Barak Obamanı heyrətləndirən azərbaycanlı şagirdlər - VİDEO Day.Az представляет новость на азербайджанском языке:

Bu bacı-qardaş ilk baxışdan sizə sıradan şagirdlər kimi görünə bilər. Lakin belə deyil. Onlar ABŞ prezidenti Barak Obamanı heyrətləndirən şagirdlərdir. ABŞ şagirdləri üçün nəzərdə tutulan qısametrajlı film festivalında ilk dəfə olaraq Azərbaycandan olan şagirdlər də öz filmləri ilə iştirak ediblər.

Avropa Azərbaycan Məktəbində təhsil alan TuralFidanın festivala təqdim etdikləri film orada çox böyük maraqla qarşılanıb. Şagirdlərin təəssüratları isə iştirakçıların təəssüratlarından az deyil. Avropa Azərbaycan Məktəbinin şagirdi Tural Abdulla APA TV-yə bunları deyib: "Dərs ilinin əvvəlində məktəbin dram dərsində bizə ingiliscə qısametrajlı film hazırlamaq tapşırıldı. O zaman hər şagird bir mövzu seçdi. Mən belə qərara gəldim ki, Amerika prezidenti Barak Obamanın məşhur "Yes, we can" çıxışını səhnələşdirim. Həmin çıxışı Barak Obama seçkilərdə qələbə çaldığı zaman kütlə qarşısında söyləmişdi. O çıxışın məzmunu belədir ki, qarşısına məqsəd qoyan və israrla çalışan hər bir kəs əvvəl-axır öz istəyinə çatır. Müəlliməmin köməyi ilə həmin çıxışı qısaldıb səhnələşdirdik və məktəbdə keçirilən Yeni il şənliyində tamaşaya qoyduq. Həmin ərəfədə valideynlərimdən öyrəndim ki, Amerikada məktəblilərin qısametrajlı film festivalı keçiriləcək. Bacımla birlikdə həmin səhnəni telefona çəkərək valideynlərimin köməyi ilə festivala təqdim etdim. Məqsədim bu idi ki, bu film vasitəsi ilə ölkəmi Amerika məktəblilərinə tanıdım və onlara sübut edim ki, Azərbaycanda yüksək təhsilli və istedadlı şagirdlər var".

Bacısı Fidan Abdulla isə tamaşada "First lady"nin, yəni ABŞ-ın birinci xanımın obrazını canlandırıb: "Bu tamaşanı hazırlayan zaman qardaşım Turala kömək edirdim. Sonra həmin çıxışın videosuna bir neçə dəfə baxıb, Turalla telefona çəkdik. Düzü, inanmırdıq ki, bu film Barak Obamanın xoşuna gələcək. Amma o, bizə hələ təşəkkür məktubu da göndərdi". "Cəmiyyətə qulluq və yardım" devizi altında keçirilən festivalda azərbaycanlı məktəblilərin filmi münsiflər heyəti tərəfindən xüsusi fəxri fərmana layiq görülüb: "Mən o vaxt həyəcanlandım. Elə bildim, atam mənimlə zarafat edir. Amma sonra bildim ki, Obama mənə məktub yazıb. Ardınca fəxri fərman və təşəkkürnamə göndərib".

Tural Abdulla Avropa Azərbaycan Məktəbinin üçüncü sinif şagirdidir. Müəllimləri deyir ki, o, hər zaman öz bacarığı, davranışı ilə seçilib. Burada 3 dildə dərnək təşkil edildiyini deyən məktəbin müəlliməsi Şəbnəm Heydərzadə deyir ki, uşaqların istedadlarını üzə çıxarmaqda bu cür dərnəklər əsas rol oynayır: "Məktəbimizdə biliklə yanaşı şagirdlərin sosial bacarıqlarını da üzə çıxaran klublar fəaliyyət göstərir. 40-a qədər klub var. Bir gün ingilis dili dərnəyində Tural yaxınlaşdı ki, mən Obamanın nitqini əzbərləmişəm, danışmaq istəyirəm. Mən elə bildim, qısa bir cümlədir. Amma o, çıx sərbəst, səlis şəkildə çıxışı söylədi".

"Mən ingilis dilini burada öyrəndim və hazırda təkmilləşdirirəm. Məktəbimiz və müəllimlərimizdən çox razıyıq. Hər ikimizin sinif müəllimi ilin ən yaxşı müəllimi adını qazanıblar. Məktəbimizi çox sevirik. Uşaqlar savadlı olmaq üçün kiçik yaşlarından kitab oxumalı, elmi biliklərə yiyələnməlidir".

ABŞ prezidentini heyrətləndirməyi bacaran azərbaycanlı şagirdlər artıq gələcəklə bağlı planlarını da müəyyənləşdiriblər.

Fidan - Mən böyüyəndə müəllim, ya da həkim olacağam. Müəllim olsam, öz məktəbimizdə dərs deyəcəyəm.

Tural - Mən isə əvvəl əsgər olacağam, Azərbaycanın bütün torpaqlarını qaytaracağam.

2011-ci ildə təsis edilən Avropa Azərbaycan Məktəbi 5-8-ci siniflərdə təhsil alan 95 şagirdlə fəaliyyətə başlayıb. Daha sonra burada 4-cü sinifləri əhatə edən ibtidai təhsil bölməsi yaradılıb. Hazırda məktəbdə 537 şagird biliklərə yiyələnir. Onlardan 228 şagird orta təhsil, 309 şagird ibtidai təhsil bölməsində təhsil alır.

2014-cü ildə isə məktəbdə 5 yaşlı şagirdlər üçün Erkən Təlim Mərkəzi fəaliyyətə başlayıb.

Videonu izləmək üçün şəkilə klikləyin:

фото