"Space” TV-nin yayımı dayandırıla bilər

Day.Az представляет новость на азербайджанском языке.

"Space" TV-nin efirində baş verən son qeyri-etik olaylar artıq cəmiyyətdə ciddi narazılıq yaradıb. Bu günlərdə telekanalın "Günaydın" verilişindəki biabırçılıq yetməzmiş kimi, yenidən həmin telekanalda qeyri-etik, efirə yaraşmayan sözlərin işlədilməsinin şahidi olduq.
 

Belə ki, adıçəkilən telekanalın "Əsl şou" verilişində müğənni Səidə Sultan həmkarı Rəhim Rəhimli ilə müğənni Niyam barəsində danışarkən "Adə, uşağımın xətrinə dəymə, cıraram səni..." kimi qeyri-etik sözlər işlətdi.
 

Bundan öncəki olayda cəmiyyətin ciddi təpkisi sayəsində Milli Televiziya və Radio Şurası (MTRŞ) məsələyə qarışaraq, "Space"in rəhbərliyi ilə görüşdüyü və bu məsələyə görə üzrxahlıq edildiyi barədə açıqlama vermişdi. Lakin görünən budur ki, adıçəkilən telekanalın rəhbərliyi efirdə baş verən qeyri-etik olaylara saymazyana münasibət göstərir.
 

Telekanalın icraçı direktoru Kamil Şahverdiyevin mətbuata verdiyi açıqlama da birmənalı qarşılanmadı. Onun dediyinə görə, "Televiziyada baş verən hadisə ilə bağlı müzakirələr aparılıb və konkret tədbirlər görülməsi barədə qərar qəbul edilib. İyulun 17-dən etibarən "Günaydın" proqramının yayımı dayandırılacaq və proqram bağlanacaq".
 

Bir çox ekspertlər tərəfindən bu açıqlma "Space" rəhbərliyinin ictimaiyyətə qarşı növbəti təhqiramiz münasibəti kimi dəyərləndirilərək, "Əgər telekanal rəhbərliyi sözügedən "ÇP" ilə bağlı verilişi bağlamaq niyyətində olsaydı, bu qərar elə həmin gün verilərdi" kimi şərhlər verildi. Bu azmış kimi verilişin aparıcısı Vüsalə Kərimova ona proqramda baş verənlərlə bağlı heç kimin irad tutmadığını, əksinə, növbəti mövsümdə yeni verilişlə efirə çıxacağını bildirmişdi.

"Əsl şou" verilişində baş verən qeyr-etik hərəkətdən sonra Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən "Space" TV-nin tamamilə efir yayımının dayandırılacağı barədə də məlumatlar yayıldı.
 

Bu barədə yayılan məlumatları dəqiqləşdirmək üçün MRTŞ-nın aparat rəhbəri Toğrul Məmmədovla əlaqə saxladıq.

Milli.Az xəbər verir ki, T. Məmmədov musavat.com-a açıqlamasında "Space" telekanalına qarşı daha ciddi tədbirlərin görüləcəyini deyib: "Növbəti həftədə MTRŞ bu məsələyə ciddi yanaşacaq. Burada yol verilən qanun pozuntusuna görə hansısa tədbirin görülməsi Şuranın hüquqlarına aid məsələdir. Cəza olaraq, sanksiyalar tətbiq edilə, televiziyanın yayımı bir aylıq müddətə dayandırıla və ya proqram tamamilə ləğv edilə bilər. Təbii ki, bütün bunlar MTRŞ-nın verəcəyi qərara bağlı olacaq".
 

Toğrul Məmmədov telekanal rəhbərliyindən konkret hesabatın tələb ediləcəyini də deyib: "Şifahi danışıqdan söhbət gedə bilməz. Biz televiziyanın rəhbərindən konkret hesabat istəyəcəyik. Yəni proqrama və yaxud işçilərə verilən cəza və ya intizam məsuliyyətinə cəlb edilməsi, rəsmi qaydada proqramın hansı vaxtdan dayandıralacağı barədə əmrin surətini, rəsmi sənədlə tələb edəcəyik. Bir sözlə, hər şey rəsmiyyətlə olacaq. Əgər tələb olunan sənəd təqdim edilməzsə, təbii ki, daha ciddi sanksiyalar tətbiq edəcəyik".
 

Aparat rəhbəri cəmiyyətin mənafeyinə uyğun olmayan bütün verilişlərin MTRŞ-nin nəzarətində olduğunu və bu barədə artıq müzakirələrin getdiyini də qeyd edib.

Xatırladaq ki, bu günlərdə "Space" TV-nin efirində yayımlanan və Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu bir-birilərinə qarşı biabırçı şəkildə qeyri-etik sözlər işlətmişdilər. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəkələrdə tənqidi reaksiyalar verilmişdi.
 

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli isə baş verən qeyri-etik olaylara münasibət bildirərək, telekanal rəhbərliyini bu məsələyə etinasız yanaşmaqda qınamışdı və "Telekanallar cəmiyyət üçün ciddi təhlükəyə çevrilir" - deyə qeyd etmişdi.