Piyada keçidindən istifadə etməyin də psixoloji tərəfi varmış Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Ucnoqta.az

Psixoloq Dəyanət Rzayev: "Bu, Şərq psixologiyasi ilə də izah edilə bilər"

"Hər kəs bilməlidir ki, qaydalar çərçivəsində yaşamaq ən gözəl, ən təhlükəsiz və ən rahat həyatdır"

Paytaxtda büdcə vəsaitləri hesabına onlarla yerüstü və yeraltı piyada keçidləri tikilib. Hazırda paytaxt ərazisində 60-dan çox yerüstü və yeraltı piyada keçidi olduğu bildirilir. Amma son bir ildə piyada keçidlərindən istifadə etməyən 120 mindən çox vətəndaş inzibati məsuliyyətə cəlb edilib. Həmçinin, yol qəzalarının da təxminən 40 faizə yaxını piyadaların vurulması ilə nəticələnən qəzalardır.

Ötən il piyada keçidindən istifadə etməyən 330 piyada yol qəzasında dünyasını dəyişib. Bir qəzaların heç də hamısının günahkarı sürücülər deyil. Bəzən piyadalar özləri də ölümü könüllü seçillər. Vətəndaşların yolu keçərkən piyada keçidlərindən deyil, özlərinin istədiyi yerdən istifadə etməsi onların həyatına son qoyur. Bəzi ekspertlər isə bu halların qalmasını vətəndaşların yol-hərəkəti qaydalarını kifayət qədər bilməmələri, onlara qaydaların yetərincə öyrədilməməsi ilə izah edir.

Psixoloq Dəyanət Rzayev deyir ki, insanların təfəkküründə dəyişikliyə nail olunmalıdır: "Hər kəs bilməlidir ki, yol hərəkəti qaydaları ictimai təhlükəsizlik üçün lazımdır. Bu qaydalardan istənilən xırda kənara çıxma ölümlə nəticələnir. İnsanlar bu işin onların başına gəlməyəcəyini düşünmələri yalnışdır. Hər kəs bilməlidir ki, qaydalar çərçivəsində yaşamaq ən gözəl, ən təhlükəsiz və ən rahat həyatdır. Bunun üçün isə müvafiq dövlət qurumları, ayrı-ayrı vətəndaşlar məqsədyönlü iş görməlidirlər. Bu iş səmimi şəkildə, yaxşı nümunənin təbliği yolu ilə həyata keçirilməlidir".

Onun sözlərinə görə, vətəndaşların piyada keçidlərinə üstünlük verməməsi təkcə psixoloji amillərlə bağlı deyil: "Digər tərəfdən hazırda yalnız birinci siniflərdə uşaqlara işıqforun nə olduğu öyrədilir. Əslində yol-hərəkəti qaydalarının öyrədilməsi məsələsi uşaq bağçalarından nəzərə alınmalıdır. Uşaq kiçik yaşlarından yol-hərəkəti qaydalarını bilməlidir. I sinifdən X sinfə qədər bu istiqamətdə onlar bigiləndirilməlidir. Bir çox vətəndaşlarda yol mədəniyyətinin aşağı səviyyədə olması onların yol hərəkəti qaydalarına əməl etməmələrində özünü göstərir. Digər məqam isə piyada keçidlərinin hansı növdə olması ilə bağlıdır.

Həmin keçidlərdən istifadə etməyənlərin də öz arqumentləri var. Bir çox yaşlı insanlar yerüstü piyada keçidindən istifadə etmələrini səhhətləri ilə əlaqələndirirlər. Amma bunlar hamısı bir bəhanədir. Bu gün dərindən düşünəndə görürük ki, bu gün inkişaf etmiş ölkələrin əksəriyyəti xristian ölkələridir. Müsəlman ölkələrində isə bahalı avtomobillər, avtoşlar daha çox diqqəti cəlb edir. Bu şərq psixologiyası ilə də izah edilə bilər. Hətta qadınlar uşaqlarla birgə belə pozuntular edirlər. Hər bir piyada başa düşməlidir ki, piyadanın yola çıxması həm öz, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradır. Elə hadisələr olur ki, sürücü piyadanı vurmamaq üçün avtomobili yayındırması digər günahsız bir hərəkət iştirakçısının faciəsinə səbəb olur. Bu səbəbdən ilk növbədə bu insanar özləri öz həyatlarının qayğısına qalmalıdır. Həmçinin, görülən tədbirlər davamlı olmalı, kampaniya xarakteri daşımamalıdır. Belə olsa, qaydalara əməl etmək şüuraltı olaraq onların yaddaşında qalacaq".