Aşığın kafedən qovulması haqqında

Day.Az представляет новость на азербайджанском языке:

Milli.Az kulis.az-a istinadən Seymur Baycanın yazısını təqdim edir.

Bir qismət çörək yemək üçün yaxın bir tanışla girdik kafeyə. Kafe yaşadığım yerin yaxınlığında yerləşir. Burda əvvəllər heç olmamışdım. İlk dəfə idi ora girirdim. Kafedə dörd-beş adam oturmuşdu. Bir nəfər də formada idi. Rütbəsi polkovnik-leytenant. Telefonla oynayırdı.

Ofisiant yaxınlaşdı. Özü də elə yaxınlaşdı ki, sanki, indicə bizi təpiyinin altına salıb döyəcəkdi. Gözünə qoyduğu quşun bir ucu gedib qulağına çatmışdı. Soruşduq: "Yeməyə nə var?"

Bir-iki yemək adı sadaladı. Sonra da əlavə etdi ki, vaxtınız varsa, istədiyiniz yeməyi bişirə bilərik.

Soruşdum: "Menyu yoxdu?"

Dedi ki, menyumuz yoxdu. Birdən ofisiantı adla yuxarı çağırdılar. Pilləkənlə qalxdı ikinci mərtəbəyə. Sözümüz ağzımızda qaldı. Burada oxucunun ağlına belə bir sual girə bilər. Bu qədər detallarla yazmağa nə ehtiyac var? Adam ikinci mərtəbəyə, əlbəttə ki, pilləkənlə qalxmalıdır. Xeyr, elə deyil. Başqa vasitələrlə də ikinci mərtəbəyə qalxa bilər. Məsələn, qanad çalıb uçar. Ya da liftlə qalxar. Ya da kəndirlə. Ya da hava şarıyla. Hər şey mümkündür.

Mən artıq hər şeyə inanıram. Ona görə də bu qədər detallarla yazıram. Bəli, ofisiantı yuxarı mərtəbədən adla çağırdılar. O, da pilləkənlə qalxdı ikinci mərtəbəyə. Bufetin arxasında dayanmış qardaş yaxınlaşdı masamıza. Bayaqkı söhbət təzədən təkrarlandı.

Nə fikirləşdi, nə fikirləşmədi, ağlına nə gəldi, bilmirəm, bu qardaş da qəfil masamızdan aralandı. Yenə sözümüz ağzımızda qaldı. Getdi bir qapını açdı. Qapıdan başını otağa salıb nə dedi, nə demədi, həmin otaqdan bir kişi çıxdı. Bəlli oldu ki, bu kişi aşpazdır. Bir qismət çörək yemək üçün buraya gəldiyimizi aşpaza bildirdik. Aşpaz da hazır yeməklərin adını sadaladı. Dedi ki, gözləmək imkanınız varsa, nə istəsəniz, hazırlaya bilərik. Pendir, göyərti, cızbız sifariş verdik.

Deyəndə və yazanda ki, bizdə hələ də yazı mədəniyyəti formalaşmayıb, bir çox insanların xətrinə dəyir. Bir çox restoran və kafelərimizdə qəribə bir adət var. Soyuq yeməkləri podnosa düzüb adamın qarşısına gətirirlər. Müştəri bu soyuq yeməklərdən hansını istəyirsə, seçib götürməlidir. Baxırsan böyük-böyük restoranlardır, amma bu böyük-böyük restoranlarda menyu yoxdur. Ofisiantın da əlində bloknot-karandaş olmur. Bir şeyi beş dəfə təkrar edirsən. Verdiyin sifarişləri bəzən səhv başa düşürlər. Sonra bunu çətinliklə sübut edə bilirsən. Hesab da sonra artıq gəlir.

Əvvəla sən bir-bir sifariş verdiyin təamların qiymətini soruşmursan. İkincisi indi gəl restoran əhlinə sübut et ki, mən filan təamı sifariş verməmişəm. Bu cümləni yazmaqdan özüm də bezmişəm. Nə etməli, camaatımızın oxumaqla və yazmaqla arası yoxdu. Dərinliyə baş vuranda ancaq bunu görürsən. Restoranda menyu olar. Müştəri oturar. Ofisiant gətirib onun qarşısına menyunu qoyar. Müştəri menyuya baxıb nə yeyəcəyini, nə içəcəyini sifariş verər. Ta durub üç adama nə yemək istədiyini izah etməz.

Qışda kitab yarmarkasında kitab satırdım. Adamlar soruşurdular. Bu kitab nədən bəhs edir. Deyirdim bu əsər tutaq ki, müharibə mövzusunda yazılıb. Müəllif özü də müharibədə iştirak edib. Bu əsər tutaq ki, sevgi mövzusunda yazılıb. Cavablar əksər hallarda adamları qane etmirdi. Kitabın orasına-burasına baxır, özü də elə baxır ki, elə bil bazarda pomidor-xiyar seçir.

Kitabı vərəqləməyin də bir təhəri var. Kitabı gözünə yaxınlaşdırır. Kitaba uzaqdan baxır. Sonra yenə suallar verir. Bu hələ bizim allah qoymasa yarmarkaya gələnlərimizdi. O birilər ümumiyyətlə yoxdurlar. Çox az oxucular nə alacağını bilirdi. Bəziləri isə istəyirdilər ki, oturub əsəri onlara danışasan. Bir nəfər heç yadımdan çıxmaz. Sual verdi ki, sizdə rəssamların həyatından bəhs edən kitab var? Mən rəssamlıqla maraqlanıram. Somerset Moemin "Ay və qara şahı" əsərini verdim adama. Sual verdi: "Bu kimin həyatından bəhs edir?" Dedim: "Qogenin". Üzünə qəribə bir ifadə verib dedi: "Tanımıram".

Ta burda heç cürə özümü saxlaya bilmədim. Partladım. Dedim, a kişi, deyirsən rəssamlıqla maraqlanıram, sən necə rəssamlıqla maraqlanırsan ki, Qogeni tanımırsan?

Mən o yarmarkada nə adamlar gördüm, nə söhbətlər eşitdim, nə suallara məruz qaldım, onu bir o allah bilir. Dəhşət. Adamlar rəsmən istəyirlər ki, sən oturub onlara əsəri danışasan. Üç yüz il əvvəl də belə olub. Beş yüz il əvvəl də. Bir aşıq gəlib. Qəhrəmanlıq, sevgi dastanları danışıb, bunlar da oturub aşığa qulaq asıblar. Qışda da yenə də ayaqlarını sallayıblar təndirə, biri bunlara müxtəlif məzmunlu nağıllar danışıb. Yusif Vəzir öz xatirələrində yazır ki, Şuşaya bir dərviş gəlmişdi, qırx gün əhvalat danışdı. Dini məzmunlu tədbirlər də bu cür olub. Biri danışıb, qalanları oturub qulaq asıblar. Kitab yox, dəftər yox. Nə istəyirsən əlavə et. Necə istəyirsən elə də danış. Həmin adətdir, bu günə qədər bu və ya digər formada müxtəlif sahələrdə davam etməkdədir.

Bəli, qayıdaq kafemizə. Yeməklər masaya gəldi. Bufetin arxasında dayanan adamdan soruşdum: "Çaxırınız var?" Bir az təəccübləndi. Çünki mən uzun saqqalda idim. Dedi: "Butulka da var, razlivnoy da".

Bir litr süzmə çaxır sifariş verdik. Çaxırı qrafində gətirib masaya qoyanda kafenin o biri müştəriləri bizə tərəf baxdılar. Uzun saqqallı bir adamın çaxır sifariş verməsi onların marağına səbəb olmuşdu. Adətən uzun saqqalla kafeyə girəndə adamlar bir balaca özlərini narahat hiss edirlər. Heç nə demirlər. Narahatlıqlarını üzlərindən oxuyuram. Sanki bir növ öz mövcudluğunla onları narahat edirsən. Yəni bilirsən ki, burda içki içirlər, başqa yerə də gedə bilərsən. İçki sifariş verəndə onlara qəribə gəlir. İçəndə isə rahatlaşırlar. Bu dəfə də belə oldu. Stəkana süzdüyüm çaxırı başıma çəkəndə adamlar rahatlaşdılar. Bufetin arxasında dayanmış adamın müraciət forması da dəyişdi. Başladı müəllim deyə müraciət etməyə. Başa düşdü ki, saqqal saxlamaqda heç bir dini motiv yoxdur.

Kafedə bir aşıq da vardı. Kafenin aşığı deyildi. Hardansa gəlib bura çıxmışdı. Özü də deyəsən bir az vurmuşdu. Müştərilərdən biri aşığa pul verdi. Dedi: "Bir hava çal". Aşıq başladı hava çalmağa. Sonra oxumağa başladı. Kafenin işçisi ona dedi ki, oxuma, eləcə sazı dınqıldat. Bu vaxtı müştəri ilə kafenin işçisi arasında söhbət başladı. Müştəri dedi ki, bizim sazdan savayı nəyimiz var? Biz sazı qorumalıyıq. Saz bizim sərvətimizdir və sairə və ilaxır... Kafenin işçisi dedi: "Bir söz demirəm. Çalsın, amma oxumasın".

Aşıq isə oxuyurdu. Kafenin işçisi aşığa dedi: "A kişi, oxuma, çal".

Aşıq dedi: "Axı necə oxumayım? Ürəyim partlayır".

Mübahisə yarandı. Polkovnik-leytenant da bu söhbətə bir qram reaksiya vermir. Yenə də telefonla oynamaqdadır. Ofisiant gəldi. Aşıq başladı ofisianta şeirlər deməyə. Cibindən bir şəkil çıxartdı. Göstərdi ofisianta. Dedi: "Bax gör mən nə qəşəng oğlan olmuşam". Və bir vaxtlar qəşəng olub indi qocalmağı, ümumiyyətlə, dünyanın faniliyi, zamanın zalımlığı haqqında bir şeir dedi. Yenə oxumağa başladı.

Biz də oturub bu məzhəkəyə baxırıq. Kafenin işçisi yaxınlaşdı aşığa. Dedi: "A kişi, oxuma. Yavaş-yavaş çal. Şeir də demə. İstəmirik. Lazım deyil".

Aşıq bu sözlərə əhəmiyyət vermədi. Yenə başladı oxumağa. Artıq aşığa pul verən müştəri də peşman olmuşdu. Kafenin işçisi aşığın yaxasından yapışıb onu kafedən qovdu.

Qəribədir, bu hadisəyə görə heç kimin qanı qaralmadı.