Dükanlarda kredit yolu ilə satılan mallarla bağlı fırıldaq

Day.Az представляет новость на азербайджанском языке.

Azad İstehlakçılar Birliyinə (AİB) hər gün dükanlarda kredit yolu ilə satılan mallar və kreditin ödənməsinə dair problemlərlə bağlı çoxsaylı şikayətlər daxil olur.
 

AİB-in sədri Eyyub Hüseynov qeyd edir ki, rəhbərlik etdiyi quruma müraciət edən çoxsaylı istehlakçılar banklara vaxtı keçmiş kreditlərin qaytarılmasında problemlər olduğundan danışırlar.

"Həqiqətən, bu, çox ciddi məsələdir və istehlakçının gündəlik yaşayışına təsir edən amildir. Həmçinin, son 3 ayda baş verən iqtisadi proseslər göstərir ki, hətta, dövlət vəsaitlərinin kredit şəklində əsassız xərclənmələrinə yol verilib. Ölkə başşısının tapşırığı ilə müxtəlif qanunsuz yollarla verilmiş kreditlərin qaytarılması üçün tədbirlər görülür. Burada vacib, lakin ilk baxışdan diqqətdən yayınan cəhətlər var. Kommersiya banklarında pul defisitinn yaranması təkcə banklardan vətəndaşlara və hüquqi şəxslərə kredit şəklində verilmiş pullarla bağlı deyil. Bank kreditlərində yaranmış problemlər "aysberqin görünən tərəfidir". Görünməyən tərəfi isə istehlakçıların ticarət şəbəkələrindən kreditlə və ya "yerində rəsmiləşdirməklə" aldıqları mallara görə ödənişlərdə yaranan problemlərdir. Bizə daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, bütün növ məişət malları və aksessuarları, mobil telefonlar, mebel, mənzil təmiri aksessuarları və s. ev əşyalarının böyük əkəsriyyətini istehlakçılar uzunmüddətli ödənişlə alırlar".
 

Onu sözlərinə görə, burada iki cür rəsmiləşmə var.

"Birincisi, ticarət şəbəkəsi ayrı-ayrı kommersiya bankları vasitəsilə malları kreditlə satır. Bunlar nəticə etibarilə istehlak kreditləri kimi banklarda toplanır. Daha çox yayılmış və daha çox problemli sahə isə ticarət şəbəkələrindən birbaşa istehlakçıya müddətli ödənişlə malların satılmasıdır. Buna "dükan kreditləri" deyək. Bu zaman ticarət mərkəzi, satış şirkətləri özləri "bank rolunu" oynayır və malını kreditlə satmış olur. Təbii ki, nağd satışdan fərqli olaraq, kreditlə, müddətli ödənişdə mal daha baha qiymətə satılır. Bu da son vaxtlar, hətta, ölkə prezidentini də narahat edən və həllinə xüsusi diqqət ayırdığı süni qiymət artımına səbəb olan amillərdndir.
 

Təsəvvür edin, ticarət şəbəkəsi nağd satışda olan malın dəyərinə azı 20-30 faiz əlavə etməklə onu müddətli ödənişə verir. Bu zaman alıcının ödəmə qabiliyyətli olub-olmaması, gəlirinin səviyyəsi, başqa dükanlara və banklara kreditin olmasını heç kəs araşdırmır. Tam nəzarətsiz qalmış və böyük məbləğdə vəsaitlərin dövriyyə etdiyi bazardır. Bizə daxil olan şikayətlərin təhlili göstərir ki, məsələn, şəxs gedib dükandan məişət əşyaları, mobil telefon alır. İlkin ödənişsiz və "faizsiz" adı ilə təqdim edilən mal əslində dəyərindən baha qiymətə satılır. İstehlakçı buna fikir vermir, onu həmin anda müddətli ödəniş maraqlandırır. Qızına cehiz verən və ya övladına bahalı telefon almaq istəyən aztəminatlı ailələri bu təklif cəlb edir. İstehlakçı həvəslə buna gedir, malı alır, bir müddətdən sonra ödənişlərində problem olanda gedib bankdan kredit götürür ki, dükana ödəsin və ya əksinə banka borcu ödəmək üçün heç bir sənəd təqdim etmədən dükandan bahalı telefon alır, digər dükanda onun ucuz qiymətə satıb pul əldə edir və banka ödəniş edir və sair".

Beləcə zəncirvari bir inkişafla borclar şişir. İlkin təhlillər göstərir ki, bu gün problemli kreditlərin bu qədər şişməsində "dükan kreditləri"nin payı təxminən 35-45 faiz arasındadır. Süni qiymət artımının yaranması, istehlakçı hüquqlarının pozulması, telefon və digər məişət əşyalarına zəmanət verilməməsi və s. bu kimi istehlakçı şikayətlərinin 70 faizə yaxını "dükan kreditləri" ilə alınan mallara aiddir. Eyni zamanda, bir neçə dükandan telefon, məişət əşyası, mebel alan sadəlövh istehlakçı bir neçə aydan sonra boğulmağa başlayır. Bundan qurtulmaq üçün banka üz tutur, orda da yüksək faizlər və s. Düşünürük ki, Azərbaycan istehlakçısını ödəniş qabiliyyətsiz edən, problemli kreditləri şişirdən səbbələrdən biri də budur.
 

AİB bu problemləri azaltmaq, süni qiymət artımına qarşı dövlətin apardığı siyasətə dəstək vermək üçün istehlakçılar arasında geniş maarifləndirmə işinə başlayır. Daxil olan şikayətlərin təhlili, eyni zamanda, ticarət şəbəkələrində monitorinqlər aparılacaq. Hazırda AİB-in əməkdaşlıq etdiyi beynəlxalq istehlakçı təşkilatları ilə də müzakirələr aparıb, xarici ölkələrdə bu cür problemlərin həlli yolları barədə təcrübələri öyrənirik. Maarifləndirmə işinə ictimai dəstəyi təmənnasız həyata keçirən iqtisadçı, hüquqşünas ekspertlər də cəlb etmişik. "Dükan kreditləri"nin dövriyyəsi, onun vergiyə cəlb olunma mexanizmləri, süni qiymət artımına təsiri, müqavilə şərtləri, istehlakçı hüquqlarının pozulması halları ekspertlərimiz tərəfindən araşdırılır. Bu problemlərin rasional həlli yolu da AİB-ə məlumdur.
 

Bu ərəfədə "dükan kreditləri"ndən əziyyət çəkən, narazı qalan istehlakçılara AİB-ə müraciət etməyi tövsiyə edirik. Bu cür hallarda hüququ pozulmuş istehlakçılara təmənnasız xidmət etməyə hazırıq. Bu məsələdə mətbuatı və istehlakçılarımızı da fəal olmağa çağırırıq.