IV Beynəlxalq Qafqaz Motofestivalı rəngarəng tədbirlərlə yaddaqalan olub - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Şəkidə keçirilən IV Beynəlxalq Qafqaz Motofestivalının ikinci günü də maraqlı və rəngarəng tədbirlərlə yaddaqalan olub.

Avqustun 29-da gün ərzində baykerlər müxtəlif yarış və müsabiqələrdə öz bacarıqlarını göstərib, fərdi ustalıqlarını nümayiş etdiriblər. Daha sonra qrup halında Şəki xanlarının sarayı istiqamətində yürüş keçiriblər.

Axşam saatlarında Olimpiya İdman Kompleksinin həyətində festivalın təntənəli bağlanış mərasimi olub.

Mərasimdə tamaşaçılara Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günü şərəfinə xüsusi proqram təqdim edilib. Çingiz Mustafayevə həsr olunan video çarxın nümayişindən sonra səhnəyə çıxan gənc müğənni Mina Milli Qəhrəmana ithaf etdiyi "Çin-Çin" mahnısını ifa edib.

Meydana toplaşan baykerlər Çingiz Mustafayevin xatirəsini motorların gurultulu səsi ilə anıblar.

Mərasimdə çıxış edən ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, yaşasaydı, bu gün Çingizin 55 yaşı tamam olacaqdı. Lakin o, 32 yaşında həlak oldu və əbədiyyətə qovuşdu. Çingiz Vətən yolunda, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda özünü şəhid etdi. Vurğulanıb ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qısa, lakin mənalı həyat yolu hər bir azərbaycanlı üçün əsl vətənpərvərlik nümunəsidir.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək festivalın Şəkiyə və şəkililərə çox gözəl anlar yaşatdığını bildirib, festivalın bütün təşkilatçılarına şəhər rəhbərliyi adından minnətdarlıq edib.

Gün ərzində baykerlər arasında keçirilən müxtəlif yarışların, müsabiqələrin qaliblərinə, həmçinin festivalın keçirilməsinə yaxından kömək edən yerli qurumların rəhbərlərinə mükafatlar təqdim olunub.

Mərasim daha sonra əyləncəli proqramla davam etdirilib. Dünya şöhrətli "Beatles" və "Lady Qaqa" qruplarının "tribute"larının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bağlanış mərasimi "Natiq ritm" qrupunun çıxışı ilə başa çatıb.