Azərbaycanlı 10 yaşlı şair... Day.Az представляет новость на азербайджанском языке

Vaxtından əvvəl dünyaya gələn və çəkisi az olduğu üçün yaşamasına ümid olmayan Tovuz sakini illər sonra hər kəsi öz bacarığı ilə heyrətləndirir. 10 yaşlı balaca şair yazdığı şeirləri ilə nəinki həmyaşıdlarını, eləcə də böyükləri də təəccübləndirir.

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzun Cəlilli kəndində yaşayan Bəhram Novruzov öz istedad və bacarığına görə həmyaşıdlarından fərqlənir. Əla qiymətlərlə oxuyan 3-cü sinif şagirdi digər uşaqlar kimi cizgi filmi və oyunlara vaxt sərf etmir. Məktəb tapşırıqlarını həll etdikdən sonra əlinə kağız-qələm alıb şeir yazmağa başlayır.

İlk şeirini 8 yaşında yazan balaca şairin vətən və qəhrəmanlıq mövzusunda 60-a yaxın şeiri var. Bəhram cəbhə kəndlərində uşaqları və böyükləri qoruyan əsgərlərə də yaradıcılığında xüsusi yer ayırıb. Onun ailəsində, demək olar ki, hər kəs ədəbiyyatla yaxından maraqlanır.

Çətinə düşəndə isə azyaşlı şairə əmisi kömək edir. Bəhramın ən böyük arzusu həkim olub insanların sağlamlığının qeydinə qalmaqdır. Bununla yanaşı şair kimi də yaradıcılığını davam etdirmək niyyətindədir. Yaxın zamanlarda şeirlərindən ibarət kitabın nəşr olunması da planlaşdırılır.