Turistlər ən çox hansı milli xörəklərimizi bəyənirlər? Day.Az представляет новость на азербайджанском языке.

"Olur ki, bir turistin bəyənmədiyini yüz turist bəyənir və ya əksinə. Amma söhbət çoxluq tərəfindən qəbul edilən milli xörəklərdən gedirsə, plova, dolmaya, kababa maraq çoxdur"

Turistlər milli xörəklərimizə xüsusi maraq göstərirlər. "Avroviziya" münasibəti ilə ölkəmizə təşrif buyuran turistlərin milli xörəklərimizdən "bəh-bəh"lə danışmalarını yəqin ki, indi də çoxları xatırlayır. Hələ o vaxt Maltanı müsabiqədə təmsil edən ifaçı Kurt Calleja demişdi: "Mən dadlı yeməkləri xoşlayıram. Getdiyim hər ölkədə ən dadlı təamlardan zövq almaq istəyirəm. Azərbaycan mətbəxində istər ət xörəkləri olsun, istər ədviyyatları olsun - hamısını bəyəndim. Ən sevdiyim yeməklər - lülə kabab və bir də düşbərə oldu".

Hələ o vaxt Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov jurnalistin "Sizcə, ölkəmizin yağ içində böyrək kimi üzən yeməklərini avropalının mədəsi qəbul edə biləcəkmi?" sualına belə cavab vermişdi: "Bu, düz fikir deyil. Ölkəmizin milli yeməkləri deyəndə niyə ağla yağlı təamlar gəlir, başa düşmürəm. Bizim çox gözəl, dadlı və sağlamlığa zərər olmayan mətbəximiz var. Hətta Amerika kimi böyük bir ölkədə Azərbaycan kulinariyası sevilir. Yəni deyirsiz avropalılar bunu qəbul edə bilməyəcək? Əsas odur bu yeməkləri düzgün nümayiş etdirsinlər".

O ki qaldı digər sahələr kimi, milli mətbəximizin də "avropalaşması"na, Tahir Əmiraslanov mövzu ilə bağlı bu fikirdədir: "Avropalaşma yox, modernləşmə var. Klassik mətbəximizi qoruyub saxlayırıq. Evdə toyuğu bütöv bişiririk. Amma restoranlarda sümüklü halda vermək olmaz. Burada inkişaf var. Avropalaşma həmişə inkişaf etmək deyil. Yapon, Çin, alman özləri kimi bizə maraqlıdır. Yapon alman olacaqsa, bizə maraqlı deyil. Azərbaycanlıyıq və bu cür inkişaf etmək istəyirik. Biz keçmişə, Avropa isə gələcəyə yüklənir. Bu, müsbət haldır və bunu götürməliyik. İnkişaf üçün tarixin üstündə gələcəyə yüklənmək lazımdır".

Qarşıdan ölkəmiz üçün əlamətdar olan Avropa Oyunları gəlir. Bu münasibətlə Azərbaycana yüzlərlə turist gələcək. Təbii ki, tədbirdə də milli mətbəx nümunələrimizin təqdimatından çox şey asılıdır.

İş adamlarından cavab

Bəs ölkəmizə gələn turistlər ən çox hansı milli xörəklərimizə maraq göstərirlər? Mövzu ilə bağlı suallarımızı daimi olaraq turistlərlə çalışan, onların qarşılanması, yerləşdirilməsi ilə məşğul olan iş adamlarına ünvanladıq. "Qallery" və "Rigs" otellərinin direktoru Ramil Quliyev "Zaman-Azərbaycan"a açıqlamasında dedi ki, bu seçim turistlərin zövqünə görə dəyişir: "Amma mən qəbul etdiyimiz turistlərin istəklərinə əsaslanıb deyə bilərəm ki, milli xörəklərimizdən ən çox aş onlara qeyri-adi gəlir. Aş, üstündə qarası ilə. Başqa ölkələrdə də var, amma bizim milli aşımıza turistlər daha çox maraq göstərirlər".

Ramil Quliyev pitiyə maraq göstərən turistlərin də çox olduğunu söylədi: "Bildiyiniz kimi, piti hər ölkədə rast gəlinməyən yeməkdir. Ölkəmizə təşrif buyuran turistlər arasında xingəli, xaşı xoşlayan turistlərin sayı kifayət qədərdir. Azərbaycan xörəklərindən dolmanı bəyənən turistlərin də sayı çoxdur. Əslində dolma çox yerdə var, amma bizdə dolma ilə bərabər, süfrəyə qatıq, turşu qoyulması turistlərin marağına səbəb olur. Belə deyək, turşu mədəniyyəti hər yerdə yoxdur".

"Turistlərin hansı ölkədən olmalarından çox şey asılıdır"

"Bosfor" və "Ariva" otellərinin meneceri Azad Əhmədov isə "Zaman-Azərbaycan"a açıqlamasında turistlərin plov, dolma və digər milli xörəklərə üstünlük verdiklərini söylədi: "Hər il Azərbaycana on minlərlə turist gəlir. Birmənalı şəkildə demək olmaz ki, turistlər yalnız bu milli xörəklərimizi bəyənirlər. Turistlərin hansı ölkədən gəlmələrindən, hansı ölkələrdən olmalarından çox şey asılıdır. Olur ki, bir turistin bəyənmədiyini yüz turist bəyənir və ya əksinə. Amma söhbət çoxluq tərəfindən qəbul edilən milli xörəklərdən gedirsə, məncə, plova, dolmaya, kababa maraq çoxdur".

Turistlərin getdikləri ölkələrin milli mətbəxlərinə böyük maraq göstərdiklərini vurğulayan həmsöhbətimiz bunun Azərbaycana da şamil olunduğunu vurğuladı.
 

"Zaman Azərbaycan"