Qəbələdə Mürəbbə Festivalı baş tutub - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.


Qəbələdə 3-cü Beynəlxalq Mürəbbə Festivalı Qəbələ Rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər-çiçək qoyaraq öz ehtiramlarını bildiriblər.

Daha sonra festival iştirakçıları və yüzlərlə Qəbələ sakini beynəlxalq tədbirin keçiriləcəyi məkana qədər yürüş edib.

3-cü Beynəlxalq Mürəbbə Festivalına ölkəmizin 35 rayon və şəhərindən, həmçinin 5 xarici ölkədən 500-ə yaxın iştirakçı, eləcə də mədəniyyət və incəsənət xadimləri, üç mindən yuxarı yerli və xarici turist qatılıb. Çıxış edənlər Azərbaycan milli mətbəxinin dünya arenasına çıxarılması, xüsusən mürəbbələrin tanıdılmasında belə festivalların əhəmiyyətini diqqətə çatdırıblar. Eyni zamanda bu sahənin inkişaf etdirilməsi, istər fərdi şəxslərin, istərsə də sahibkarların öz məhsullarını bazarlara çıxarması üçün geniş imkanlar yaradıldığını bildiriblər.

YUNESKO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti Karmen De Padilla:"Bu gün Qəbələdə baş turan III Beynəlxalq Mürəbbə Festivalı Azərbaycan mətbəxinin zənginliyini, eləcə də şirniyyatlarının geniş çeşidli və yüksək keyfiyyətə malik olmasının bariz nümunəsidir. Mən bu festivalda ilk dəfə olaraq pomidor və badımcan mürəbbəsi ilə qarşılaşdım. Festivala ev sahibliyi edən Qəbələ şəhəri də düzgün məkan kimi seçilib. Bütün təşkilatçılara minnətdaram".

Festivala qatılan şəhər və rayonların hər birindən bir neçə çeşiddə mürəbbə hazırlayan kulinarlar, habelə həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.

Festival çərçivəsində həmçinin təqdim edilən mürəbbələrin keyfiyyət və kəmiyyət baxımından yarışı təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. Komissiya tərəfindən müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlərdən ibarət 12 nəfər münsif heyəti seçilib. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül, gavalı mürəbbələri təqdim ediblər. Festivala qatılan xarici ölkələrin kulinarları da Qəbələni Azərbaycanın turizm mərkəzi ilə yanaşı, həm də kulinariya mərkəzi kimi töhfə verdiyini bildirib, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

Münsiflərin rəyi əsasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilib. Ölkələr arasında Saxa Yakutiya Respublikası, Azərbaycan bölgələri arasında isə Qəbələ, müsəssisələr arasında isə Quba konserv zavodu ilk yeri əldə ediblər.

Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Assosasiyası, İOV Dünya Xalq Yaradıcılıq Təşkilatının kubokları, həmçinin ən yaxşı mürəbbə və digər nominasiyalar üzrə kuboklar təqdim edilib. Qaliblərə diplom və qiymətli hədiyyələr verilib. Festival maraqlı konsert proqramı ilə davam etdirilib.

Videonu izləmək üçün şəklə klikləyin:


фото