Azərbaycan Misirdə keçirilən beynəlxalq sərgidə təmsil olunur - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Məlum olduğu kimi, 2015-ci ilin 28 yanvar tarixində Misirin Qahirə şəhərində 46-cı Beynəlxalq Kitab sərgisinin açılışı olmuşdur. Bu barədə Day.Az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
 

Qeyd edək ki, Azərbaycan sözügedən sərgidə ilk dəfə olaraq iştirak edir və bu sərgidə Azərbaycanı AR Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edir.

Sərginin açılışında AR-ın Misirdəki səfiri Ş.Abdullayev, diaspora üzvləri və azərbaycanlı tələbələr iştirak etmişlər.
 

46-cı Beynəlxalq Kitab sərgisinin açılışında iştirak edən Misir Ərəb Respublikasının Baş naziri İbrahim Məhləb, Mədəniyyət naziri Cabir Asfur, Misirin Beynəlxalq Kitab Sərgisinin İdarə heyətinin sədri Əhməd Mücahid, Misirin Dini Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Sənaye və Ticarət naziri Munir Fəxri və "Əl-Əhram" qəzetinin idarə heyətinin sədri Əhməd Nəccar və digər qonaqlar Azərbaycan pavilyonunu ziyarət etmişlər. Baş nazir İ.Məhləb səfir Ş.Abdullayevlə görüşərək, Azərbaycanın ilk dəfə bu sərgiyə qatılması münasibətilə təbrik etmiş, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir.
 

Ümumiyyətlə, Azərbaycan pavilyonu sərgidə iştirak edən Misir ictimaiyyəti nümayəndələri tərəfindən böyük maraqla qarşılanmışdır.

Daha sonra AR-ın səfiri Ş.Abdullayev Misirin müxtəlif KİV-ə (OnTv, Nil Mədəniyyət və s.) müsahibə verərək, Azərbaycanın ilk dəfə Misirdə Beynəlxalq Kitab sərgisində iştirak etdiyi barədə məlumat vermiş, ölkəsinin mədəniyyətinin təbliği istiqamətində həmin sərginin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
 

Qeyd edək ki, Azərbaycan pavilyonunda Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, ATM-in nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli kitablar, eyni zamanda AR-ın Misirdəki Səfirliyinin dəstəyi ilə tərcümə olunmuş kitablar da nümayiş olunmuşdur.
 

Bundan başqa, Beynəlxalq Kitab sərgisində müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın mədəniyyətini əks etdirən ədəbi-bədii proqramlar təşkil edilmişdir. Həmin mədəniyyət proqramları çərçivəsində Azərbaycanın poeziyasına, klassik və müasir ədəbiyyatına dair təşkil olunmuş tədbirdə Ayn-Şəms universitetinin "Ədəbiyyat" fakültəsinin doktoru, professor Safsafi Əhməd Əl-Qəturi, AR-ın səfiri Ş.Abdullayev, Misir Mədəniyyət Mərkəzinin sabiq müdiri Adil Dərviş, AR Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi təmsil edən Fərid Hüseyn məruzələrlə çıxış etmişlər.
 

Dr Safsafi Azərbaycan ədəbiyyatının tarixinə nəzər salmış, Nizami Gəncəvidən başlayaraq, müasir dövrə qədər Azərbaycan ədəbiyyatı tarixinin müxtəlif mərhələlərinə toxunmuşdur.
 

Digər məruzəçi Fərid Hüseyn müasir Azərbaycan ədəbiyyatının incəliklərinə toxunaraq, hazırkı vəziyyətinə dair geniş məlumatlar təqdim etmişdir.

AR-ın Misirdəki səfiri Ş.Abdullayev Misirin Kitab Sərgisinin İdarə heyətənin sədri Əhməd Mücahidlə görüşərək, Azərbaycanın ilk dəfə olaraq, Misirin Beynəlxalq Kitab sərgisində iştirakına görə Misir tərəfinə təşəkkürünü bildirmiş və növbəti illərdə də qarşılıqlı şəkildə hər iki ölkənin sərgilərdə iştirak etməsinin əhəmiyyətindən danışmışdır. Səfir Misir tərəfini Azərbaycanda keçiriləcək növbəti sərgidə işitak etmək üçün dəvət etmişdir.
 

Öz tərəfindən, Ə.Mücahid ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və növbəti illərdə də Azərbaycanı dəvət edəcəklərini qeyd etmişdir. Ə.Mücahid bu il sərginin fəxri qonaq statusunda Səudiyyə Ərəbistanı Krallığının olduğunu qeyd edərək, gələn il sərginin fəxri qonaq statusunda Azərbaycanın olmasını təklif etmişdir.
 

Bu məqsədlə də, Ə.Mücahid Azərbaycanın mədəniyyətini və irsini əks etdirən əsərlərin sərgidə nümayişi üçün yüz əlli kvadratmetrlik pavilyonun verilməsi və iyirmi nəfərlik nümayəndə heyətinin Beynəlxalq kitab sərgisinə qonaq qismində qatılması ilə bağlı təkliflər irəli sürmüşdür.
 

Səfir həmsöhbətinə göstərdiyi qayğıya və diqqətə görə təşəkkürünü bildirərək, Azərbaycanın Misirin beynəlxalq sərgilərində iştirak etməkdə maraqlı olduğunu vurğulamış, eyni zamanda irəli sürülən təkliflərin Azərbaycan tərəfindən baxılacağını və növbəti görüşlərdə bu müzakirələri davam etdirəcəyini qeyd etmişdir.

Böyütmək üçün klikləyin: