Uşağ bağçalarının sayının artırılmasına ehtiyac var Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Anspress.

Ölkədə uşaqların cəmi 13,3 faizi bağça ilə təmin olunur.

Son vaxtlar paytaxta əhalinin sayının artması uşaq bağçalarına və körpələr evinə tələbatı artırıb. Çoxsaylı müraciətlərdə sakinlər uşaqlarını bağçalara qoymaqda çətinlik çəkdiklərini bildirir, yerin çatışmazlığından və qiymətlərin baha olmasından şikayətlənirlər.

Hazırda paytaxtda bu problemin həlli üçün dövlət və özəl uşaq bağçalarının, körpələr evinin tikintisinə, sayının artırılmasına ehtiyac duyulur. Ölkə prezidenti də bir neçə gün əvvəl keçirdiyi müşavirədə deyib ki, bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət alıb.

Bu proses davam etdirilməlidir. Çünki işsizliyin aradan qaldırılması nəticəsində indi ailədə hər iki valideyn işlə təmin olunur. Belə olan halda uşaq bağçalarının sayının artırılmasına çox böyük ehtiyac var. Bizdə demoqrafik vəziyyət müsbətdir, əhali artır, artıq əhalimiz 10 milyona yaxınlaşır. "Yeni Həyat" Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova ANS PRESS-ə bildirib ki, həqiqətən Bakı şəhərində uşaq bağçalarında yerlərin sayı məktəbəqədər uşaqların sayına nisbətən məhduddur. Bağçaların sayına gəlincə, əslində, indi özəl bağçaları da nəzərə alsaq, bu say yüksələn istiqamətdədir. Sadəcə, əhalinin əksər hissəsi sosial durumlarına görə uşaqlarını dövlət bağçalarında tərbiyə almalarına daha çox üstünlük verirlər. Bu da dövlət bağçalarının pulsuz və ya az məbləğdə vəsait tələb olunduğundan irəli gəlir.

Onun sözlərinə görə, bu sahədə köklü islahatların aparılmasına ehtiyac var və bu islahatlar aparılarkən əhalinin əksər hissəsinin sosial vəziyyət mütləq nəzərə alınmalıdır. Digər bir ciddi məsələ də ondan ibarətdir ki, yeni salınan yaşayış massivlərində də bağça infrastrukturunun nəzərə alınması vacib məsələlərdəndir. Parlamentin deputatı Əli Məsimli Bakıda uşaq bağçalarının çatışmazlığı probleminin olduğunu, bununla bağlı tədbirlər görülməsinin vacibliyini söyləyib: "Təbii ki, bu məsələ Milli Məclisdə cari məsələ kimi hansısa deputat tərəfindən qaldırıla bilər. Amma bunun həlli ilə parlament yox, əlaqədar hökumət qurumları məşğul olmalıdır. Çıxış yolu odur ki, hər kəs qanuna əməl edib, üzərinə düşən vəzifəni yerinə yetirməlidir."

Uşaq hüquq müdafiəçilərinin fikrincə, dövlət bu problemin həlli üçün müvafiq tədbirlər görsə də, hələ də məsələ tam həllini tapmayıb. Əksər məktəbəqədər təhsil müəssisələrində yer yoxdur. Belə olan halda valideyn "qeyri-qanuni yola" əl atır, yaxud övladına dayə tutmalı olur. Buna isə ailənin maddi imkanı yol vermir. Çünki indi körpələr üçün özəl dayəlik xidmətinin bir günü 10-15 manata başa gəlir. Uşaq bağçalarına alternativ olaraq fəaliyyət göstərən qeyri-hökumət təşkilatları məhdud saydadır və uşaq əyləncə mərkəzlərində bir saatı 6-10 manatdır. Ayrı-ayrı valideynlər, eləcə də sosial şəbəklərdə olan insanlar bu mövzu ilə bağlı müzakirələrdə çıxış yolu kimi müxtəlif fikir səsləndirirlər.

Belə ki, uşaq bağçalarının məhdud sayda olması problemlər yaradır. Azərbaycanda uşaqların cəmi 13,3 faizi bağça ilə təmin olunur. Bu istiqamətdə əsaslı dövlət proqramının hazırlanmasına və bu proqramın işlək olmasına ehtiyac var. Çünki Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə veriləndən sonra yeməklərin keyfiyyətinin qaldırıldığı əsas gətirilərək qiymətlər qalxıb. Onlar, həmçinin dövlət bağçalarındakı mövcud problemlərin səbəbinin, bağçalara ayrılan vəsaitin müxtəlif şəxslər tərəfindən mənimsənilməsi ilə bağlı olduğunu deyirlər:

"Bunun qarşısını almaq üçün, bağçalar həm müasir tələblərə uyğun qurulmalı, həm də onların özəlləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Həmçinin, fəaliyyətdə olan bağçalar üzərində ciddi nəzarətin olması əhəmiyyətlidir." Vurğulamaq yerinə düşər ki, ölkədə ümumilikdə orta aylıq əmək haqqı 470 manatdır, büdcə təşkilatlarında çalışanlar üçün isə, 300 manat ətrafındadır. Özəl bağçaların qiymətləri də, minimum 600 manatdan başlayaraq 1500 manatadək artır. Belə olan halda az maaş alan vətəndaş, övladını 300 manatlıq bağçaya qoyması absurddur. Bu çox ciddi problemdir.

Bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bildirildi ki, son illər bölgələrdən paytaxta gələnlərin sayının artması, yeni bağçaların tikilməsinə ehtiyac yaradıb. Bundan başqa, bəzi bağçalarda məcburi köçkünlərin məskunlaşması, bəzilərinin isə fəaliyyətini tamamilə dayandırması da problemin dərinləşməsində mühüm rol oynayıb. Hazırda paytaxtda bağçaların sayında çatışmazlıq olsa da bu istiqamətdə işlər gedir, qaçqınlar yeni evlərə köçürülür və həmin bağçalar əsaslı təmir olunur və gələn ildən bu sahədəki çətinliklər aradan qaldırılacaq. Dövlət Statisitka Komitəsinin 2014-cü ilin əvvəlinə olan məlumatına görə, ölkədə 1680 dövlət və özəl məktəbəqədər təhsil müəsisəsi var. Onların 947-si şəhərdə, 733-ü isə kənd yerlərindədir. Mövcud bağçalarda 107699 uşaq var, onların 76808-i şəhərlərdə, 30891-i kəndlərdədir.

Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliyi (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən) 13,3 faizdir. Bu göstərici şəhərdə 19,2%, kənddə 7,5 % təşkil edir. Xatırladaq ki, ölkə başçısı tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda Azərbaycanda məktəbəqədər və ümumi təhsil müəssisələrinin pedaqoji və idarəetmə heyəti sertifikatlaşdırılmadan keçməsi nəzərdə tutulub. Yeni sənədə əsasən, 2015-2016-cı illərdə Təhsil Nazirliyi məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması mexanizmini hazırlayacaq.

Bu mexanizm 2016-cı ildən başlayaraq tətbiq ediləcək. Təhsil Nazirliyi 2016-cı ildə təhsil müəssisələrinin reytinq sistemini də yaradacaq, 2017-ci ildə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramları hazırlayaraq hökumətə təqdim edəcək. Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi 2018-2025-ci illərdə təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı təhsil pillələri üzrə dövlət proqramlarını reallaşdıracaq.