Bakıda qardaş qardaşa kələk gəldi...

Day.Az представляет статью на азербайджанском языке:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 1987-ci il təvəllüdlü Samir Eyyubovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Samir Eyyubov 2 iyul 2014-cü ildə torpaq satmaq adı ilə Samir Səmədzadəni aldadaraq ona külli miqdarda zərər vurub.

Törətdiyi cinayət əməlinə görə Samir Eyyubova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
 

Təqsirləndirilən şəxs qismində dindirilən Samir Eyyubov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Samir Səmədzadəni tanıdığını, onunla eyni məktəbdə oxuduqlarını göstərib: "Ötən ilin iyun ayının əvvəllərində Samir söhbət əsnasında 600 kv.metr torpaq sahəsi almaq istədiyini dedi. Həmin ərəfədə mənə pul lazım idi. Qardaşım Azada məxsus 1200 kv.metr torpağı Samirə göstərib onu aldadaraq 10 min dollar almaq qərarına gəldim. Həmin torpaq sahəsi evdən 200-300 metr aralıda yerləşirdi, qonşular tərəfindən üç hissədən hasara alınmışdı, küçə tərəfdən açıq idi.
 

Torpaq sahəsini Samirə gecə vaxtı göstərdim və atamdan miras qaldığını dedim. Samirlə razılaşdıqdan sonra qardaşım Azadla danışıb hazırda yaşadığım evi satmaq istədiyimi deyərək onu aldatdım. Çünki həmin evin tikildiyi torpaq sahəsi qardaşımın adına idi. Azad da razılaşdı".
 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, qardaşını inandırdıqdan sonra onunla birlikdə notariat kontoruna gedib. Qardaşı Azad Eyyubov onun adına etibarnamə verib: "Samirə zəng vurub "Gənclik" metrosu yaxınlığındakı notariat kontora gəlməsini söylədim. Samir gəldi, etibarnamədə 300 kv.metr torpaq sahəsi olduğunu, etibarnamənin mənim adımdan deyil, qardaşım Azadın adından verildiyini görüb şübhələndi. Qardaşımla görüşmək istədiyini, əks təqdirdə pulu verməyəcəyini bildirdi. Samirə pulun 5 min dollarını qardaşıma verəcəyimi dedim, razılaşdıq".
 

S.Eyyubovun ifadəsinə görə, ertəsi gün Samirlə kafedə görüşüb. Amma görüşə tək getməyib. Təsadüfən tanıdığı bir nəfəri özü ilə aparaq onu qardaşı kimi təqdim edib: "Həmin şəxsə hər şeyi başa saldım. O, özünü Azad kimi təqdim edəcəkdi və pulun 5 min dollarının ona çatacağını deyəcəkdi. Bunun müqabilində ona 20 manat verdim.
 

Samir kafeyə atası ilə birlikdə gəlmişdi. Razılaşdığımız kimi, həmin oğlan Samirin atasını inandırdı ki, guya adı Azaddır, mənim qardaşımdır, torpağın satılmasına görə heç bir narazılığı yoxdur, pulun da 5 min dolları ona çatacaq. Samir həmin gün 5 min, ertəsi gün isə 3900 manat verdi. Samirə dedim ki, növbəti gün görüşüb evin açarını ona verəcəyəm, gedib ev tikə bilər. Amma sonradan Samir mənimlə əlaqə saxlasa da onunla görüşmədim. Fikirləşdim ki, yalanlarımın üstü açılar. Qardaşım Azada da 1000 manat verib demişdim ki, öz evi olan həyətin torpaq sahəsinin puludur. Samirə isə dedim ki, evin açarlarını itirmişəm, gedib qıfılı sındırıb təzə qıfıl qoysun, işini görsün. Samir də mənə inanıb qıfılı sındırıb, təzə qıfıl qoyub və atası ilə birlikdə həyəti təmizləyərkən qardaşım gəlib çıxıb.

Qardaşım onlara deyib ki, həmin torpaq ona məxsusdur, heç kimə satmayıb. Beləliklə, mənim yalanlarımın üstü açılıb. Samir mənə zəng vuranda söz tapıb deyə bilmədim. Pullarını istəsə də qaytara bilmirdim, xərcləmişdim, yaxın günlərdə qaytaracağımı deyirdim. Samirə söz versəm də, pulunu qaytarmamışdım".
 

Zərərçəkmiş şəxs qismində dindirilən Samir Səmədzadə ifadəsində göstərib ki, keçmiş sinif yoldaşı Samirlə söhbət edərkən ona torpaq almaq istədiyini deyib. Samir də ona yaşadığı Kürdəxanı qəsəbəsində satlıq torpaq olduğunu bildirib: "Kürdəxanını tərifləyib oradan torpaq almağı məsləhət gördü. Samirin təklifi ilə torpaq sahəsinə gedib baxdım. Həmin torpaq sahəsində yarımçıq tikili var idi. Samir deyirdi ki, ev atasından miras qalıb, orada heç kim yaşamır. İki ögey qardaşı və bir bacısı var. Ondan satdığı torpağa görə qardaşlarının etiraz edib-etməyəcəklərini xəbər aldım.
 

Samir dedi ki, atası rəhmətə gedəndən sonra qardaşları ilə aralarında münaqişə olub, ev və torpaq sahəsi ona məxsusdur. Amma qardaşı Azada, satandan sonra 5 min dollar verəcək. Bir sözlə, torpaq sahəsini və yarımçıq tikilini 10 min dollara razılaşdıq. Samir mənə qardaşının adından yazılmış etibarnamə verdi. Samirə 5 min dollar və 3900 manat pul verdim. Ertəsi gün aldığımız torpaq sahəsində təmizlik işləri apararkən iki cavan oğlan, orta yaşlı bir kişi və bir qadın bizə yaxınlaşdılar. Həmin adamların torpağın onlara məxsus olduğunu dedilər və nə etdiyimizi soruşdular. Onlara etibarnaməni göstərdim. Sonradan bəlli oldu ki, həmin şəxslər Samirin ögey qardaşları və anası olub.
 

Məlum oldu ki, Samir bizdən 5 min manat alanda qardaşı Azad kimi təqdim etdiyi başqa adam olub. Azad bizə dedi ki, etibarnamə hazırda Samirin yaşadığı ev üçün verilib. Bundan sonra dəfələrlə Samirə zəng vursam da, müxtəlif bəhanələrlə görüşməkdən boyun qaçırırdı. Ona görə də məcbur olub polis bölməsinə şikayət ərizəsi yazdım. Onu da deyim ki, bu hadisədən sonra Azad mənə 1000 manat ödədi".
 

Şahid qismində dindirilən Azad Eyyubov ifadəsində Samirin ögey qardaşı olduğunu, atası Rəfinin ölməmişdən əvvəl Kürdəxanı qəsəbəsində iki torpaq sahəsi aldığını və ev tikdiyini göstərib: "Atam evlərdən birini Samirə, birini də mənə vermişdi. Samir ailə üzvləri ilə birlikdə orada yaşayırdı. 2014-cü ilin yayında Samir yaşadığı evin yanında ona məxsus olan torpağı satmaq istədiyini dedi. Mən də Samirin adına etibarnamə verdim. Razılaşdıq ki, satıb 4500 manat mənə verəcək. Amma Samir mənə 1000 manat verib, qalan pulu bir neçə gündən sonra verəcəyini bildirdi.

Ertəsi gün qonşu zəng vurub Kürdəxanıdakı evi satıb-satmadığımı xəbər aldı və orada bir neçə şəxsin olduğunu dedi. Kürdəxanıya gəldim, həmin şəxslərə torpağın mənə məxsus olduğunu dedim. Məlum oldu ki, qardaşım Samir Səmədzadəni aldadıb, mənim evimi göstərməklə ondan pul alıb. Həmçinin onlara mənim əvəzimə başqa bir şəxsi göstərərk aldadıb. Samirin mənə verdiyi 1000 manatı zərərçəkmişə qaytardım".
 

Məhkəmənin hökmü ilə Samir Eyyubov 7 il müddətinə azadlıqdan məhrum edilib.