Min bir dərdin dərmanı: nardança Day.Az представляет новость на азербайджанском языке.

Min bir dərdin dərmanı olan nardan göyçaylılar bir çox məhsullar hazırlayırlar ki, bunlarsız milli mətbəximizi təsəvvür etmək mümkün deyil. Milli.Az El TV-yə istinadən xəbər verir ki, onlardan nar şirəsi və şərabı bütün dünyada məşhur olsa da, nardançanın adı və dadı çoxlarına bəlli deyil. Nardançanı hazırlamaq üçün Vələs və Gülövşə sortundan olan narların tam yetişən və şirəlisi seçilərək toplanır.

Həmin narlar dənələnir. Təmiz su ilə yuyulan dənələr 10-15 dəqiqə aşsüzəndə qalır. Nar dənələri ilə şəkər tozu qarışdırılır. 4 kiloqram nar dənəsinə turşməzə olması üçün 1, şirin olmaqdan ötrü 2 kiloqram şəkər tozu əlavə edilir. Əslində, nar dənələrinin şəkər tozu ilə qarışığı 1 saat müddətində qalmalıdır ki, narın suyu üzə çıxsın. Həmin qarışığa bir stəkan su da əlavə etmək olar. Lakin narın öz suyunda bişməsi nardançanı daha dadlı edir.

Ocağın üstündə yavaş-yavaş qarışdırılan nardança isinəndə 10-15 dəqiqə müddətinə oddan kənar saxlanılır ki, nar dənələri sağ qalsın. Sonra yenidən ocağa qoyulub qarışdırıla-qarışdırıla bişirilir. Bığır kənd sakini Zülfiyə Məmmədova deyir ki, nardançanın nə olduğunu çoxları bilmir. Lakin onu bir dəfə dadan həmişə ondan yemək istəyir. Özü də Göyçayın mətbəxinə məxsus döşəməli plovla.

Qeyd edək ki, Şəkidə nardançanı nardaşa adlandırırlar. Lakin o, nardançanın dadını vermir. Nardança həzmetmə prosesinə kömək edir, orqanizmi möhkəmləndirir. Nardançanın qış mövsümündə yeyilməsi məsləhətdir.