Sərxoş olub məclisdə yırğalanan, əldən-dildən düşənədək oynayan toy adamları - TƏHLİL

Day.Az представляет новость на азербайджанском языке:


Bir neçə gün öncə mediada belə bir xəbər vardı ki, Astarada toyda oynayan 38 yaşlı kişi toyun ortasındaca vəfat edib.

Etiraf edək ki, digər ölkələrlə müqayisədə Azərbaycanda toyda rəqs etməyə böyük maraq var. İstər spirtli içki qəbul edəndən sonra ortalığa düşüb oynamaqdan utanmayanlar, istərsə də sırf ayıq başla oynayan rəqs həvəskarları toyun əvvəlindən axırınadək meydandan, ortalıqdan çıxmaq istəmir, əldən-dildən düşənədək oynayırlar. Hər il rayon yerlərində toyda oynamaq üstündə nə qədər bıçaqlaşmalar, ölüm hadisələri olur.

Toylarda rəqslərə ifrat dərəcədə maraq nədən irəli gəlir?

Psixoloq Azad İsazadə sualımızı cavab olaraq maraqlı rəy bildirib:
 

"Fikrimcə, toylarda qonaqların sayı nə qədər az olsa bir o qədər xoşagəlməz olaylar da az baş verər. Toya bizə ən yaxın olan insanları dəvət etməliyik. Bəzən nəinki yaxınlarımızı, həmçinin iş yoldaşlarımızı, köhnə iş yoldaşlarımızı belə dəvət edirik.
 

Rəqslər insanları rahatlaşdırır, yüngülləşdirir, onu stresdən çıxartmağa, həmçinin ətrarfında da pozitivlik verməyə səbəb olur".

İnsan niyə rəqs edir?

Filosof Niyazi Mehdinin fikrincə, içimizdəki bilinməzliklərii özümüzə bilinər edən ən güclü vasitə musiqidir: "Musiqi çox vaxt bizə qıraqdan yeni duyğular daşımır, öz düzümünə, ritminə uyğun olanları sonsuz duyğu imkanlarımızı canlandıraraq, çəkir, salır dünyamıza.
 

Musiqi "əl-kimyası" birbaşa duyğularımızda əməliyyat aparır: səslər düzümü, oynaşması duyğularımıza toxunan kimi, burada isti, soyuq, sərin, sarı, ağ, yumşaq, cod səslərə çevrilir. Duyğularda yaranmış bu maddi, ancaq çəkisiz görklər (obrazlar) bədənə çevrilmək istəyəndə, rəqs alınır. Rəqsdə də istənilən qədər əl-kimya arxetiplərini görmək olar. Şərqin göbək rəqsləri od-alov əlamətlərini həm görünüşcə, həm də mənaca təkrar edir. Qafqazın ismətli qadın rəqsləri ehtirasların oduna qarşı süzə-süzə gəzən qamətlə mehin, fəzanın, havanın sərinliyini qoyur.
 

Kişi rəqslərimizdə "igidlik" anlamını təsirli bildirmək üçün odun, daşın, ağacın, havanın "əl-kimyası" işə düşür. Mövlud Süleymanlının "Köç" romanında oynayanda qollarını düz yerdən sındıran igidlər alov titrəşməsini bədənlərində təkrar edirlər. Açılmış qollar həm yırtıcı quş qanadlarını, həm də nəhəng ağacın budaqlarını andırır. Gərilmiş sinədə, donmuş pozalarda isə daşın parametrləri duyulmağa başlayır".

Dini toylarda rəqs qadağandırmı?

Son zamanlar isə ölkəmizdə dini toyların sayı çoxalıb. Bu cür toylarda əsasən çalğı çalınmır, rəqs edilmir. Buna səbəb kimi dindarlar bildirirlər ki, dində çalğı və rəqs qadağandır. Dini toy keçirilərkən Həzrət Əli ilə Həzrəti Fatimənin toy mərasimi nümunə götürülür. Deyilənlərə görə həmin toy çox sadə keçib. Çox kasıb olan Həzrəti Əli döyüşlərdən əldə etdiyi zirehi satıb toy edir. Mərasimdə çalğı olmayıb, qadınlar və kişilərin məclisi ayrı olub.
 

İslamşünas Kənan Rövşənoğlu bildirir ki, İslamın dini hökmlərinə görə, ümumi məclislərdə rəqs etmək olmaz. Xüsusən də kişinin və ya qadının öz həyat yoldaşından başqası qarşısında rəqs etməsi icazə verilmir".

/Musavat/