Bərdədə ağır qəza: 1 ölü, 5 yaralı - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Anspress-in verdiyi məlumata görə, hadisə rayonun Mehdili kəndi ərazisində qeydə alınıb.

Mingəçevir-Bəhramtəpə magistralının 69-cu km-də "Ford" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən "Ford" markalı maşın yoldan çıxaraq kənara aşıb.

Bərdənin Hacıbəyli kənd sakini, 44 yaşlı Azər Məmmədovun idarə etdiyi VAZ-2106 markalı avtomobildəki sərnişin 70 yaşlı Aslan Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Aralarında azyaşlı da olan 5 nəfər yaralı hadisə şahidlərinin köməkliyi ilə Bərdə MRX-ya çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, "Ford"un sürücüsü, rayonun Şirvanlı kənd sakini Fəxri Əliyevin vəziyyəti ağırdır. 13 yaşlı Fuad Məmmədovun ayağı sınıb.

Digər yaralılar, Azər Məmmədov Hicran Məmmədovaların vəziyyəti kafi qiymətləndirilir. Baş yol polis idarəsinin əməkdaşlarından əldə etdiyimiz məlumata görə qəzaya "Ford"un sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Böyütmək üçün şəkillərə klikləyin.