Bakıda mənzillərin qiymətində son vəziyyət - CAVAB

Day.Az представляет новость на азербайджанском языке:


"Mənzil bazarında keçən ilin payızından başlayan qiymətlərin azalması tendensiyası davam edir".

Bunu Publika.az-a açıqlamasında "Value and Sources"in eksperti Rəşad Əliyev deyib. O bildirib ki, qiymət enməsinə səbəb olan mövcud amillərə may ayından etibarən həm də yay mövsümü amili əlavə olunub: "Yay vaxtlarında bazarda həmişə aktivlik aşağı düşür. Təkrar bazarda qiymətlərin enməsi son aylarda davam edib. Enmə kirayə bazarında, ilkin bazarda da müşahidə edilib".

Bununla belə ekspert hesab edir ki, ilkin bazarda qiymət səviyyəsini ciddi qəbul etməyə dəyməz. Çünki ilkin bazar təklif bazarıdır, yəni tikinti şirkətləri tərəfindən diqtə edilən bazardır: "Hazırda daha çox qiymətlərin necə olacağı maraqlıdır. Güman etmək olar ki, sentyabr ayında ümumi bazar üzrə qiymətlərin enmə tendensiyası dayanacaq. Sabitləşmə torpaq sahələrinə və mənzil bazarına aid olacaq. Kommersiya obyektlərinin qiymətləri haqda nəsə demək çətindir, onların təklif qiymətləri yüksək olmaqla hələdə iqtisadi şəraitə uyğun deyil, üstəlik də onları investisiya cəlbediciliyi azalıb".

Onun sözlərinə görə, hazırda bazara təsir edən 2 amil var: "İqtisadiyyat üzrə pul likvidliyinin aşağı səviyyəsi (manat kreditləri ilə bağlı problemlər, manatın məzənnəsinin qorunması və inflyasiya ilə mübarizə çərçivəsində atılan addımlar və s.) və ümumi iqtisadi şərait. İqtisadiyyatın artıq yeni şəraitə uyğunlaşmasına baxmayaraq daşınmaz əmlak bazarında sabitləşmə nəzərə çarpmır. Buna görə də bazarda enmə tendensiyalarına səbəb olan əsas səbəb yuxarıda qeyd edilən məhz birinci amildir".

R.Əliyevin fikrincə, gələcək perspektivdə bazarda qiymət artımına səbəb ola biləcək 2 səbəb ola bilər- neftin qiymətinin artımı və Mərkəzi Bank tərəfindən iqtisadiyyatın stimullaşdırılması istiqamətində atılan addımlar: "Hazırda bunlardan heç biri gözlənilmir. Şəhərdə aparılacaq söküntülərin bazar təsiri işlərin həcmindən asılı olacaq, lakin zaman göstərir ki, bunun bazara təsiri qısamüddətli olur".