CİDDİ XƏBƏRDARLIQ: Enerji içkiləri öldürə bilər

Day.Az представляет новость на азербайджанском языке:

İnsanın səhhəti üçün zərərli olan və mütəmadi şəkildə istifadə etdikdə asılılıq yaradan qidalar sırasına daha biri də əlavə olundu. Siqaret və spirtli içkilərin ardından bu dəfə enerji içkilərinin istifadəsi artmaqdadır.

Son dövrlərdə uşaqdan böyüyə hər kəsin əlində enerji içkilərinə rast gəlmək mümkündür. Lakin ötən gün Türkiyədə 22 yaşlı qızın enerji içkisindən dünyasını dəyişməsi bu içkilərin sağlamlıq üçün təhlükəli olduğunu bir daha gündəmə gətirdi.

Enerji içkilərinin sağlamlığa ziyanlı olması barədə bir çox iddialar olsa da, bunun ölümə səbəb olması gözlənilməz idi. Bu gün də yüzlərlə insan qəbul etdiyi enerji içkisinin həyati təhlükəsini nəzərə almadan, ondan istifadə etməyə davam edir.

Musavat.com bunu nəzərə alaraq, enerji içkilərinin ziyanlı təsiri barədə ekspert rəyini təqdim edir.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, energetik içkilərin tərkibində müxtəlif dərmanlar var və bunlardan insana ən çox təsir edən də kofeindir: "Kofein ürəyin fəaliyyətini gücləndirir. Ardıcıl olaraq, enerji içkiləri içdikdə ürəyi həddindən artıq yormuş oluruq. Ürəyi zəif olan, ürəyində problem olan adamlarda bu orqanın həddindən artıq çalışması və kənar müdaxiləyə məruz qalması oksigen tələbatını da artırır. Nəticədə ürəyə gələn oksigenlə tələb olunan oksigenin miqdarı arasında kəskin fərq yaranır ki, bu da insan səhhətində problemə səbəb olur. Uzun müddət enerji içkilərindən istifadə etmək ürək çatışmazlığına, ürək mədəciklərinin genişlənməsinə gətirib, çıxara bilər".

Ekspert onu da vurğuladı ki, allergiyaları olan, ürək ritminin pozulması problemini yaşayan, ürək çatışmazlığından əziyyət çəkən şəxslərə bu içkilər ümumiyyətlə, qadağan olunmalıdır: "Yüksək qan təzyiqindən əziyyət çəkənlərə enerji içkilərindən istifadə etmək olmaz. Eləcə də, yaşlı insanlara da bu cür içkilər məsələhət deyil. Ancaq bunu birmənalı olaraq, yaşla da əlaqələndirmək olmaz. Ola bilər ki, cavanların da ürək fəaliyyəti bu içkidən istifadəyə imkan verməsin. Bu, orqanizmin vəziyyətindən asılıdır. Uşaqların da enerji içkilərindən istifadə etməsi yolverilməzdir. Bu, ürəyin ritminin pozulmasına gətirib, çıxara bilər. Mütəmadi olaraq, enerji içkilərini qəbul edən insanları müayinə etsək, görərik ki, bu, onlarda ürəyin ritminin pozulmasına səbəb olur. Bu içkilərdən istifadə süni surətdə ürəyin ritmini artırır. Ancaq əslində, buna lüzum yoxdur. Nəticədə ürək əzələsi həddindən artıq yorulur və müxtəlif fəsadlara yol açır".

Energetik içkilərin ziyanlı təsirini nəzərə alaraq, bir çox ölkələrdə bu məhsulların satışına qadağalar qoyulub. Qonşu Rusiyanın Sankt-Peterburq şəhərində spirtli energetik içkilər qadağan edilib. Şəhər Şurası spirtli energetik içkilərin qadağan olunması ilə bağlı qanun layihəsini təsdiqləyib. Tərkibində 1.5 faizdən çox spirt olan energetik içki satan fiziki şəxsləri 3 min rubldan 5 min rubla qədər, hüquqi şəxsləri isə 200 min rubldan 300 min rubla qədər cərimə gözləyir.

Azərbvaycanda isə bu məhsulların satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Energetik içkilər hətta azyaşlı uşaqlara da rahatlıqla satılır.

Təsadüfi deyil ki, enerji içkilərindən istifadə məktəblilər arasında geniş yayılıb. Ekspertlər isə həyəcan siqnalı çalırlar ki, əgər səhhətinizi qorumaq istəyirsinizsə, qısa zamanda menyünüzdən enerji içkilərini çıxarın.