Hamilə kişilərimiz Day.Az представляет статью на азербайджанском языке.

Film təxminən belə başlayır: "Sevgilisindən ayrılan gənc qız bara içməyə gəlir. Yanına yaxınlaşan ilk oğlana dərdini danışır. Qız bir saatlıq monoloqundan sonra başa düşür ki, oğlan həm lal, həm də karmış. Axırı yaxşı bitir. Qız "həyatımın kişisini tapmışam"deyib oğlanın boynuna sarılır.

Onlar aqressivdir, hər yerdə deyinirlər. Uğursuzluqlarının səbəbini hər gün gördükləri qadının gözlərində axtarmağa çalışırlar.

Aqressiv münasibət, vəhşilik artıq heç kimi təəccübləndirmir. Kişilər özlərini iş yerində, ictimai nəqliyyatda iribuynuzlu çöl öküzü kimi aparır. Hamısı yorğun və həyasızdır. Sanki, 1 saat əvvəl iki rayonu işğaldan azad ediblər və ya yeddi cəngavərin kürəyini indicə yerə vurublar. Əsəbi, gərgin, avara, çürükçü... Sosial statusundan, təhsil səviyyəsindən asılı olmayaraq onlar üçün bütün qadınlar bədbəxtliklərinin, uğursuzluqlarının səbəbkarıdır. Getdikcə inanmağa başlayıram ki, dünyada yeganə aybaşı keçirən və hamilə qalan tək kişi növü Azərbaycandadır. İctimai nəqliyyatda oturmaq üçün kişilər bütün avtobusu hamilə olduqlarına inandırmağa çalışırlar. Ayın müxtəlif və ya konkret günlərində sinir krizisi keçirib bütün ofisi başına toplayan və ya saatlarla gözü tavanda nə isə axtaranlar var.

Hamısı qışqırır, dava edir, adam döyür. Vəziyyət o qədər ağırdır ki, qadınlar sakit təbiətli kişi görəndə şok keçirir, ürəkgetməsi tutur.

Bir gəzəyən qadın olur. Dərdini heç kimə deyə bilmir. Kəndin hamısı, rayonun yarısı xanım qızımızdan kamını alsa da, qızın özü sakitlik tapa bilmir ki, bilmir. Nəhayət, gəlir həkimin yanına. Dərdini danışır. Həkim qızı dinləyir. Növbəsində məsləhət verir ki, bir məhlə kişi bəs etmirsə, iki məhlə kişi tap. İki məhlə bəs etmirsə, bir kənd. Bir kənd bəs etmirsə, bir rayon. Həkim sayı artırdıqca, qız deyir ki, olmur, kifayət eləmir. Həkim boğaza yığılıb qıza deyir ki, canım gözüm, sən xəstəsən. Qız sevincək ayağa qalxır: "Həkim, qadan alım, elə mən də onu demək istəyirəm ki, mən xəstəyəm, fahişə deyiləm. Di, sənədimi ver".

Ölkədəki androloq-seksapotoloqların qəbul otağının qarşısı 18-68 yaş arası aqressivlərlə doludur. Bu qəbul otaqları həsrətlə yaxşı bir reportyor gözləyir, seksual problemlərini həll edə bilməmiş, başıhavalı, qadınlara düşmən kəsilmiş nəsnələr isə xəstəlik kağızı. Psixoloji problemi olan kənd qızları meşələrə qaçırılıb zorlanır. Qadınlar pozulmuş, natamam cinsi həyatın nəticəsi olaraq mama-ginekoloji xəstəliklərdən əziyyət çəkir. Qayınata gəlinə göz dikir, müəllim şagirdə. Beş cütlükdən üçü məhz kişilərin cinsi problemləri səbəbindən illərlə uşaq sahibi ola bilmir. Afrodizyak həblər (viaqra) gətirən firmalar iki dəfə artıb. Onlara hələ də xəstə olmaqları haqda sənəd verilmir. Çünki qadına bu qədər nifrət edən məxluq nə fiziki, nə mənəvi kişi ola bilməz.

Artistlik etməyək. İctimai nəqliyyatda qız-gəlinin yançaqlarını əlləyən, psixoloji problemi olan bakirə qızı zorlayan, yuxuda xəyanət etdi deyə səhər durub arvadını öldürən, efir-efir gəzib arvadına "pozğun" adı qoyan məhz bizim kişilərdir. Ona yemək bişirib yekə qarnını doyuran yetim aşpazı qazana basan, özündən güclü görəndə "bu gün and içmişəm döyüşməyim" deyib sazı sinəsinə basan Koroğlunun, hər tutulanda Həcəri "pristavların" ayağına göndərən Nəbinin nəvələri kişilərimiz. Ölkənin artımını, gələcəyi yarıxəstə zümrəyə tapşırmaq təhlükəlidir. Onlara hələ də xəstəlik kağızı verilmir.

P.S. Film təxminən belə bitməli idi: Qız həm lal, həm də kar oğlana ərə gedir. İkinci hissədə oğlanın dili qəfil açılır. Qız heç düşünmədən oğlanı qoyub evdən qaçır.

Milli.Аz