Avtobusda master-klass... Day.Az представляет новость на азербайджанском языке со ссылкой на Milli.Аz.

Vaxtınızı çox alıb, fiosofluq eləməyəcəm. Başıma gələnləri sadə dildə danışacam. Bir neçə gün qabaq avtobusla gedirdim... Yox, gərək birinci iki həftə qabaqkını danışım ki, ardıcıllıq pozulmasın. Deməli, iki həftə əvvəl avtobusla işə gedirdim. Mən ayaq üstdə durmuşdum. Qənşərimdə bir kişi xeylağı oturmuşdu. Kişinin durub mənə yer verməməsindən qətiyyən narahat deyildim və bu düşüncədə deyiləm ki, kişilər həmişə avtobusda ayaq üstdə getməlidirlər. Amma bir az gedəndən sonra avtobusa yaşlı bir qadın da mindi. Mən bir az çəkilib yer hazırladım ki, guya indi bu kişi qalxıb, ağbirçəyə yer verəcək. Amma bu olmadı. Kişi qəfil nətəhər yuxuya getdisə, lap yazığım gəldi. Ağbirçək bir az ayaq üstdə qalandan sonra arxadan bir nəfər insafa gəlib, könülsüz-könülsüz qalxıb, ona yer verdi. Mənim yenə də qənşərimdəki kişi xeylağına acığım tutmadı.

Düşündüm, bəlkə nə isə ağrısı, dərdi var və ya yuxusuzdur, ayaq üstdə durmağa çətinlik çəkir. Amma bir az getmişdik ki, avtobusa 30-35 yaşında bir qadın da mindi. Zalım qızı o qədər ətirlənmişdi ki, qoxusu yazıq kişini də "yuxudan ayıltdı". Kişi nəinki yuxudan ayıldı, hətta dik atılıb, ətirli madmuazelə yerini də verdi. Sonrakı hadisələr də ssenari üzrə baş verdi. Kişi məni üsulluca itələyib (axı mən onun başının üstündə durmuşdum?) qadının başının üstündə durdu və bir az da gedəndən sonra ondan nə isə soruşdu. Elə bu vaxt mənim dayanacağım çatdı və düşüb mürəxxəs oldum işimin dalınca.

Deyəcəksiniz ki, indi biz neyləyək ki, Allah səni gözəl yaratmayıb və sənə avtobusda yer verən yoxdur? Mən də elə ürəyimdə belə düşünüb avtobusdakı bu hadisəni təbiətin başlatdığı ayrı-seçkiliyin məntiqi davamı kimi dəyərləndirmək istəyirdim. Amma bir məsələ buna ciddi şəkildə mane olurdu. O kişinin yer vermədiyi, anası yaşında olan ağbirçək gəlib dururdu gözümün önündə... Sizə danışmaq istədiyim ikinci hadisəni də yazıb söhbəti yekunlaşdırmaq istəyirəm. İkinci hadisə isə bir neçə gün bundan öncə baş verib. Bu dəfə bəndəniz işdən çıxıb avtobusla evə tərəf şütüyürdü. Avtobusa minib bir yer tapıb sakitcə durmuşdum. Bu dəfə də başının üstündə dayandığım kişi qalxıb mənə yer vermədi. Düzünü deyim, belə situasiyalarda həmin kişidən çox mən narahat oluram. Az qalıram, deyəm ki, ay qardaş, narahat olma, başa düşürəm, sən də insansan, yorulmusan, filan. Hətta yanımda duran qadını kişiyə tərs-tərs baxdığına görə ürəyimdə qınadım da. Amma ki...

Elə avtobus yola düşürdü ki, bir nərmənazik səs "ay oğlan, saxla" dedi. Nərmənazik səsin sahibi avtobusa minib, bizim durduğumuz yerə yaxınlaşdı. Mən də belə şeylərdə sərrafam: bircə baxışla qadının səsi ilə yaşının və əndamının qeyri-mütənasiblik təşkil etdiyini, ayağındakı çəkmələrin həddindən artıq hündür dabanlı olmasını, ağ kapron corablarının qırmızı mini ətəyi ilə heç uyuşmadığını təyin etdim. Bütün paxıl qadınlar kimi, mən də onun bu qarlı-çovğunlu gündə belə nazik geyinməsinə bəxtəvərçilik verdim. Mən bu xəyalatda ikən bayaqdan key kimi oturub gözünü məchul bir nöqtəyə zilləmiş "yorğun" kişi yerindən sıçradı. Ürəyimdə "doğrudanmı, o, bunu edəcək?" deyə düşündüm. Yanılmamışdım. Bayaqdan bəri yanında işdən çıxdıqları üçün üz-gözlərindən yorğunluq tökülən, əyin-başlarından abırlı adam olduqları bəlli olan bir neçə qadın ola-ola, yerindən qımıldanmayan bığıburma cavan kişi məhz o qadına yer verdi!

Yer verməyi cəhənnəmə, kürəyini bizim qabağımıza çəpər kimi tutdu ki, birdən kimsə onun məxsusi olaraq mini ətəkli qadın üçün boşaltdığı yerdə oturar. Bu zaman istər-istəməz kobudcasına bizi arxaya sıxışdırdı və... əlbəttə ki, bundan sonra bəndənizin son vaxtlar ictimai nəqliyyatda tez-tez irad etdiyi, daha doğrusu irad etməyə məcbur olduğu "şok terapiya" effektli nitqlərindən növbətisi səsləndi!

Nitqin giriş hissəsində bəndəniz "Kitabi-Dədə Qorqud"dan, "Koroğlu dastanı"ndan, Şah İsmayıl Xətaidən və sair qəhrəmanlıq dastanlarımızdan misallar gətirərək, Azərbaycan xalqının soy-kökünün haralara dayandığını, necə böyük bir millət olduğunu nağıllarımızdan gətirilən faktlarla sübuta yetirdi. Sonra "Leyli və Məcnun", "Əsli və Kərəm", "Abbas və Gülgəz" kimi dastanlarımızdan da misal çəkərək, ülvi hisslərdən, səmimi sevgidən bəhs etdi. Çıxışın sonunda Koroğlunun Nigarını, Nəbinin Həcərini yada salaraq, Azərbaycan qadınlarının həmişə kişilərlə bərabər sırada durduqlarını vurğuladı. Hələ atalar sözü də işlətdi: "Aslanın erkəyi, dişisi olmaz". Çıxışımın maraqlı yerində, birdən arxadan bir ağsaqqal müdrikcəsinə, ağır-oturub batman gələ-gələ, qeybdən gələn bir səslə "Fikir vermə, a bala" dedi. Mən dərhal səsimi kəsib, sükuta daldım. Bəs necə, bizim ellərdə ağsaqqalın sözü qanundur...