O kartları atmağa tələsməyin Day.Az представляет новость на азербайджанском языке:

Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılmasından uzun vaxt keçsə də, hələlik bu sistem işləmir. Cəmiyyət arasında isə belə söz-söhbətlər gəzir ki, Nəqliyyat Nazirliyinin tətbiq etdiyi yeni sistem iflasa uğrayıb. Bir çox kütləvi informasiya vasitələrində bildirilir ki, artıq nazirlik və nəqliyyat departamenti də gedişhaqların kartla ödənilməsi sisteminin uyğunsuz olduğunu görüb və bu sistem artıq ləğv edilib. Hətta ekspertlər də, yayılmış şayiələrlə bağlı verdikləri açıqlamalarda bildiriblər ki, əslində gediş haqlarının kart sisteminə keçirilməsi düzgün addım deyildi. Bu sistemin ləğv olunması da gözlənilən addım idi.

Qeyd edək ki, hazırda Bakıda 2 mindən çox sərnişin avtobuslarının, demək olar ki, 80 faizində validatorlar quraşdırılıb. Hər bir validatorun da qiyməti min ABŞ dolları təşkil edir. Avadanlıqlar Koreyadan gətirilib. 2013-cü ildən bəri Nəqliyyat Nazirliyinin təqdim etdiyi və təriflədiyi bu sistemin ləğv olunma səbəblərini araşdırmaq istədik. Məsələni araşdırmaq üçün Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə açıqlamasında bildirdi ki, kart sisteminin ləğv edilməsi barədə yayılan söhbətlərin hamısı birmənalı olaraq yalandır.

"Hələlik Nəqliyyat Nazirliyinin tətbiq etdiyi layihələrin heç biri dayandırılmayıb. Sizcə, 2013-cü ildən bəri əzab-əziyyətlə hazırlanan və tərtib olunan layihəni dayandırmaq nə qədər düzgün olar?" - deyə N.Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, belə şayiələrin yaranmasına səbəb həmin sistemin gec işləməsi və yaranmış qüsurlardır. Namiq Həsənov deyir ki, əvvəldən çalışılırdı ki, ictimai nəqliyyatda vahid ödəniş sisteminə keçid olsun. Yəni gedişhaqları vahid ödəmə kartları ilə ödənsin. Sərnişinlər yalnız bir kartdan istifadə edərək həm metroda, həm də avtobuslarda ödəmələr apara bilsinlər. Lakin texniki problemlərlə əlaqədar hələlik buna nail olmaq mümkün olmayıb.

Namiq Həsənov onu da vurğulayıb ki, Avropa Oyunlarına qədər bu sistem artıq tam şəkildə işə düşəcək. Qeyd edək ki, avtobuslarda gediş haqlarının kart sistemilə ödənilməsi barədə layihə 2013-cü ildən hazırlanır. Dəfələrlə Nəqliyyat Nazirliyi tərəfindən bildirilirdi ki, həmin sistem ideal şəkildə tətbiq olunacaq. Bir neçə dəfə sistemin icrasına başlanılacaq gün də dəyişdirilmişdi. Ötən ilin yay aylarından başlayaraq kartla ödəniş sistemi işə düşdü. O zaman Nəqliyyat Nazirliyi bildirdi ki, ilin sonlarına qədər ödənişlər tam nağdsızlaşdırılacaq. Artıq sürücülərin əli nağd pula dəyməyəcək. Lakin həmişəki kimi yenə də verilən vədlər söz olaraq qaldı.

Anspress-in araşdırmasına görə, o vaxtdan indiyə kimi sərnişinlərin yalnız 2-3 faizi kartla ödəmələrdən istifadə edib. Bu da sistemin düzgün qurulmadığını bir daha sübut edir. Ekspertlərin fikrincə də sistemin qurulmasında böyük problemlər var. Nəqliyyat eksperti Məzahir Rüstəmov anspress-ə açıqlamasında bildirib ki, əvvəldən bilinirdi ki, sistem düzgün qurulmayıb.

Ekspert bunun səbəbinə sahibkarlarla sürücülər və nəqliyyat departamenti arasında münasibətlərin düzgün tənzimlənməməsində görür: "Unutmaq olmaz ki, arada maliyyə məsələsi var. Bu sistemin qurulmasına külli miqdarda vəsait xərclənib. Amma bu sistemi qurarkən sahibkarları nəzərə almadılar. Sahibkarların hüquqları da nəzərə alınmalıydı".

Sahibkarlar da ekspertlərin fikirləri ilə razılaşırlar. Sahibkarlar da yeni qurulan sistemin işləməyəcəyini deyirlər.

"Hazırda avtobuslarda validatorlar quraşdırılıb. Artıq bir ildən çoxdur işləyir. Amma gündə kartlardan istifadə edənlərin sayı yox dərəcəsindədir. Bir gündə heç 1 manat yüklənmir", - deyə sahibkarlar bildirib. Onlar bu sistemdə sürücülərlə aralarında narazılıqların yarandığını da əlavə ediblər.