Heyvandarlığın inkişafına dövlət dəstəyi gücləndirilir Day.Az представляет новость на азербайджанском языке.

Təbiət Azərbaycandan heç nəyi əsirgəməyib. Münbit torpaq, sağlam iqlim, zəngin bitki örtüyü və növbənöv heyvanat aləmi. Bu isə imkan verir ki, müxtəlif növ heyvanların cins tərkibi yaxşılaşdırılsın və onların genefondu qorunub saxlanılsın. Amma təəssüf ki, ayrı-ayrı yerlərdə heyvanların saxlanılması, yetişdirilməsi, mayalandırılması zoobaytar qaydalarına əməl olunmadan, kortəbii surətdə aparılır ki, bu da öz növbəsində heyvanların cins tərkibinin itirilməsinə, ət, süd, yun və digər heyvandarlıq məhsullarının azaldılmasına gətirib çıxarır.
Buna görə də ölkəmizdə heyvandarlığı inkişaf etdirmək üçün dövlət, kəndli-fermer və digər heyvandarlıqla məşğul olan təsərrüfatların inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu baxımdan dövlət vaxtaşırı bu sahəyə ciddi maliyyə dəstəyini əsirgəmir. Prezident İlham Əliyev bu il avqust ayında "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında", "Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında" və "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" sərəncamlar imzaladı.

Əhalinin heyvandarlıq məhsulları ilə təminatı yaxşılaşdırılır

Sərəncamlara əsasən əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilir. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi də əsas prioritetlərdəndir. Bu məqsədlə ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılması nəzərdə tutulur.

Diqqət çəkən mühüm məsələlərdən biri də Qarabağ və Dilboz atı cinslərinin inkişafına yönəlmiş addımlardır. Dövlət başçısının "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" sərəncamında deyilir: "Azərbaycan Respublikasında heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək və yerli at cinslərinin damazlıq özəyini qorumaq üçün seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasını daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5,8 milyon manat, o cümlədən respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon manat, Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon manat və Dilboz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat ayrılsın."

Qarabağ atı Azərbaycana şöhrət gətirib

Dünyada 260 at cinsi var. Onlardan ikisi - Dilboz və Qarabağ at cinsləri yalnız Azərbaycandadır. Bu atların genefondunun qorunması üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Prezident İlham Əliyevin qeyd olunan məsələ ilə bağlı imzaladığı növbəti sərəncamı bunun əyani göstəricisidir. Qarabağ və Dilboz atlarına göstərilən diqqət heç də təsadüfi deyil. Dünyada geniş yayılmış ərəb və ingilis atlarının formalaşmasında Azərbaycan atlarının müəyyən rolu olub. Ölkəmizin adına daha çox şöhrəti isə məşhur Qarabağ və Dilboz atları gətirib. Dilboz atını Qarabağ cinsindən heç nə fərqləndirmir, fərq ancaq onların rəngindədir. Yarış qabiliyyətləri, hətta gücləri də eynidir. Ümumilikdə isə Azərbaycan atları müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində dəyişib. Nəticədə bir sıra yerli at cinsləri əmələ gəlib ki, bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları daha geniş yayılıb. Qarabağ atının əsas yayıldığı yer Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və bu rayonlara yaxın ərazidə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Mütəxəssislərin fikrinə görə, Qarabağ atları Rusiya və Avropada atçılığın inkişafına böyük təsir göstərib. Məlumata görə, hələ 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparıblar...

Qarabağ atı başqa at cinslərindən ilk növbədə rənginə görə fərqlənir. Bu at çox nadir və qeyri-adi bir rəngə - parıldayan narıncı rəngə malikdir. Sarı-qızılı, qızılı-qonur rənglər də əsasən Qarabağ atlarına məxsusdur. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Çox az hallarda kəhər (qırmızı), boz və çal rənglərə də təsadüf olunur. Bu atlar hədsiz dərəcədə yaraşıqlı olmaları ilə də seçilir. Tipik dağ minik atı olan Qarabağ atının bədəni harmonik, mütənasib və yığcam, arxası və beli düz, döşü və gövdəsi enlidir. Orta boylu, başı balaca, gözləri iri-mənalı, ayaqları yaraşıqlı, temperamentli və oynaqdır. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. Yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir.

Dilboz atlarının tayı-bərabəri yoxdur

Dilboz atları isə əsasən Qazax bölgəsində bəslənilir. Minik-qoşqu tipli atlardır. Qədim Qazax mahalında ardıcıl xalq seçməsi yolu ilə yetişdirilib. Tədricən qonşu Tovuz, Şəmkir, Borçalı bölgələrinə, Şəki mahalına da yayılıb. El arasında deyirlər ki, Dilboz atları Qazaxın Xanlıqlar kəndində Dilbazların nəslinin tövlələrində ardıcıl seçmə yolu ilə yetişdirilib. Deyilənə görə, on doqquzuncu yüzillikdə Qazax qəzasında iyirmi mindən çox seçmə at var idi.

Dilboz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitində minik üçün möhkəm olması ilə səciyyələnir. Dözümlülüyü etibarilə çox atlardan üstündür. Rəngi boz, ağ, xallı, bəzən isə kəhər olur. Qazax atları saatda 7-8 km yol qət edir. Bu at cinsi bir gündə belində 115-130 kq yük ilə 45-55 km yol qət etmək bacarığına malikdir. Ən yüksək yarış göstəriciləri 1600 metrlik məsafə üçün 1 dəqiqə 56 saniyə və 2400 metrlik məsafə üçün 2 dəqiqə 55 saniyədir.
* * *
Dövlətin həm heyvandarlıq məhsullarının artırılması, həm də qədim at cinslərinin qorunması istiqamətində atdığı addımlar əminlik yaradır ki, bu sahədəki vəziyyət getdikcə yaxşılığa doğru dəyişəcək. Necə ki, heyvandarlıq məhsullarının istehsalında ölkə üzrə artım dinamikası 2014-cü ildə də saxlanılıb. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir, heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Nəticədə 2013-ci ilə nisbətən 2014-cü ildə heyvandarlıq məhsullarının istehsalı və mal-qaranın məhsuldarlıq göstəriciləri artıb. Belə ki, 2014-cü ildə əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 101,5 faiz, süd istehsalı 103,5 faiz, yumurta istehsalı 111,4 faiz, yun istehsalı isə 101,7 faiz təşkil edib. Son 5 ildə respublikaya 11 645 baş damazlıq heyvan alınıb və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli vəsait verilib. Bu heyvanlar törəyib artaraq 18,5 min başa çatdırılıb.

Beləliklə, dövlət tərəfindən heyvandarlıq sahəsinə xüsusi diqqət göstərilməsəydi, əhalinin heyvandarlıq məhsullarına olan tələbatında çətinliklər ortaya çıxardı. Eyni zamanda, milli-mənəvi sərvətimiz olan Qarabağ və Dilboz atlarının genefondu itmək təhlükəsi ilə üz-üzə qalardı.