Sahil bağındakı faciə xəbərdarlıqdı: itlərə "yem" olmayın Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Modern.az

Bakıda bəziləri it saxlamağa hobbi kimi yanaşır. İctimai yerlərdə - park və bağlarda, əhalinin gur olduğu meydanlarda şəxsi itləri ilə gəzişənlərə də tez-tez rast gəlmək olur. Bu səbəbdən də şəhərdə gəzdirilən itlərin ətrafdakı insanlar üçün təhlükəli olması faktdır.

Vətəndaşlar tez-tez narazılıq edirlər ki, ictimai yerlərdə gəzdirilən itlər onlar üçün təhlükə yaradır. Hətta insanlar bəzən qarşılarına çıxarılan itlərə görə yollarını dəyişməli də olurlar.

Yanvarın 6-da "Sahil" bağında baş vermiş hadisə bu məsələni daha da qabartdı. Belə ki, Elçin Çobanov adlı gənc həyat yoldaşı Leyla Çobanova ilə birgə bağdan keçərkən Həsən Həsənov adlı şəxsin gəzdirdiyi it onlara hürüb. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Nəticədə bir gənc ölüb, biri yaralanıb, üçüncüsü isə həbs olunub.

Ümumiyyətlə, əhalinin sıx olduğu yerlərdə, əsasən də parklarda itləri gəzdirərkən əməl olunmalı qaydalar varmı? Bu məsələ necə tənzimlənir?

Modern.az Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənməyə çalışsa da, cavab ala bilməyib.

Millət vəkili Zahid Oruc isə deyib ki, qanunvericilikdə bu məsələ ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulub və əksər hallarda bu qaydalara riayət olunur.

"Sonuncu ölüm hadisəsindəki insident zamanı da təhlükəsizlik qaydalarına diqqət edilib. Lakin insanlar emosional davranaraq, bir-birinə saldırıblar".

Deputatın sözlərinə görə, ictimai yerlərdə qoruyucu tədbirlərin görülməsi üçün öhdəlik var.

Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov parklarda itlərin gəzdirilməsindən olduqca narazıdır.

"Biz də o itlərin əlindən bezmişik. Bizim idarə dövlətin qanununa uyğun hərəkət edir. Nazirlər Kabinetinin əmri var ki, parklarda kəmərsiz, ağızlıqsız itləri gəzdirmək olmaz. Mühafizəçilər tərəfindən bununla bağlı daimi təbliğat və mübarizə aparılır".

N. Məcidov məsələyə daha ciddi yanaşma tələb edir:

"Amma biz qanundan kənar tədbirlər görə bilmirik. Bu baradə səlahiyyətimiz yoxdur. Məsələn, itlərin təhlükəli vəziyyətdə gəzdirilməsinə görə heç bir inizbati, maddi cəza gözlənilmir. Bu, bizim üçün də böyük problemdir. Həmçinin o itlər ifrazatları ilə ətrafı çirkləndirilər və sahibləri onu təmizləmirlər. Amma sivil ölkələrin hamısında itlərin çirkləndirdiyi yerləri sahibləri təmizləyir. Biz çox istərdik ki, dövlət tərəfindən məsələ ilə bağlı cərimələr tətbiq olunsun".

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə yollarda gözə dəyən sahibsiz itlərin artmağından narazıdır.

"Sürücülər həmin heyvanlara diqqət etməlidirlər. Bəzən heyvanlar qəfildən sürücülərin qarşısına çıxa bilərlər. Buna görə, onlar yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər. Amma bəzən sürücünün texniki imkanı olmaya bilər və hansısa heyvanı vura bilər. Bu, sürücünün günahı deyil".