Azərbaycanda balasını görməmiş, dünyaya gəlməmiş ölənlər... Day.Az представляет новость на азербайджанском языке:

Ölkəmizdə doğuş zamanı ana və uşaq ölümlərinin baş verməsi ilə bağlı xəbərləri tez-tez eşidirik. Yəqin razılaşarsınız ki, bu cür ölüm halları ən çox regionlarda baş verir. Bu ilin əvvəlində doğum evlərində baş vermiş ana və uşaq ölümlərinin statistikasına diqqət yetirdikdə də bu aydın görünür.

Agentliklərin məlumatına diqqət yetirdikdə məlum olur ki, bu il ölkəmizdə ilk belə hadisə yanvarın 10-da Qax rayonunda baş verib, ana və körpə ölüb. Qax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, üçüncü hamiləliyi olan Qızbəs Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, o, 7 aylıq hamilədir və körpənin ana bətnində hərəkəti olmayıb. Səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib. Xəstəxanadan qeyd edilib ki, Q. Ağayevanın tromboemboliya xəstəliyi olub, ölümün səbəbi də məhz bu xəstəlikdir.

Bu il ikinci belə hadisə yanvarın 13-də Mingəçevirdə qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Hümbətova Esmira Rafiq qızı normal doğuş sancıları ilə xəstəxanaya gətirilib. Təbii doğuş yolu ilə övladını dünyaya gətirən qadının vəziyyəti təxminən 20 dəqiqə sonra pisləşib. Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyəti isə normal qiymətləndirilir.

Bu il fevralın 4-də növbəti belə hadisə Lənkəran rayonunda baş verib, 29 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) Doğum Şöbəsindən verilən məlumata görə, ciftin tam ayrılması, hemoragik şok və 34-35 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya daxil olan Cəlilabad rayonunun Alar kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimə Şahəli qızı Nuriyeva dərhal əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı olunan qadının 3,7 kiloqramlıq oğlan uşağı dünyaya gəlib. Doğuşdan dərhal sonra R.Nuriyevanın təzyiqi aşağı düşüb, qanaxma baş verib. Həkimlərin səylərinə baxmayaraq ananın həyatını xilas etmək mümkün olmayıb.

Qadının ölümünə kəskin qanaxmanın və ya ağciyər arteriyasının tromboemboliyasının səbəb olduğu bildirilir.

Siyəzəndə isə doğuş zamanı ana ölümü bu ilin fevral ayının 14-də qeydə alınmışdı. Siyəzən Regional Diaqnostika Mərkəzinin məlumatına görə, Şabran rayon sakini, 1975-ci il təvəllüdlü Vəsiyyə Həmidova qeysəriyyə üsulu ilə əməliyyat olunub və qız uşağı dünyaya gəlib. Səhəri gün ananın vəziyyəti pisləşib və görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb.

Bundan bir həftə sonra Doğum Evində ölüm hadisəsi Biləsuvarda baş verib. Belə ki, 21 fevral 2015-ci il tarixdə rayonun Ovçubərə kənd sakini, 8 uşaq anası olan 40 yaşlı Səmayə Nuriyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qəbul edilib. Doğuşdan əvvəl həkimlərin apardıqları müayinə zamanı məlum olub ki, ananın bətnindəki döl ölüdür. Təbii üsulla aparılan doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlsə də, ananın səhhətində hər hansı problem yaranmayıb. Səmayə Nuriyevanın həyat yoldaşı isə uşağın həkimlərin səhlənkarlığı ucbatından ölü doğulduğunu iddia edib. Həkimlər isə uşağın xəstəxanada deyil, ana bətnində bir neçə gün əvvəl öldüyünü deyiblər.

Bu il mart ayının 21-də baş verən bir hadisə isə Bakıda bir ailədə bayram ab-havasını yas havasına çevirdi. Hadisə Bakıdakı özəl klinikalardan birində baş verib. Belə ki, "Trend"in məlumatına görə, klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib...

Əlbəttə, o da real faktdır ki, ölkəmizdə ana və uşaq ölümlərinin sayı illər öncə ilə müqayisədə kəskin azalıb. Evdə doğuş halları, demək olar, yoxdur. Lakin yaxşı olardı ki, yuxarıda sadaladığımız faktların sayı daha da azalsın. Rayonda uşaq dünyaya gətirməyə tərəddüd edən analar Bakıya və ya digər iri mərkəzi şəhərlərə getmək məcburiyyətində qalmasınlar...

Dünən Səhiyyə Nazirliyinin (SN) yaydığı bir məlumat isə diqqətçəkicidir. Açıqlamaya görə, Səhiyyə Nazirliyi (SN) doğum evlərində anestezioloji-reanimatoloji xidmətin təşkili vəziyyətini yoxlayacaq. Bunu qurumun baş anestezioloq-reanimatoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri, Əməkdar həkim Aydın Qədirov deyib. Doğum evlərinin həmişə SN-nin nəzarətində olduğunu deyən baş mütəxəssisin sözlərinə görə, müəssisələrdə anestezioloji-reanimatoloji xidmətin təşkili ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət olunma vəziyyətinin öyrənilməsi üçün daim yoxlamalar aparılır: "İndi də doğum evlərini öyrənəcəyik. Biz anestezioloqun super mütəxəssis olmasını yoxlamırıq. Yoxlama aparanda, birinci növbədə, texniki təminatla bağlı vəziyyəti öyrənirik. Anestezioloji ştat məsələsi normadadırmı, gündəlik idarəetmə və s. vəziyyət necədir?"

Baş mütəxəssis qeyd edib ki, indiyədək aparılan yoxlamaların nəticəsinə görə, müasir dövrdə tibb müəssisələrində anesteziologiya-reanimatologiya xidmətinin normal fəaliyyəti üçün lazımi maddi-texniki baza, kadrların professionallıq səviyyəsi var. A. Qədirov deyib ki, anestezioloji-reanimatoloji xidmətdə birinci növbədə təhlükəsizlik tədbirlərinə hazır olmaq lazımdır. Baş anestezioloq-reanimatoloqun sözlərinə görə, narkoz verilən zaman ən təhlükəli məsələ xəstənin nəfəs alması ilə əlaqədardır: "Çünki narkoz veriləndə xəstədə nəfəs süni olaraq dayanır. Ona görə də süni tənəffüsə hazır olmaq lazımdır. Nəfəsi təmin etməkdən ötrü isə müəssisənin texniki təminat bazası olmalıdır. Tibb müəssisəsinin hər hansı təhlükənin qarşısını almağa qadir olan maddi-texniki bazası olmalıdır. Əgər yoxdursa, orada narkozun verilməsi qadağan edilir. Bütün əməliyyat otaqlarında nəfəs verən süni aparat var, ancaq onu xəstəyə vaxtında qoşmaq lazımdır. Qaydaya görə, yalnız təhlükəsizlik tələblərinə cavab verən yerdə narkoz verilə bilər".

"Zaman Azərbaycan"