“Alov Qüllələri”nə çıxan oğlan: “Ora dırmanmaq arzum idi” Day.Az представляет новость на азербайджанском языке

Bir neçə gündür ki, sosial şəbəkələrin fenomeninə çevrilmiş "Flame Towers"dəki həmin "şir ürəyi yemiş" oğlan... "Alov Qüllələri"ndən çəkdiyi şəkillə bir gecədə qəhrəmana çevrildi. Çoxu onu xarici vətəndaş kimi təqdim etsə də, o bakılıdır. Vladimir Qolovanov ulu babalarının 18-ci əsrdən bəri Azərbaycanda məskunlaşdığını və bakılı olduğunu deyir. Vladimir milliyyətcə rus olsa da, təmiz Azərbaycan dilində danışır.

AzNews.az-ın qonağı olan gənc alpinist müsahibəsini də elə öz ana dilimizdə verdi.

Bakı Kompüter Kollecini bitirib, 25 yaşı var, 13 yaşından alpinizmlə məşğuldur.

- Vladimir, iki gündür sosial şəbəkələrin qəhrəmanısız... Bu necə baş verdi?

- Hə, telefonum susmur demək olar ki... Saytlardan zəng vururlar, televiziyalara çağırırlar. Əslində, Facebookda paylaşılanlar keçən ilin fotolarıdır. Mən onları internetə çoxdan yükləmişdim. Dostluğumda olan Şahin Ayvadze adlı bir nəfər təzəlikcə onları öz hesabında paylaşdı və bununla da şəkillərim yayıldı. Səhifələrdə baxıram, hamı elə bilir ki, mən xariciyəm. Profilimə baxsaydılar, görərdilər ki, mən bakılıyam.

- Xarici görünüşünüzə görə bəlkə də avropalıya bənzədiblər...

- Hə, yəqin buna görə başqa yerdən gəldiyimi düşünüblər. Həm də bizdə belə bir şey var: nəsə qeyri-adi işlə məşğul olan adam görən kimi deyirlər ki, bu xarici vətəndaş olar ancaq. Niyə? Xaricilərin özəlliyi nədir ki? Mənim kimi belə işlərlə məşğul olan yüzlərlə gənc var. Ən azından belə neçəsi mənim ətrafımda var. Sadəcə tanımırlar.

- Məlum şəkillərin ötən il çəkildiyini dediniz...

- Bəli, şəkli çəkən zamanda biz uşaqlarla iş görürdük. Orada külək ölçən qurğu quraşdırırdıq. Fotoda elə görünür ki, mən orada təhlükəli vəziyyətdə oturmuşam və hər an aşağı düşə bilərəm. Amma əslində, təhlükəsizliyim təmin olunmuşdu. Belim iplə bağlı idi. Sadəcə kəndir şəkildə düşməyib. Nə qədər qorxusuz, peşəkar olsan da, yenə də təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Buna həm də ona görə əməl olunmalıdır ki, işlədiyin şirkətə söz gəlməsin.

- Alpinistliyə maraq haradan yaranıb?

- 13 yaşımda olanda məktəbimizdə Dağçılıq idman növünü inkişaf etdirmək üçün dərnək yaratdılar. Kimin marağı var idisə getdi, yazıldı. Sonra Qobustan, Nardaran, Sabunçu rayonu ərazisində qayalıqlar var, oralarda məşq edirdik. Həvəskar kimi başlamışdım, sonradan müsabiqələrə qatıldım. Ancaq idman növü kimi məşğul idim. Əsgərliyə gedib gələndən sonra profilimə uyğun (kompüter bilikləri üzrə) maaş qane etmədi məni. Ona görə işləmədim. Dost-tanış alpinizmlə bağlı iş tapmağımı məsləhət gördülər. İlk təklifim Hava Limanından gəldi. "Şeraton" otelin şüşələrini yumaq lazım idi, ona da alpinist tələb olunurdu. 2 ilə yaxın orada işlədim. Orada ancaq şüşələri yumaq, təmizləmək işinə baxırdıq. Amma mən özümü inkişaf etdirmək istəyirdim. "Baku Flame Towers" tikiləndən sonra oranın təmizlik işinə kimin baxacağı ilə bağlı bir sual yaranmışdı. Türk şirkəti oranın təmizliyi ilə məşğul olacaq alpinistlər yığırdı. Ora dırmanmaq mənim arzum idi. Təklif gələn kimi hər şeyi atdım və getdim. Mən həmişə bir az daha hündürə meyl edirəm.

- Hazırda yalnız "Alov Qüllələri"nin yuyulma işi ilə məşğul olursunuz?

- Xeyr, təkcə yumaq deyil. Hündür binalarda silikon, işıqlandırma, fasadda metal konstruksiyanın bərpası, rənglənməsi, nəmişliyə qarşı izolyasiya, müxtəlif işlər görürəm.

- Belə çıxır ki, alpinistlikdən əlavə usta işlərini də bacarırsınız.

- Elədir, hansı sahə lazım olursa, oxuyuram, öyrənirəm, sertifikatını alıram, sonra işləyirəm.

- Alpinizm Azərbaycanda nə qədər inkişaf edib?

- Dağçılıq alpinizmi üzrə 2-3 qrup var. Onlar alpinizmi inkişaf etdirmək istəyirlər, amma heç bir nəticə yoxdur. Bəlkə də maliyyə məsələsidir problem. İdman növü kimi alpinizm yoxdur, amma sənaye alpinizmi kifayət qədər inkişaf edib. Bir şey pisdir ki, kimsə rayondan gəlir, maraqlanırlar, bizimlə birlikdə 1-2 dəfə kəndirlə sallanırlar, işimizdə kömək edirlər, amma sonra gedib özləri heç bir təcrübə olmadan dırmanırlar hansısa binanın işini görməyə. Sertifikatsız, icazəsiz, təcrübəsiz... Şərt deyil ki, kəndirdən sallana biləsən. Birdən nəsə oldu, kəndir qırıldı, axı o naşı olanlar bilməyəcək ki, həmin vaxt nə etməlidir. Biz iki iplə işləyirik: əsas və siğorta ipi. Hətta bir neçə dəfə ipin qırılması halları da olub. Elə "Alov Qüllələri"nin özündə işləyən zaman alpinistlərdən birinin ipi kəsildi, bir qurğu var, o saxladı. Həmin şəxs təcrübəsiz olsaydı, quruyub qalardı, qorxudan xəstəlik tapardı hətta. Təəssüf ki, təcrübəsizlər qorxmuram deyib, qalxırlar. Amma iş bir dəfə olur.

- Təcrübəli sənaye alpinisti olmaq üçün nə qədər vaxt tələb olunur?

- Hər bir halda nədənsə başlamalısan ki, təcrübə yığasan. Amma hər şeyin bir yolu-yordamı var. Birdən-birə gedib ən hündür binada işə başlamaq da düzgün deyil. Mən özüm 12 ildir ki, bunun içindəyəm. Amma 4-5 ildir ki, sırf iş kimi məşğulam. Hobbilikdən çıxıb artıq.

- Sertifikatı olmayan işçiləri necə işə götürürlər ki?

- Alpinizm özəl sahədir. Bir nəfər 5 alpinisti və ya başı çıxanları yığır ətrafına, gəlir obyektə, deyir ki, bu xidmətləri təklif edirik. Danışıqlar aparıb kortəbii halda işə başlyırlar... Onlardan soruşan olmur ki, sertifikatın varmı, təcrübəlisənmi?! Bədbəxt hadisə də olsa, heç bilinmir ki, buna kim və ya hansı qurum cavabdeh olacaq: işə götürən, ya iş təklif edən?! Bununla məşğul olmaq üçün mən FHN-də dərs keçmişəm, Türkiyədən müəllimlər gəlmişdi. Onlardan da dərs almışam. Mənim beynəlxalq alpinist sertifikatım da var.

- İşiniz yorucudurmu?

- Əvvəl bir binanı yumaq üçün çox vaxt tələb olunurdu. Bir az yorulurduq. Amma indi işi daha tez görüb bitiririk . Bir binanı yuyub bitirməyə nə qədər vaxt qoyurlarsa, ona da uyğun adam təyin olunur və işə başlayırıq. Son 3 ildə çox şirkətlərlə işlədim, amma artıq özəl olaraq çalışıram. Haradan sifariş gəlirsə, ora da gedirəm. Şəhərin ən məşhur binalarında işləmişəm: Heydər Əliyev Mərkəzində, Kristal zalda, Trumb Towerdə... Mən işimi sevirəm deyə həm əylənirəm, həm işləyirəm.

- Sirr deyilsə, bu işlərdən nə qədər qazanırsınız?

- Bu barədə danışmağı xoşlamıram. Yalnız onu deyə bilərəm ki, ofis daxilində işləyən senaye alpinistlərinin aylıq maaşları təxminən 450-1000 manat arası olur.