Azərbaycan universitetlərində distant təhsilə keçidi tam reallaşdırmaq mümkündür

Day.Az представляет новость на азербайджанском языке.

Qloballaşan dünyamız informasiya əsrinə keçdikdən sonra təhsil də yeni forma və məzmun əldə etməyə başlayıb.
Yeni texnologiyalar əsasında imkanları daha da genişlənən, müasir forma və məzmun əldə edən təhsil növlərindən biri də Distant yəni məsafədən təhsildir. Distant təhsilin tələbələr üçün bir çox üstünlükləri var. Təhsilin bu növünün ən üstün cəhəti onun əlçatan olmasıdır. Belə ki, təhsil müəssisəsinin harada yerləşməsindən asılı olmayaraq, tələbənin internet və kompüter olan hər yerdən təhsil ala bilmək imkanı olur.


"Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın 4 forması var: əyani, qiyabi, distant və sərbəst təhsil. Bu təhsil növləri sırasında Azərbaycanda inkişaf etməkdə olan növ -distant yəni məsafədən təhsildir.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, XXI əsrdə distant təhsil dedikdə bu, təhsil alana öyrədilən məlumatın informasiya və kommunikasiya texnologiyaları vasitəsilə operativ çatdırılması, eyni zamanda öyrənilən materiallara testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə nəzarətin artırılması, online imtahanların götürülməsi, obyektiv və şəffaf idarəetmə modelinin tətbiq edilməsi kimi başa düşülür. Distant təhsil sosial gərginliyi aradan götürməklə harada yaşamasından, maddi təminatından, yaşından, səhhətindən asılı olmayaraq insanlara bərabər təhsil almaq üçün şərait yaradır. Hər kəsə dünyanın tanınmış və yüksək kvalifikasiyalı universitetlərində təhsil almaq şansı verir.

Hazırda Azərbaycanda da distant təhsil alanların sayı az deyil. Rəsmi rəqəm olmasa da ölkədə bu cür təhsil alanların sayı 2000-dən çoxdur. Belə tələbələrdən biri də Mehman Abbasovdur. Mehman Türkiyənin Anadolu Universitetində təhsil alır. Dərslərdə iştirak edir, mühazirələri dinləyir və bütün bunları Gəncədən ayrılmadan həyata keçirə bilir.

Mehman Abbasov, distant təhsil alan tələbə: "Distant təhsilin üstünlükləri ondan ibarətdir ki, ev və iş şəraitində internet vasitəsi ilə təhsil almaq olur. Xarici ölkəyə gedib, orada əlavə pul xərcləmirsən, yaşayış yeri problemi olmur. İmtahanlar da Anadolu Universitetinin Gəncədə bölməsində təşkil olunur. Türkiyədən müəllimlər gəlir. İmtahan test şəklində aparılır və bir aydan sonra cavablar bizə göndərilir".

Mehmanın fikrincə, distant təhsilin digər bir üstünlüyü isə aydın olmayan hər hansı bir mövzunu təkrar dinləməyin mümkün olmasıdır.

Mütəxəssislər hesab edir ki, ölkədə distant təhsilin tətbiqi üçün ilk növbədə xarici universitetlərin təcrübəsindən yararlanmaq lazımdır. Distant təhsil tələbələr üçün əlverişli olduğu qədər, bu təhsil formasının tətbiq edildiyi ali təhsil ocaqları üçün də üstünlükdür. Distant təhsil ödənişli olduğundan onun tətbiq edildiyi universitetlər kifayət qədər qazanc əldə edir, hətta özü- özünü maliyyələşdirə bilir. Avropa və digər Qərb dövlətlərində innovativ vasitə və yeniliklər ölkəmizlə müqayisədə daha tez tətbiq olunduğundan, onlar xeyli müddət öncə distant təhsilə qədəm qoyublar. Son illər texnoloji avadanlıqlar həyatımıza müdaxilə etdiyindən, əyani təhsil alanların əksəriyyəti kompyuter texnologiyasından faydalanaraq ona lazım olan elmi ədəbiyyat, praktiki, seminar materialları və elmi işləri əldə etməyə qadirdir. Distant təhsilə keçmək üçün müəllim və tələbə kontingenti arasında təlimlər keçirilməli, İKT geniş surətdə bölgələrdə tətbiq olunmalıdır.

Məlumat üçün bildirək ki, distant təhsil formasının əsasını proqram təminatı təşkil edir. Distant təhsilin əsas komponentləri təhsil verənlə alan arasında qarşılıqlı əlaqənin olması, təhsilin məzmununun kompyuter vizuallığı, böyük həcmli informasiyaların arxivləşdirilməsi, məlumat axtarış sisteminin mövcudluğu və tədris materiallarının mənimsənilməsinə nəzarət təşkil edir. Dünya təcrübəsində distant təhsili həyata keçirmək üçün əlverişli proqram təminatlarından biri də MOODLE sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz olmasıdır. Moodle proqramı 82 dilə tərcümə olunaraq dünyanın 212 ölkəsində tətbiq olunur.

Apardığımız araşdırmalar onu göstərdi ki, bu gün Distant Tədris Mərkəzi region olaraq yalnız Gəncədə mövcuddur. Və bu Mərkəz AMEA-nın Gəncə bölməsində yaradılıb və burada yalnız alim və dissertantlar təhsil ala bilir.

İnformasiya Texnologiyaları İnstitutunun AMEA Gəncə Bölməsində yaratdığı Distant Tədris Mərkəzi doktorant və dissertantların məsafədən təhsil almasını, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulmasını təmin etmək məqsədi daşıyır. Burada aparılan dərslərdə elmi işlə məşğul olan 120-yə yaxın gənc alim və dissertant iştirak edir. DTM Bakı ilə Gəncə arasında elm və təhsil körpüsü rolunu oynayır, doktorant və dissertantların məsafədən təhsil alması, on-line seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması üçün geniş imkanlar yaradır.

Fərhad Mirzəyev, AMEA-nın Gəncə bölməsinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri: "AMEA-nın Gəncə bölməsində yaradılan bu şəraitdən, bu avadanlıqlardan nəinki alimlər, hətta dövlət strukturları da istifadə edə bilər. Bu avadanlıqların vasitəsi ilə biz dünyanın müxtəlif təşkilatları ilə canlı yayım yaradıb məlumatlar toplaya bilərik. Dünyanın müxtəlif kitabxanaları ilə əlaqə yarada bilərik, hansısa treninqlər ola bilərsə, biz onları da təşkil edə bilərik".

Distant təhsilə keçid informasiya-kommunikasiya texnologiyalarından daha səmərəli istifadə edən ölkələr üçün daha asandır. Azərbaycanda da bu istiqamətdə böyük işlər görüldüyündən hər hansı bir rayondan tələbə internet vasitəsilə dərsə qoşulmalı, sessiyada iştirak etməli, skayp vasitəsilə hər hansı bir komissiyaya imtahan verməlidir. Bunun üçün rayonlarda sürətli internet təminatı olmaqla yanaşı tələbə və müəllim prosesə qoşularkən yalnız mütəxəssis hazırlamaq amilini önə çəkməlidir. Elə Gəncədəki Distant Tədris Mərkəzindən faydalananlar yaradılan şərait və distant təhsilin verdiyi imkanlardan razıdırlar.

Vüqar Nəbiyev, ADAU-nun doktorantı: "AMEA-nın Gəncə bölməsində yaradılan distant tədrisdə artıq 5-ci dəfədir iştirak edirik. Gəncə şəhərində olan doktorantlar, dissertantlar təyin olunmuş vaxtda bura gəlirlər, vaxt qazanırlar. Dərsdən çıxdıqdan sonra da elmi işlə məşğul ola bilirlər. Hər bir şərait yaradılıb - istər görüntü, istərsə də səs baxımından. Bu səbəbdən də norma dərsdən heç bir fərqi yoxdur".

Nizami Hüseyinov, Azərbaycan elmi-tətqiqat pambıqçılıq institunun disertantı: "Həm vaxt, həm də maddiyyat baxımından bir çox üstünlükləri var. Çünki əvvəllər Bakıya gedib gəlirdik. Bu da vaxt itkisi idi, maddiyyat itkisi idi. Bu baxımdan Gəncədə təhsil alan aspirant və dissertantlar üçün əlverişlidir".

Dərslərdə iştirak edən dissertant və gənc alimlərin tək bir arzusu var. O da minimum imtahanlarının da distant formada Gəncədə təşkili.

Mütəxəssislərin fikrincə bu gün Azərbaycanın aparıcı universitetlərində distant təhsilə keçidi tam reallaşdırmaq olar. Üstəlik bu sadacə ali təhsil ocaqlarında deyil, orta təhsil müəssisələrində də mümkündür. Bu həm xarici ölkə vətəndaşlarının Azərbaycanın ali təhsil ocaqlarına olan marağını artıra, regionlarda yaşayan gənclərin təhsil xərclərinin azalmasına şərait yarada, eyni zamanda əlilliyi olan insanların məsafədən təhsil almalarını və cəmiyyətə daha asan inteqrasiya etmələrini mümkün edər.

Milli.Az