Şəhidlər muzeyi

Day.Az представляет новость на азербайджанском языке:

Vətəni müdafiə edən, onun naminə özünü fəda edən şəhidlərin igidliyi, rəşadəti ilə nə qədər qürur duysaq da, "şəhidlər ölmür" deyib təsəlli tapsaq da qəlbimizdəki yara heç vaxt sağalmayacaq. Tanımadığı insanların firavanlığı naminə, candan keçə bilmək nə qədər cəsarət tələb edir... Bəli, onlar bütün cəsarətləri ilə döyüşdülər, şəhid oldular, mərdlikləri ilə ölümün özünü öldürdülər. Geriyə qalansa, yalnız xatirələrdir. Ailələrinin, sevdiklərinin, ən əsası xalqın yaddaşında həkk olan xatirələr... Onların xatirələrini unudulmaz etmək üçün dövlət səviyyəsində lazımi səviyyədə tədbirlər görülür. Lakin təqdim edəcəyimiz indiki süjet bu xatirələrin əbədiləşməsi barədə olsa da fərqli cəhəti də var. Bu illərdir əziyyət çəkən bir xanımın yaratdığı muzey haqqındadır.
 

İnsanda böyüklük adına bir şey varsa, o da onun son məqsəd deyil, yalnız məqsədə doğru bir vasitə, körpü olmasıdır. Kəpəz TV (Region TV) xəbər verir ki, Elnarə Tağıyeva da şərəfli bir məqsədə körpü salanlardandır. Elnarə xanım 1992-ci ildə, Qarabağ müharibəsinin ən qızğın dövründə Gəncədə yerləşən hərbi kombinatda çalışıb. Hər gün 100-lərlə vətən oğlu ilə qarşılaşıb. O, vətən oğulları ki, onlar üçün əziz olan hər şeydən vaz keçib torpağın müdafiəsi üçün canını fəda etməyə gəlirdilər. Elnarə xanım deyir ki, tanıdığı əsgərlərin şəhid olduqlarını eşidən zaman düşünüb ki, gördüyü hər döyüşçüdən bir əşya alıb saxlasa, onların adını yaşadacaq muzey yarada bilər. Elə bir muzey ki, Qarabağ savaşında hünər göstərənlərin xatirəsini əbədi olaraq özündə daşısın.

Elnarə Tağıyeva: "Mən gəldim evdə valideynlərimə məsləhət elədim ki, müharibə qurtarandan sonra heç kəs bilməyəcək ki, kim öldü, kim qaldı. Onların xatirəsi üçün olarmı evdə muzey düzəldik. Onlar da razılıq verdi. Əsgərin nəyi ola bilərdi ki, bir siqareti... mən onlardan xahiş edirdim ki, siqaretin üstünə ürək sözlərini yaz ver, aparım muzeyə qoyum. Hazırda muzeyimizdə 500-ə qədər əsgərin ürək sözü var. Elə olurdu ki, onlar tələsik gəlib gedirdilər, siqaret yazmağa da vaxtları olmurdu. Onda qələmlərini, alışqanlarını verirdilər".

Elnarə xanım deyir ki, döyüşçülər istirahət vaxtlarında boltlardan üzük, kəndirdən qələm düzəldərək ona verirdilər. Ölümlü dünyadı, heç olmasa, bizdən sonra bir yadigar qalsın deyirmişlər. Üzərinə ünvan, ürək sözləri yazılan siqaretlər, cib daraqları, təsbeh, qol saatı, gilizlərin asıldığı boyunbağılar, hərbi geyimlər...nələr yoxdur ki, bu muzeydə. Hər bir əşya müharibənin dəhşətini, insanların ağrı-acısını əks etdirir özündə. Həm də şərəf, qürur, vətənə məhəbbət həkk olunub bu əşyaların üzərində. Gilizlərinin içərisində saxlanılan kiçik əlyazmalara, siqaretlərin üzərindəki qeydlərə baxdıqca düşünürəm ki, görəsən - mənim üçün ən çətin şey sənsiz keçən hər saniyəmdir, Qarabağ, Biz torpaqlarımızı azad edəcəyik, Ən böyük arzum 3 rəngli bayrağı Qarabağ torpağından asmaqdır. Arzum budur ki, bu siqareti torpaqlar alınanda geri qaytarasız, məni gözləyən və sevən var, xoşbəxt olmaq istəyirəm, arxamca ağlama, vətəni qorumalıyam axı...- yazan oğullardan hansı şəhidlik zirvəsinə ucalıb, hansı sağlamlığını itirib, hansı yaddaşından silinməyəcək anlarla birgə yaşayır?
 

Onlar ölməzlik zirvəsini fəth etmək üçün kimlərdən, nələrdən vaz keçdilər görəsən? Övladının bir telinə qıymayan anadanmı, vüqarlı atadanmı, əllərinin istisi əlindən getməyən nazlı yardanmı, yoxsa ata kəliməsinə həsrət qalacaq körpələrdənmi? Onlar hər şeydən vaz keçdilər, torpaqdan başqa... O torpaq ki, əzəli və əbədi olaraq bu yurdun ayrılmaz hissəsi olub.

Atəşkəs elan olunandan sonra da Elnarə Tağıyeva muzey üçün əşyalar toplamağa başlayıb. İşin ən çətin tərəfi də elə budur. Şəhid ailələrinin ünvanlarını axtarıb tapır, sonra şəhər və rayonları gəzərək onlarla görüşür.

"Şəhidlərin valideynləri, həyat yoldaşları, bacıları ilə danışanda, görürəm ki, bu xatirələr onların dərdlərini təzələyir, ancaq danışdıqca rahatlıq tapırlar. Mənim üçün də ağırdır. Axı mən hər şəhid xəbəri aldıqca onlarla birlikdə ölürdüm", deyir bu fədakar qadın. Əvvəllər bu səfərlərini öz maaşı ilə təşkil etsə də, hazırda işləmədiyi üçün atasının təqaüdü ilə reallaşdırır. Kiməsə mənəvi köməklik göstərdiyi üçün xoşbəxt olduğunu və yaşadığı müddətcə işini davam etrəcəyini də vurğulayır.

Elnarə Tağıyeva: "180-dək şəhid ailəsi ilə görüşmüşəm. Övladlarının şəhid olmalarını necə eşidiblər, o haqda bildiklərini yazıram, gətirib hər şəhid haqqında ayrıca xatirələrini yazıram. Birinci tanıdığım insan Yusif Mirzəyev olub. Onların ünvanını tapmaq mənə 20 ilə başa gəlib. 20 ildən sonra mən onun ailəsi ilə görüşmüşəm. Həmin an özümü dünyanın ən xoşbəxt adamı kimi hiss etmişəm. Digər şəhidlərin ünvanını da kitablardan, qəzetlərdən öyrənirəm. Və hara gedirəmsə, həmin bölgənin şəhidləri ilə maraqlanıram. Demək olar ki, ölkənin yarısından çox rayonunda olmuşam".

Elnarə xanım Mübariz İbrahimova məxsus papağı, əsgər yoldaşlarını ölümdən xilas etmək üçün qumbaranın üstünə atılaraq şəhid olan Elton İsgəndərovun son zəngdə taxdığı qalstuku, ailəsinə yazdığı məktubu, şəhid Səyavuşun əbədiyyətə qovuşarkən üzərində olan və qana bulaşan əl dəsmalını da gətirib muzey üçün. Ramil Səfərov Macarıstanda həbsdən azad olub ölkəyə qayıtdıqdan sonra onunla da görüşüb və o, Elnarə xanıma Türkiyədə təhsil aldığı zaman geyindiyi formasını hədiyyə edib. İki otaqdan ibarət bu muzeydə şəhidlərə məxsus sənədlər, şəkillər, ölüm kağızlarının, təltif olunduqları medalların surəti də var. Burada yalnız şəhidlərin yox, həm də onların övladlarının hərbi xidmət keçdiyi zaman istifadə etdikləri geyimlər yer alır.
 

Elnarə Tağıyeva: "Məndə daxili qoşunların, milli ordunun forması var idi. Amma sərhəd qoşunlarının forması yox idi. Şəhid Zakir Məmmədovun ailəsi ilə görüşəndə oğlu Nizamidən soruşdum ki, harda xidmət edibsən. Dedi, sərhəd qoşunlarında, beləcə o da muzeyimiz üçün öz geyindiyi formanı hədiyyə elədi".

Muzeydə diqqətimizi çəkən məqamlardan biri də 3 şəhidin - Elnarə xanıma vətən sevgisi aşılayan milli qəhrəman Yusif Mirzəyev, Mübariz İbrahimov və Elton İsgəndərovun adının həkk olunduğu çarpayı oldu. O, bu simvolik yataqları hazırlayarkən Qarabağ müharibəsində işlədilən yataq dəstlərindən istifadə edib.

Canına cəfa verib şəhidlərin xatirəsini yaşadan, dünyada onlardan iz qoymağa çalışan Elnarə Tağıyeva şəhid ailələri ilə görüşən zaman tutduğu qeydləri də muzeydə saxlayır. Şəhidlər haqqında ətraflı məlumat verən bu xatirələri gələcəkdə kitab şəklində çap etdirməyi də düşünür.


Elnarə Tağıyeva: "Qeydlər toplamışam, kitab şəklində çıxarmaq istəyirəm ki, oxuyanlar bilsin ki, hansı bölgədə necə oğullarımız olub və vətən yolunda necə döyüşüblər. Bu yolda da şəhid olublar. Onların xatirəsini daha da ucaltmaq üçün kitab çıxarmaq istəyirəm. Hələ tələsmirəm ki, bəlkə də gedəcəyim elə ailələr var ki, onlar haqqında kitabda nəsə yazmalı oldum".

İnsanların doğmasına belə vəfasız çıxdığı bu dünyada şəhidlərə, vətənə xidmət edən əsgərlərə sədaqətini qoruyan qəhrəmanımız evin digər otağında Azərbaycan xəritəsini asıb. Xəritənin üzərində isə bu günədək getdiyi bölgələri və bundan sonra gedəcəyi yerləri qeyd edib. O adamlar sevilir ki, canlarını boş xəyallara, cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər. Kimisi şəhid olur bu yolda, kimisi də ömrünü onların xatirəsini yaşatmağa sərf edir. Elnarə Tağıyeva kimi... O, gözüylə od götürə-götürə dünyanın yükünü çiynində daşımağa çalışır. Buna da yalnız mərd adamların hünəri çatar.
 

Gözümüzdə canlandırdığımız bu qədər xatirədən sonra şəhidlərin məzarını ziyarət etmək üçün yollanırıq Şəhidlər Xiyabanına. Ömrünün bahar çağında bu dünyanın bütün naz-nemətlərindən imtina edib əbədiyaşar olmağı seçmək hər kəsin bacara biləcəyi bir iş deyil. Hələ bir də baş daşına "Naməlum əsgər" yazılan oğullarımız var. O məzarda yatan igiddən geriyə nə qalıb? Baş daşına yazılacaq bir ismi belə yoxdur şəhidimin. Kim olduğu bəlli deyil. Bəlli olan tək şey onun bizlər üçün canını fəda etməsidir. Bəlkə də övladını min bir əziyyətlə böyüdən ana hər gün dua edir onun üçün. Canından bir can olan balasının Şəhidlər xiyabanında "Naməlum əsgər" yazılan məzarda uyuduğundan xəbərsiz... Kim bilir? Bəlkə də ananın hər duası yaş olub süzülür tənha məzar üstünə. Onu ağlayır ana yerinə, övlad yerinə.

Daş kitabələrə yazılan igidlik dastanının qəhrəmanları! Bu gün bu torpaq üzərində nəfəs alan hər kəs sizə borcludur. Əgər fəda edilən ömrə borc demək mümkündürsə... Deməli biz heç vaxt sizin borcunuzu qaytara bilməyəcəyik. Ümidimiz yalnız o şanlı günədir. Qarabağ torpağının düşmən tapdağından azad olacağı günə. Yalnız o zaman müqəddəs ruhunuz qarşısında, ölümün gözünə dik baxan sizlər kimi biz də vüqarla baxa bilərik. Məkanınız Cənnət, ruhunuz şad olsun, Vətən oğulları!