Gəncəyə getməliyəm və avtomobilim boşdur. Avtomobilimi xüsusi servisə qoyuram, əgər həmin saat kimsə Gəncəyə getmək istəyirsə, mənimlə əlaqə saxlayır. Bundan mən həm pul qazanıram, həm də yol boyu həmsöhbətim olur. Bu sistem bizdə hələ ki mövcud deyil.

Avtomobil evin qarşısına gəlməli idi, biz isə azərbaycansayağı düşünərək, sadə və köhnə bir maşın gözləyirdik. Qarşımızdan ağ "Maserati" keçdi, amma hər ikimiz buna önəm vermədik. Avtomobil bizə tərəf dönərkən, bu avtomobilin servis olduğunu anladıq. Avtomobilin sürücüsü bizdən daha sadə görünən bir gənc oğlan idi, Strasburqa iş görüşünə gedirdi. Bizimlə yol boyunca həmsöhbət oldu, qəhvə içdi, hətta yüklərimizi yerbəyer etməyə belə, kömək etdi. Məncə, çox insana aydın oldu, mən bununla nə demək istəyirəm.

- Daim xaricdə təhsil alan gənclərlə təmasdasız, ətrafınız olduqca genişdir, gələcək həyat yoldaşınızı necə görürsüz? Əsas üstünlüyü nəyə verirsiz?

- Özünü rahat aparan kişiləri sevirəm, istər ünsiyyətdə, istər fikrini bidirməkdə. Çox gizli kişilər, özlərinə qapalılar mənim xarakterimə uyğun deyil. Yumor hissinə çox üstünlük verirəm, onunla saatlarla danışmağa mövzum olsun. Diqqətli, ciddi və ən əsası işgüzar kişiləri sevirəm. Kişinin qadınına verdiyi dəyər ona ayırdığı zamanla bilinir.

- İdmanla ciddi məşğul olduğunuz bilinir, amma deyəsən, sonadək davam etmədiz?

- Bədii gimnastika ilə məşğul olmuşam, amma təhsillə əlaqədar davam etdirə bilmədim. Çünki bir yolu seçməli idim, mən isə təhsili seçdim. Azərbaycanda Mehriban xanım Əliyevanın dəstəyi ilə qimnastikaya xüsusi diqqət yetirilir. Bu sevindiricidir. Gimnastikadan ayrıldığıma təəssüflənmirəm, hər şeydə bir xeyir var. Gimnastikanın mənə verdiyi fiziki üstünlüklər var.

- "Avropanın Ən Gənc Ensiklopediyaçısı" adını qazandız, bu haqda nə deyə bilərsiz?

- Bu ad böyük məsuliyyət deməkdir, bu ada uyğun hərəkət etmək və daha böyük işlər görmək gərəkdir. Bu, tək mənim qalibiyyətim deyil, çünki bu işləri görməkdə mənə dövlətim dəstək olub. Azərbaycanın adını Avropada birinci etdiyim üçün çox məmnunam. Bir işdə uğur qazanmağın yeganə sirri var: gördüyünüz işə aşiq olmaq...