Vahid biletlə Bakını və Xalça muzeyini gəzmək mümkündür Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünya brendi kimi tanınan "City Sightseeing Worldwide" şirkətinin Bakıda fəaliyyət göstərən "City Sightseeing Baku" şirkəti Azərbaycanda daha bir ilkə imza atıb.

Belə ki,cari ilin sentyabr ayında Bakıda keçirilmiş Dünya Turizm Gününə həsr olunmuş tədbirdə "City Sightseeing Baku" şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında birgə fəaliyyət barədə əməkdaşlıqmüqaviləsi bağlanıb.Müqaviləyə əsasən azərbaycanda ilk dəfə olaraq "Kombo" biletlərin (birgə vahid bilet) satışı həyata keçiriləcək. Bu barədə "Kombo" biletlərin ictimaiyyətə təqdim olunması ilə bağlı Azərbaycan Xalça Muzeyində keçirilmiş tədbirdə muzeyin direktoru Röya Tağıyeva və "City Sightseeing Baku" şirkətinin baş direktoru Əfsun Əhmədov məlumat verib. Bildirilib ki, istənilən şəxs həmin biletləri əldə etdikdə həm "City Sightseeing Baku" şirkəti tərəfindən təşkil edilən avtobus turlarında iştirak edə, habelə həmin biletlə Azərbaycan Xalça Muzeyini ziyarət edə biləcək.

R.Tağıyeva insanları muzeyə cəlb etmək üçün maksimum imkanlardan istifadə etdiklərini, uzadılmış iş rejiminə keçdiklərini söyləyib. Direktor, eyni zamanda yeni layihələrin də nəzərdə tutulduğunu deyib.

Əfsun Əhmədov şirkət haqqında məlumat verərək bildirib ki, məqsədimiz Bakının mədəni və turizm potensialını təbliğ etməkdir. O, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekskursiya üçün şirkətə 3 ədəd ikimərtəbəli avtobus ayrıldığını söyləyib. O, deyib: Şirkətin təsdiq olunmuş marşrutu üzrə 1 tur 23 kilometr məsafəni təşkil edir.

Tur ərzində avtobus 15 dayanacaqda dayanır və müddəti 1 saat 30 dəqiqədir. Avtobuslarda 8 dildə audio-bələdçi və yüksək sürətli internetdən istifadə etmək mümkündür."City Sightseeing Baku " şirkəti ilə Azərbaycan Xalça Muzeyi arasında razılıq əldə olunduğunu söyləyən Əfsun Əhmədov "Kombo" biletin qiymətlərinə müəyyən endirimlər edildiyini diqqətə çatdırıb. Bildirib ki, biletlər uşaqlar üçün 6 manat, yerli əhali üçün 12 manat, turistlər üçün 22 manatdır. Altı yaşına qədər uşaqlara isə bilet pulsuzdur.