Bir milyon oğurlayan gəncin vəsatəti təmin edildi

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manatdan artıq pul oğurlayan gəncin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Astara rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Qəhrəmanov, 1983-cü il təvəllüdlü Zaur Namazov və 1988-ci il təvəllüdlü Fərid Əlibəyovun vəkilləri işin istintaqını aparan müstəntiqlərin məhkəməyə çağırılmasını istəyiblər. Hakim vəsatəti təmin edib. Növbəti məhkəmə iclası iyunun 5-də keçiriləcək.

Qeyd edək ki, İsmayıl Qəhrəmanov Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi və mənzillərdən 1 milyon manatdan artıq dəyəri olan qızıl və müxtəlif valyutalar oğurlaması müəyyən edilib.

İsmayıl Qəhrəmanov istintaq zamanı bildirib ki, evlərdən ölçüsü kiçik, dəyəri böyük olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş. Nə qədər bahalı olursa olsun, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron avadanlıqlara tamah salmırmış. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli varlı və tanınmış adamlar da var.