"Keşlə bazarı"nda təlaş: satıcılar söküntünü gözləyir...

Day.Az представляет новость на азербайджанском языке:

Paytaxtın daha bir məşhur bazarı söküləcək. Nəqliyyat Nazirliyi metronun "Koroğlu" stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar Nərimanov rayonunda yerləşən "Keşlə bazarı"nın söküləcəyini dünən rəsmən təsdiqlədi.

Bəlli oldu ki, "Keşlə bazarı"nın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır. Xəbərdə obyektin söküləcəyi haqda bazarda çalışanların məlumatlandırılıldığı xüsusi qeyd olunub.

Qeyd edək ki, paytaxtın ən böyük bazarlarından sayılan "Keşlə bazarı"nda 500-dən çox satıcı var. Nazirliyin məlumatında bazarın digər əraziyə köçürülüb-köçürülməyəcəyi, satıcıların yerlə təmin olunub-olunmayacağı barədə heç nə deyilməyib.

Virtualaz.org saytı isə bu sualların cavabını "Keşlə bazarı"nda axtarıb.

Bazar adi günlərindən birini yaşayır. Nəqliyyat Nazirliyi bazarın sökülməsi ilə bağlı obyekt sahiblərinə məlumatlar verildiyini söyləsə də əksər satıcılar xəbəri dünən gecə ölkə mətbuatından oxuyub. Amma 2 ildən artıqdır bazarın şəhərdən kənar əraziyə köçürüləcəyi ilə bağlı məlumatlar dolaşdığından sökülmə xəbərinə inanmayanlar inananlardan çoxdur. Onlar deyir ki, belə xəbərləri çox eşidiblər deyə daha köçürülmə söhbətlərinə inanmırlar.

İnanmayanların "daşdan keçən" arqumentləri də var: "Bu bazar böyük adamlardan birinə məxsusdur. Onu köçürə bilməzlər!"

Satıcı Elman Niyazov deyir ki, "Keşlə bazarı", yaxınlıqdakı restoran və "Yaşıl bazar" eyni adama məxsusdur: "Eşitdiyimiz budur ki, bu bazarın sahibi Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifə tutur. Bazarın əsl sahibi də odur, amma Ramiz adlı sahibkar işlədir. Onların bazarını isə heç kim sökə bilməz. Yəqin bu bazarı da "Yaşıl bazar" kimi təmir edəcəklər. İnanmıram ki, bu qədər adamı işsiz qoyalar".

10 ildən artıqdır bazarda satıcılıq edən Niyazov yayılan xəbəri "jurnalistlərin təxribatı" adlandırır və digər satıcıları ona uymamağa çağırır: "Bazar sökülsəydi, bizə əvvəlcədən məlumat verilərdi. Ən azından "başınıza çarə qılın" deyərdilər. Heç kim bizə məlumat verməyib, bazar rəhbərliyi də xəbərləri internetdən oxuyub. Jurnalistlər boş-boş danışırlar".

E.Niyazovun bir qədər hündürdən dediyi sonuncu cümləsi ilə satıcıların ətrafımıza toplanması bir olur.

Yaxınlıqda meyvə satan Xanım adlı satıcı dərhal etiraz edir: "Bazarı jurnalistlər sökmürlər ki?! Bizi adam yerinə qoyub xəbərdarlıq etmirlər. Deyəcəklər ki, yerdir də, müvəqqəti alver üçün vermişik, indi də geri alırıq. Bazar sökülsə, sahibi kompensasiya alacaq. Metro keçidləri, 3-cü mikrorayon bazarı söküləndə də öz adamlarına yer verdilər. Mənim kimi sahibsizlər də kənarda qalacaq".

Digər satıcı Nəsibə xanım isə deyir ki, hər vasitədən istifadə edərək, lap elə yolu bağlayaraq bazarın sökülməsinə imkan verməyəcəklər: "Əgər bizə başqa ərazilərdə alver üçün yer verməsələr, yolu kəsib bazarın sökülməsinə imkan verməyəcəyik. Elə satıcı var ki, 7-8 nəfərlik ailəsini kartof satmaqla dolandırır. Bazarın qapalı ərazisində 300-400 satıcı var. Hələ küçədə mal satanları demirik. Quba-Xaçmaz bölgəsindən gələnlərin əksəriyyəti bu bazarda alver edir. Səhər saatlarında alver edib gedirlər. Bizi yerlə təmin etsinlər".

Bazarın girəcəyində yerləşən mağazaların sahibləri isə sökülmə xəbərindən təşvişə düşüblər: "Malların hamısını firmalardan nisyə götürmüşük. Hər 10 nəfərdən 9-nun banklara borcu var. Bizə xəbərdarlıq etmirlər. Biz banklara kreditimizi necə ödəyəcəyik? 50-60 min borcu olanlar neyləyəcəklər?"

Bazarın girəcəyində quru meyvə satışı ilə məşğul olan Arif adlı satıcı da bankdan götürdüyü krediti qaytara bilməyəcəyindən narahatdır: "40 min dollar kredit götürmüşdüm, İrandan, Türkiyədən quru meyvə gətirmişəm. Dollar bahalaşandan sonra əlimdəki 5-10 min manatlıq qazancı da itirdim. İndi bazar sökülərsə, evimi satıb banka verməli olacam. Bəs 3 uşağımı, anamı, həyat yoldaşımı necə dolandırmalıyam? Mən də etiraz edəcəm".

Satıcıların "Həsən dayı" çağırdıqları satıcı isə artıq başqa bazarda yer götürdüyünü deyir: "Bu bazar bir il tez, bir il gec, axır ki, sökülməlidir. Mən başqa bazarda yer götürmüşəm. Kartof-soğanımı götürüb başqa yerdə satacam. Mənim üçün fərqi azdır".

Kənd toyuğu satan qadının yanımıza gəlməsi ilə səssizlik yaranır: "Nədir, hərəniz bir aparat götürüb gəlirsiniz?! Söküləcək, ya sökülməyəcək. Bazarın müdiriyyəti var, onlar söküləcəyini bilməyəndən sonra biz nə bilək?! Hökumətlə hökumətlikmi etməliyik?"

Onun bu sözlərindən sonra satıcılar dağılışırlar. Məlum olur ki, artıq satıcılar arasında fikir ayrılığı yaranıb. Bazar rəhbərliyinə yaxın adamlara əraziyə gələn kənar adamlara nəzarət etmək tapşırılıb.

Satıcılardan biri deyir ki, narazılar arasında fikir ayrılığı salmaqla əhalini parçalamağa, beləliklə də narazıları pərən-pərən salmağa çalışırlar: "Onlara yer də, pul da verəcəklər. Biz yerdən asılı olaraq günə 3-5 manat və ya bir aya 100-120 manat yerpulu ödəməklə çörəkpulumuzu zorla qazanırıq. Onlar isə yerpulunu vermirlər, ya da cüzi ödəyirlər. Əvəzində insanların gözünü qorxutmağa çalışırlar. İndi siz gələn kimi rəhbərliyə xəbər çatdırıblar".

Bazardan ayrılıb ətrafdakı evlərin sakinləri ilə söhbətləşirik. Yaxınlıqda yaşayan Yusif Məmmədov deyir ki, bazar söküləndən sonra onların yaşadığı evlər də plana düşəcək: "Bazarın sökülməsi yaxşıdır. Ətrafda abadlıq işləri aparılar. İndi bu bazarla marketlər arasında fəqr qalmayıb. Əvvəllər ən ucuz bazar hesab edilən "Keşlə bazar"ında indi çox bahalıqdır. Fikir verin, badımcan marketlərdə 2 manat, burada 2 manat 20 qəpikdir. Hər şey bahadır, çünki kənddən gəlib alver edənlər azdır. Çoxunun başqa bazarlarda da yeri var".

Sevda İsmayılova adlı sakin isə hələlik onlarla kompensasiya ilə bağlı danışıqlar aparılmadığını söyləyir: "Bizimlə heç kim danışmayıb. Ərazinin söküləcəyini kənar şəxslərdən eşidirik. Evlərin sahəsi ölçülməyib, kompensasiyanın məbləği açıqlanmayıb. Yəqin bundan sonra deyərlər. Biz hələlik nə olacağını bilmirik".

Bazar müdiriyyəti ilə əlaqə saxlamaq mümkün olmasa da, rəhbərliyin söküntü qərarından xəbərdar olması şəksizdir.

Hələlik bazarın taleyi Maliyyə Nazirliyinin bir qərarından, bir imzadan asılıdır. Elə bazarda çörək qazanan 500-dən çox satıcı və onların ailələrinin taleyi də bir imza ilə həll ediləcək. Gözləyək...