Şimalda Xocalı anımı Day.Az представляет новость на азербайджанском языке:

Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şəki və ətraf rayonlarda anım tədbirləri keçirilb, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.

Kanal S (Region TV) xəbər verir ki, Şəki Regional Elmi Mərkəzdə Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə, Xocalı soyqırımında qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Xocalı faciəsini Azərbaycan tarixində baş verən ən qanlı hadisələrdən adlandırıblar. Erməni silahlıları tərəfindən dinc sakinlərin xüsusi qəddarlıqla qətlə yetirildiyi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları qeyd olunub. Sonra faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.

Şəki Dövlət Dram Teatrında da bu faciə ilə əlaqədar anım tədbiri keçrilib. İlk olaraq faciədə həyatını itirən insanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qanlı faciə haqqında ümumi məlumat verilib. Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir rayon özfəaliyyət dərnəyinin kollektivinin musiqili kompozisyası ilə davam etdirilib. Məktəblilərin ifasında qanlı gecə ilə bağlı şeirlər səsləndirilib.

Zaqatalada da xalqımızın yaddaşında ən faciəli günlərdən biri kimi həkk olunan Xocalı soyqırımının ildönümü qeyd olunub. Rayon ictimaiyyəti, müharibə veteranları, şəhid ailələri və burada məskunlaşan Xocalı sakinləri əvvəlcə soyqırımı abidəsi önünə gül qoyub şəhidlərin xatirəsini yad ediblər. Sonra Mədəniyyət Evində şagirdərin Xocalıya həsr etdikləri rəsm sərgisinə baxış olub. Rəsmi hissədə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda bu faciənin ağrı-acısından, insanların amansızlıqla qətlə yetirilməsindən ürək ağrısı ilə söhbət açıblar. Daha sonra Xocalı dəhşətlərinə həsr olunmuş film nümayiş etdirilib. Tədbirin sonunda rayonda məskunlaşan Xocalı ailələrinə yardım verilib.

Qaxda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə və şəhidlərin qəbri ziyarət edilib. Daha sonra rayon məktəblilərinin Xocalı faciəsini əks etdirən sərgiyə baxış keçirilib. "Xocalı faciəsi insanlığa qarşı yönəlmiş amansız cinayətdir" adlı elmi konfransda Xocalı soyqrımının bəşəriyyətə yönələn cinayət olduğunu qeyd edilib. Konfransda Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.

Qəbələda da faciə qurbanları anılıb. Bu münasibətlə keçirilən tədbir iştirakçıları Şəhidlər Kompleksində olub. Vətən uğrunda canından keçən şəhidləri yad ediblər. Ardından ehsan verilib. Çıxışlarda xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən danışılıb, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər pislənilib. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışılıb. İştirakçılar torpaqlarımızın düşməndən azad olunacağı, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminlik ifadə ediblər.

İsmayıllıda "Ana harayı" abidəsinə yürüş olub. Tədbirdə erməni cəlladlarının xalqımızın başına gətirdiyi müsibətlərdən söz açılıb. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əldə olunan nailiyyətlərdən danışılıb. Tədbirdə rayon Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiya maraqla izlənilib. Daha sonra iştirakçılar Nərgiz Paşayevanın təşkilatçılığı ilə çəkilmiş qısametrajlı "Xatirə" filmi və İbad Hüseynov haqqında filmə baxıblar.

Xocalı faciəsinin ildönümü Şamaxıda da bir sıra anım mərasimləri ilə yadda qalıb. Mərasim iştirakçıları Soyqırım abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Ardınca rayon Mədəniyyət Evində tədbirin rəsmi hissəsi keçrilib. Ermənilərin xalqımıza qarşı törətdikləri zorakılıq əməlləri pislənilib. "Xocalı harayı" filmi və daha sonra məktəblilərin hazırladığı "Xocalı" kompozisiyası böyük maraqla izlənilib.

Milli.Az