Kişilər niyə ginekoloq olmaq istəyir? - ARAŞDIRMA

Day.Az представляет статью на азербайджанском языке:

- Yoldaşımın xasiyyəti ağırdır. Heç vaxt kişi ginekoloqa getməyimə razı olmaz...
 

- Kişi olanda nə olar. Çox yaxşı həkimdir, onun sonsuzluğu necə müalicə etdiyini, sayəsində neçə ailənin övlad sahibi olduğunu yoldaşına desən fikirindən dönər.

- Yox. Çətin...


Bu, illərdir sonsuzluğa görə müalicə alan bir qadınla ona kömək etmək istəyən rəfiqəsinin dialoqundandır. Oxşar məzmunlu söhbətlərə tez-tez rast gəlirik və məlum olur ki, Azərbaycan cəmiyyəti hələ də kişi ginekoloqu tam qəbul etmir. Müzakirələr və aparılan sorğular da göstərir ki, əksər kişilər heç bir halda həyat yoldaşlarının kişi ginekoloqa müraciət etməsini istəmirlər. Azərbaycanda ginekoloqluğu ancaq qadın peşəsi hesab edənlər çoxdur. Baxmayaraq ki, Bakıdakı kişi ginekoloqlara müraciət edən qadınların sayı kifayət qədər çoxalıb və doğuşunu onlara etibar edən zərif cinsin nümayəndələri az deyil.


Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, ölkədə hər on min nəfərə 4 ginekoloq düşür. Təxmini hesablama aparsaq, ümumilikdə ölkədəki ginekoloq sayının 3600 nəfər olduğunu deyə bilərik. 2011-ci ilin statisitikasına görə isə Azərbaycandakı tibb müəssisələrində 2148 nəfər ginekoloq fəaliyyət göstərib. Rəsmi olaraq ginekoloqlardan neçə nəfərinin qadın, neçəsinin isə kişi olduğu göstərilməsə də, ginekoloqların təxminən 80 faizinin qadın, yerdə qalan hissəsinin isə kişilər təşkil etdiyi bildirilir.

Lakin yaxın gələcəkdə bu nisbətin 50/50 olacağı proqnozlaşdırırlır. Çünki Azərbaycan Tibb Universitetində bu peşəni seçən oğlanların sayında artım olduğunu bildirdilər.


Bundan başqa, xaricdə, xüsusən Türkiyədə təhsil alan tələbələr arasında ginekologiyanı seçən güclü cins nümayəndələrinin çox olduğu faktı da var. Xatırladaq ki, qonşu dövlətlərdə - Rusiya, İran, Türkiyədə bu sahə üzrə işləməyə ən çox kişilər hakimdir.


Azərbaycanda isə sayı az olsa da, kişi ginekoloqlar qadın kolleqalarından heç də az tanınmayıblar. Kişi həkim-ginekoloqlar Alik Qurbanov, Ramin Salahov, Rəşad Sulat, Sarıxeyil Noçuyev, Faiq Namazov, Rafiq Şahbazov, bir neçə il öncə dünyasını dəyişən Fikrət Musəvi və digərləri peşəkarlıqları və pasiyentlərinin çoxluğu ilə tanınıblar.


Ginekologiya sahəsində 35-40 illik təcrübəsi olan iki kişi ginekoloqla - tibb elmləri doktoru, ginekoloq-cərrah Sarıxeyil Noçuyev və tibb elmlər namizədi, mama-ginekoloq Faiq Namazovla söhbətləşdik.


"Qadın başqa, pasiyent başqa"


1980-ci ildən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda çalışan Faiq Namazov deyir ki, əsas məsələ həkimin qadın və kişi olması deyil, onun peşəkarlığıdır: "Bizə müraciət edənə qədər artıq xəstə kişi ginekoloqun yanına gəldiyinə qərar vermiş olur. Bununla belə, bu 35 ildə elə bir xəstəm olmayıb ki, söhbətə başlayan kimi bu barədə istəyini nəzərə almamış olum. Xəstənin icazəsi olmadan onu müayinə etməyə ixtiyarımız yoxdur. Ona ancaq məsləhət verə bilərəm.


Elə xəstəm olub ki, illərlə onu sonsuzluğa görə müalicə etmişəm, amma bir dəfə də ona baxmamışam, çünki ehtiyac olmayıb. Yəni müayinə və müalicənin gedişatından vəziyyətin necə olduğunu bilmişəm. Amma hər bir halda mən pasiyentlə görüşüdüymü də ilk olaraq söhbətə elə bu məqamla başlayıram ki, yəni müalicə müddətində sənə baxmağım gərək olacaq və bu zaman həyat yoldaşının narazılığı olarsa, indidən desin.


Bəzi kişi ginekoloqlar da var ki, onlar tibb bacısı vasitəsilə xəstənin orqanizmi ilə tanış olurlar. Mənim təcrübəmdə heç vaxt belə bir şey olmayıb. Zənnimcə, bu düzgün yanaşma deyil. Xəstəliyi görmək lazımdır".


Müsahibimiz deyir ki, kişi ginekoloq üçün qadın və pasiyent fərqli anlayışlardır: "Mən kişiyəm və özümə görə hisslərim, duyğularım var. Hansısa məclisdə, mərasimdə qadın gözəlliyi deyilən bir şey məni də özünə valeh edə bilər, amma bu xəstəxanada ola bilməz. Mənə müraciət edənlər artıq pasiyentdir. Mən onda ancaq xəstəliklərini görürəm, görünüşünü yox. Qadın başqa, pasiyent başqa".


Faiq Namazov bu peşəni təsadüfən deyil, özü istəyərək seçdiyini deyir: "Peşəni seçməyimin səbəbi məhz cərahiyyəni seçməyimlə bağlı olub, yəni mən ixtisasca ginekoloq-cərraham. Hazırda hər iki sahə üzrə işimi yerinə yetirirəm, amma ginekoloq kimi daha çox uğur qazanmışam, bunu yüzlərlə sonsuz ailələrə verdiyim övlad sevinci, çarəsiz xəstələrə veridyim şəfadan bilirəm. Elə pasiyentlərim olub ki, indi artıq nənədirlər və indi də onların qızının, gəlininin həkimiyəm".


Faiq Namazov kişi ginekoloqlara münasibətin birmənalı olmamasını fərdi xarakterlə və mentalitetlə izah edir: "Xəstələrin kişi ginekoloqa müraciət etmək kimi bir öhdəliyi yoxdur, sadəcə, bir şeyi bilmək lazımdır ki, bunu nə dinimiz, nə də şəriətimiz qadağan edir. Sadəcə, mentalitetdən və xasiyyətdən irəli gələrək bəziləri buna etiraz edə bilər. Bu da hər kəsin öz seçimidir. Hətta islami qanunlarla idarə olunan Səudiyyə Ərəbistanında ginekoloqların böyük əksəriyyəti kişilərdir".


"Kişi daha rəhmdildir"


Müsahibimiz xəstəyə yanaşmada kişilərin qadınlardan daha mərhəmətli olduğunu deyir: "Tarixdən məlumdur ki, qədim Çində cəlladları qadınlardan seçirdilər, çünki onlar ən ağır işgəncə üsulunu ustalıqla yerinə yetirirdilər. Kişilərdə rəhm çoxdur. Kişi bilmir doğuş sancısı nə deməkdir, amma onun dəhşətli bir ağrı olduğunu hiss edir və ağrı çəkən qadına daha artıq acıyır, kömək etməyə çalışır. Amma qadın ginekolqlar o ağrının nə olduğunu bilir və deyir, mən də çəkmişəm o sancını, ölməmişəm ki? Sən də çək, heç nə olmaz..."


Son 5-10 ildə bu sahəyə kişilərin daha çox axın etdiyini deyən Faiq Namazov bunu həm kişi ginekoloqların daha çox inam qazanması və maddi baxımdan bu sahənin gəlirli olması ilə izah edir: "Bu sahəni qadın, mentalitet kimi mövzularala əlaqələndirməyin əleyhinəyəm. Bu, müqəddəs bir işdir, istər kişi, istərsə də qadın həkim üçün. Mentalitet, streotiplər kimi mövzular bir insanın yaranışına səbəb olmaq və onun hələ ana bətnindəykən böyüməsini izləmək, onu dünyaya gətirməyə yardımçı olmağın yanında çox cılızdır".


"Onların varlığı hər zaman mübahisə mövzusu olub"


Ginekoloq-cərrah Sərxeyil Noçuyev də burada kişi və qadına ayrılmasını deyil, peşəkara və qeyri-peşəkara ayrılmasının tərəfdarıdır. Ginekoloq deyir ki, hətta əyalətlərdə belə lap qədimdən ginekoloqlar kişilər olub: "Bu sonrakı illərdə də özünü göstərib, çünki təhsil alan kişilər əks-cinsə nisbətdə çox idi. Sonralar isə qadınlar da tibbi təhsil almağa başlayandan sonra qadın ginekoloqların sayı artmağa başladı".


Müsahibimiz deyir ki, kişi ginekoloqların varlığı hər zaman mübahisə mövzusu olub. Ancaq hər zaman da qeyd edilir ki, xəstələrə ən yaxşı baxıb, müalicə edən elə kişi ginekoloqlardır: "Hələ də ayrı-ayrı fərdlərdə "qadın kişi həkiminə getməli deyil" kimi streotiplər qalmaqdadır. Elə ailələr və elə xasiyyətli kişilər var ki, qadının kişi ginekoloqa getməsini istəmirlər. Buna qarşı çıxmaq olmaz, çünki bu, psixoloji faktordur. Yəni istəyə, xasiyyətə bağlıdır".


"Güzgü ilə baxmaq olar, toxunmaq olmaz"


Görünən odur ki, peşəkarlığına rəğmən, nə qədər ki, cəmiyyətdə "həyat yoldaşına hörmət edən qadın kişi ginekoloqa müraciət etməz" deyənlər var bu streotipləri qırmaq asan olmayacaq. Çoxları bunu dini qaydalarla izah etməyə çalışır və məhz bu səbəbdən qadının kişi həkimə müraciət etməsinə qarşı çıxırlar.
İlahiyyatçı Mircəfər Əyyubzadə deyir ki, təkcə ginekoloq deyil, digər sahələr üzrə də qadın o halda kişi həkiminə müraciət edə bilər ki, qadın mütəxəssis olmasın: "Bundan başqa, əgər qadın həkim varsa, amma onun peşəkarlığı şübhəlidirsə, yəni kişi həkim daha təcrübəlidirsə, müraciət edə bilər. Qadın bu məcburiyyətdə qalıbsa, kişi həkimin qadına toxunmadan əməliyyat aparması, tibb bacısı və güzgü vasitəsilə yoxlaması haram sayılmır".


İlahiyyatçı deyir ki, bu, İslam alimlərinin gəldiyi ortaq rəydir.

Тeleqraf.com