Yediyimiz kərə yağıdır?

Day.Az представляет новость на азербайджанском языке

Palma yağı, marqarin, "klyonka", kimyəvi maddələr... - bunları kərə yağının içərisində aşkar etmək elə də asan deyil

Bu gün mağazalarda müxtəlif növ bitki və kərə yağları alıcılara təqdim olunur. Bu yağların hər biri qiymətinə görə digərlərindən fərqlənir. Bu da alıcıların seçim qabiliyyətini çətinləşdirir. Kərə yağlarının keyfiyyətli olub-olmaması haqda isə çox alıcı məlumatsızdır. Eyni zamanda, satışda olan yağlarla bağlı zamanla müxtəlif iradlar səsləndirilir. Keyfiyyətin yaxşı olmadığı, müxtəlif qatışıqlar əlavə edildiyi bildirilir. Bu isə istehlakçıların sağlamlığını təhlükə altında qoyur.

Elə bu günlərdə kərə yağı adı altında palma yağının satıldığı ilə bağlı xəbərlər yayıldı. Bu da kərə yağları ilə bağlı daha bir qarışıqlıq yaratdı. Ümumiyyətlə, satışdakı kərə yağlarının çoxunun keyfiyyətsiz olduğunu tez-tez deyirlər. Bildirirlər ki, əvvəllər kərə yağı ilə qidalananlar indikilərdən daha sağlam olurdular. Digər tərəfdən, hazırda həkimlər bitki yağlarına üstünlük verməyi məsləhət görürlər. Amma bitki yağları ilə bağlı da narazılıqlar çoxdur. 

"Kərə və bitki yağlarının keyfiyyətində problemlər çoxdur"

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, satışda olan kərə və bitki yağlarının keyfiyyətində problemlər çoxdur. Bununla bağlı AİB-ə müxtəlif şikayətlər daxil olur. Eyni qiymətə satılan yağların belə fərqli olduğu bildirilir: "İstehlakçılar zəng edib yağların qiymətindəki müxtəlifliklərdən narazılıqlarını bildirirlər. O cümlədən deyirlər ki, eyni qiymətə aldıqları yağların qoxuları tamamilə fərqli olur. Əridilmiş halındakı fərqlilik barədə də çoxlu suallar verirlər. Qarğıdalı yağı ilə bağlı çoxsaylı telefon zəngləri daxil olur. Bildirilir ki, qarğıdalı quru nişastadır. Ondan bu qədər yağ necə alınır? İstehlakçılar qarğıdalı adı altında günəbaxan yağının satılmasından şübhələnirlər. Zeytun yağının keyfiyyətindən də narazılıqlar çox olur. Yerli zeytun yağı almağa daha çox üstünlük versələr yaxşıdır. Üstünə "miks" (qarışıq) yazılan zeytun yağını almasınlar". 

E.Hüseynov deyir ki, uzun müddət Azərbaycanın əmtəə bazarında ərinmiş kərə yağını imitasiya edən "Norveçskaya maslo", "Toplennoe maslo" adı altında dəmir qutularda qablaşdırılmış yağlar olub. Ərinmiş dənəvər kərə yağı görkəmi, qoxusu verməsinə baxmayaraq, onların heç birinin ərinmiş kərə yağı ilə əlaqəsi yoxdur. Müsahibim deyir ki, istehlakçılar kərə yağı adı altında onlara palma yağının satıldığını bildirirlər: "Məlumatlar var ki, ölkəyə külli miqdarda palma yağları gətirilir. Bu yağlar sənayedə, kosmetika sahəsində istifadə olunmalıdır. Lakin bizdə bu cür istifadə olunma halları müşahidə edilmir. Böyük etimallarımız var ki, bu yağlardan süd məhsullarında - xamanın, yağın, qatığın istehsalında istifadə olunur. Bunlar istehlakçıların bizə bildirdikləri fikirləridir ki, ümumiləşdirib deyirəm. İstehlakçılar bu cür düşündüklərini deyirlər. Məncə, onlar səhv etmirlər".

Kərə yağının rayondan gətirilməsi də keyfiyyətli olması demək deyil

Müsahibim qeyd edir ki, ölkəmizə yağ əsasən Yeni Zellandiya, Avstraliya, Rusiya, Almaniya və digər ölkələrdən idxal olunur. Azərbaycanda çox zaman həmin yağların tərkibinə marqarinlər, bitki yağları qarışdırırlar. Palma yağı qarışdırılması da ehtimal olunur. Vətəndaşlar yağları əridəndə onun qoxusundan, tortadan narazılıqlarını bildirirlər.

E.Hüseynovun sözlərinə görə, rayonlardan kərə yağı adı altında gətirilən camış, inək yağlarında da problem var. Ona görə də rayondan gətirilməsi də yağların keyfiyyətli olmasından xəbər vermir: "Bizə məlumatlar gəlir ki, rayonlarda nehrənin içərisinə marqarinlər qatırlar. Hətta klyonkaların əridilib qatılması kimi hallar da olur. Bu cür pessimist çıxışlarla əhalini narahat etmək istəmirəm. Amma insanlar diqqətli olsunlar. İnandıqları kərə yağı ilə mağazadan aldıqlarını müqayisə etsinlər, qoxusuna, dadına fikir versinlər. Elə kimyəvi maddələr var ki, tamamilə kərə yağının qoxusunu verir".

AİB sədri sonda bildirdi ki, dövlət orqanları qanunvericiliyə uyğun olaraq bu sahəyə nəzarət edirlər. Amma burada da dəyişilməli məqamlar var: "Dövlət orqanları qanunvericiliyə uyğun olaraq maldan bir nümunə götürüb onu sertifikatlaşdırır. Azərbaycanda sertifikatlar ayla, illə verilir. Bu isə düzgün deyil. Sertifikat hər partiya mala görə verilməlidir. Firma bir yağ gətirir, yaxşısını verib sertifikat alır, ondan sonra da həmin sertifikatla gedib istədiyi malı gətirir. Azərbaycanda verilən sertifikatlar malın keyfiyyətini özündə etiva etmir".

Kərə yağından tamamilə imtina etməyin

Həkim-terapevt Məlahət Abbasova deyir ki, müasir texnikalar insanların işini asanlaşdırdığı üçün az hərəkətli olmuşuq. Buna görə isə həkimlər kərə yağının istifadəsinin azaldılmasını məsləhət görürlər: "Əvvəllər nə qədər kərə yağı yeyilsə də, fiziki işlə çox məşğul olurdular deyə fəsadları ortaya çıxmırdı. Əvvəllər piyada çox yol gedirdiksə, indi maşınlar, avtobuslardan istifadə edirik. İndi kişi işdən gələndə yeməyini yeyib, pultu əlinə alır, televizorun qarşısında uzanır. Qadınların isə işlərinin bir çoxunu müasir texnikalar yüngülləşdirdiyi üçün işlərini tez bir zamanda bitirib onlar da vaxtlarının çoxunu televizor, telefon qarşısında keçirirlər. Bu isə hərəkətsizlik deməkdir. Fiziki iş çox görülmədiyi üçün yeyilən yağ da bir o qədər sərf edilmir. Ona görə də indi infarkt, damarların kirəcləşməsi kimi hallar daha cavan yaşlarda baş verir".

Həkim deyir ki, kərə yağından tamamilə imtina etmək də düzgün deyil: "Kərə yağında xolesterin duru yağdakından çoxdur. Amma xolesterinin orqanizmdə normadan çox aşağı olması da ziyandır. Bəzən həkimlər kərə yağından tam imtina etməyi məsləhət görürlər. Lakin bu düzgün deyil. Mütləq səhər yeməyində kərə yağı olmalıdır. Amma duru yağlara daha çox üstünlük vermək lazımdır. Çünki duru yağlarda doymamış yağ məhsulları var ki, onlar rahat həzm olunur. O isə həm mədə-bağırsaq, həm də ürək, qan-damar sisteminə xeyirlidir. Damarların kirəcləşməsinin qarşısını alır". 

"Kərə yağı bazarında keyfiyyət və kəmiyyət qorunur"

M.Abbasovanın sözlərinə görə, keyfiyyəti yüksək olmayan yağlar sağlamlıq üçün ziyanlıdır: "Satışda 2 manata da zeytun yağı var, 20 manata da. Bu qiymət həmin yağların istehsalından, necə əldə olunmasından asılıdır. Qiymətlər də keyfiyyətə görə təyin olunur. Keyfiyyəti aşağı olan yağlar təbii ki, orqanizm üçün ziyanlı ola bilər. Amma insanlar daha çox ciblərinə uyğun olan yağlardan istifadə edirlər. Biz bunu tənzimləyə bilməsək də, amma daha çox hərəkət etməliyik. Gün ərzində səhər və axşam hərəkət etməyə çalışmaq lazımdır. Bəzən deyirlər ki, elə evdə hərəkət edirəm. Amma burada sinxron hərəkət nəzərdə tutulur. İmkan olmasa belə, axşamlar 1-1,5 saat gəzmək lazımdır".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyir ki, kərə yağları heyvan mənşəlidir və ölkəmizə daha çox idxal olunur. Onun sözlərinə görə, ölkəmizin kərə yağı bazarında keyfiyyət və kəmiyyət məsələləri kifayət qədər qorunur: "Hər zaman bizim yoxlamalarımız aparılır. Təəssüf ki, sosial şəbəkələrdə, mətbuatda təsdiqini tapmayan məlumatların yer alması bəzən ictimaiyyəti çaşdırır. Azərbaycanda satılan məhsullara qarşı qeyri-sağlam münasibət yaranır".

"Palma yağı kərə yağı adı ilə satılmır"

Qurumun mətbuat katibi deyir ki, palma yağının kərə yağı adı ilə satılması haqda yayılan xəbər düzgün deyil: "Hər hansı bir məhsulda nöqsan aşkar etmişiksə, bununla bağlı ictimaiyyəti dəfələrlə xəbərdar etmişik. Palma yağının özünün istifadə sahələri var və həmin istiqamətdə onun işlədilməsi üçün qadağa yoxdur. Amma kərə yağına palma yağının qatılması bizim qarşımıza çıxmayıb. Araşdırmalarımız hər zaman aparılır, laboratoriyada yoxlanılır. Hər hansı bir məhsulun tərkibi haqqında laboratoriya sınaqlarının nəticələrinə əsasən fikir bildirmək olar. Əgər sınaq aparılmayıbsa, bu barədə hansısa mülahizə yürütmək düzgün deyil. Biz məhsulları ancaq yoxlayırıq. Əgər məhsulun keyfiyyəti verilən sənədlərlə düz gəlmirsə, onun sertifikatını ləğv etdiririk, məhsulu satışdan çıxardırıq və s." 
F.Talıblı deyir ki, jurnalistlər, ictimaiyyət nümayəndələri məhsulların tərkibinin laboratoriyada yoxlanması prosesində iştirak edə bilərlər. Müsahibim qarğıdalıdan bu qədər yağın necə əldə olunması ilə bağlı verilən suallar barədə də danışdı. Bildirdi ki, bütün dünyada qarğıdalı yağı istifadə edilir. Həmin yağın tərkibi araşdırılır, satışa buraxılır: "Azərbaycanda da həmçinin. Ölkəmiz məhsulun keyfiyyəti baxımından Avropa ölkələrindən heç də geri qalmır. Məhsulların keyfiyyəti ən müasir avadanlıqlarla yoxlanılır. Nəticə göz önündədir, heç kim heç nəyə şübhə etməsin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az