"Əlimi tutsan, əngəlimi unutsam"

Day.Az представляет новость на азербайджанском языке

Gülər Cəfərli: "Məqsədim eşitmə və danışma məhdudiyyətli gənclərə musiqiləri işarət dilində göstərməkdir"

Məqsədi fiziki qüsurlu insanlarla cəmiyyət arasında körpü yaratmaqdır. Üstəlik, o, bu işi görərkən pul qazanmaq məqsədi güdmür. Könüllü şəkildə əlillərin, xüsusilə də fiziki qüsurlu gənclərin normal insanlardan fərqli olmadığını sübut etmək üçün əlindən nə gəlirsə, etməyə hazırdır. Deyir ki, insanlar anlamlıdır ki, əlillər bizdən fərqli insan deyillər. 

Müsahibimiz Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi Gülər Cəfərlidir. Onun həyata keçirdiyi layihə eşitmə-danışıq məhdudiyyətli gənclərlə bağlıdır.
Gülər Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsidir. Müsahibimiz hələ məktəbdə oxuduğu dövrdən aktiv fəaliyyəti ilə həmyaşıdlarından seçilib. O, 3 ilə yaxındır Arabaçı Tv-də könüllü şəkildə çalışır. Ölkəmizdə fiziki qüsurlu insanlarla bağlı problemlər öz həllini tapana qədər heç bir qazanc məqsədi güdmədən çalışmağa hazırdır.

- Gülər, əvvəlcə Gənclər Fondunda qalib olan layihən haqqında məlumat verərdin, zəhmət olmasa.

- Layihəmin adı eşitmə və danışma məhdudiyyətli gənclər üçün musiqilərin işarət dilində göstərilməsidir. Könüllü şəkildə fəaliyyət göstərdiyim "Arabaçı Tv" əlil arabasında fəaliyyət göstərən insanlardan ibarətdir. Mənim layihəmin ərsəyə gəlməsi də elə buradan qaynaqlandı. Layihənin əsas məqsədi fiziki məhdudiyyətli gənclərin özlərini digər gənclərdən fərqli hiss etməmələrinə yardımçı olmaqdır. Çünki onların da digər insanlar kimi haqları var. Bu əlil gənclərin məhdudiyyəti cəmiyyətdə baş verən bir çox proseslərdən kənarda qalmalarına səbəb olur, televiziya proqramlarında olan musiqi yarışmalarını və musiqili verilişlərini digər insanlar kimi izləmələrinə maneə olur. Layihədə məhz bu problemin həllini məqsəd kimi qarşıma qoymuşam. İşarət dili vasitəsilə əlil gənclər də musiqini duya, hiss edə bilər. Layihəmizdən sırf əlil gənclər faydalanacaq.

- Niyə məhz eşitmə məhdudiyyətli gənclər?

- Bu fikir məndə əvvəldən var idi, lakin bunu həyata keçirmək üçün imkanım yox idi. Gənc əlillərin peşə reabilitasiya məktəbində fiziki qüsurlu insanlarla söhbət edərkən eşitmə məhdudiyyətli əlillərin söhbətdən kənar qalması məni narahat edirdi. Çünki söhbət etmək, dərdini bölüşmək hamının haqqıdır. Mən həmin mərkəzdə bayram tədbirlərində iştirak edərkən görürəm ki, digər fiziki məhdudiyyətli gənclər ifa olunan musiqilərdən zövq alıb əylənərkən, eşitmə məhdudiyyətli gənclər kənarda qalır. Üstəlik, hazırda eşitmə və danışma məhdudiyyətli insanlara işarətləri öyrətmək üçün repetitorların azlığından əziyyət çəkilir. Bəlkə də mənim bu layihəm bir çağırış ola bilər. Özümüz artıq işarət dili ilə bağlı video çəkmişik, üzərində də məşq edirik. Məşqlər zamanı bəzi hərəkətləri, sözləri, əşyaların adlarını öyrəndim. Əslində işarət dili çox asandır. Hamı öyrənə bilər.

- Layihə çərçivəsində hansı işləri görməyi planlaşdırırsan?

- Öncə çağırış və digər könüllü gəncləri bu işə cəlb etmək lazımdır. Bunun üçün sosial şəbəkədə, gənclərin olduğu məkanlarda elanlar veririk. Əlavə olaraq, vətənpərvər ruhda olan, eyni zamanda, Azərbaycan klassiklərinin mahnılarını seçmişik. Hazırda peşə reabilitasiya mərkəzində müəllimələrə danışılıb. İşə professional repetitorlar cəlb olunub. Həftədə 3 dəfə 1 saat danışıq məhdudiyyətli insanlar və onların dostları ilə seçdiyimiz mahnıların məşqlərini edirik. 3 ay müddətində bu layihəni təhvil verməliyik.

- Fiziki qüsurlu gənclərlə çalışırsan. Azərbaycanda onlara münasibət necədir?

- Cəmiyyətin əlillərə münasibəti fərqlidir, yəni insanlar onları qəbul edə bilmirlər. Məsələn, hələ də küçədə parklarda əlil görərkən insanlar ayaq saxlayıb baxır, yazığı gəlmiş kimi üz ifadəsi göstərirlər. Bunun düzgün olmadığını hamımız bilirik. Bəzən fiziki məhdudiyyət sözünü fiziki qüsurlu sözü ilə əvəz edirlər. Qüsur sözünü işlətmək özü belə qüsurdur. Bizim "Arabaçı Tv"nin məqsədi odur ki, əlillərlə cəmiyyət arasında körpü yaradaraq, insanların yadına salaq ki, əlillər heç də bizdən fərqli deyil, onlar da bizdəndirlər.

- Uzun müddət könüllü kimi çalışmısan. Könüllü işləmək sənə nə verdi?

- Adətən gənclər könüllü işləməyin nə qədər çətin olduğundan danışırlar, amma unutmayaq ki, uğura gedən yol məhz könüllükdən başlayır. Könüllü işləmək mənə həyatda bəzi şeylərin qarşılıqsız ola biləcəyini, hər dəfə mənfəət güdmədən sadə bir gülüş, məmnunluqla kifayətlənməyi öyrətdi. Könüllük ürəkdən gələn bir hissdir, hətta gündəlik həyatımızda da könlümüzdən gələn yaxşılıq və hörməti göstəririk. Bunlar gözəl hisslərdir. Hər zaman insanlar deyirlər ki, kim nə əməl edirsə, onun qarşılığını görür. Biz də könüllü olaraq, sidq-ürəklə, heç bir mənfəət güdmədən gördüyümüz işin qarşılığını nəinki bir dəfə, hətta dəfələrlə, həyatımız boyu görəcəyik. Könüllülük insana gözəl dostlar, dəyərli insanlar tanıdır. Qazanca gəldikdə, işlərimizin nəticəsini görmək ən böyük qazancdır.

- Sonda eşitmə məhdudiyyəti olan insanlara nə demək istəyərdin?

- Biz sizi sevirik, siz bizim bacı-qardaşlarımızsınız. Həmişə çalışırıq və çalışacağıq ki, bizlərlə qaynayıb qarışasınız. Sizə rahat ola biləcəyiniz şəraiti qurmaq üçün ideyalar verəcəyik, layihələr yazacağıq. Heç vaxt düşünməyin ki, fiziki baxımdan heç bir məhdudiyyəti olmayan insanlardan fərqlisiniz. Fiziki məhdudiyyətli dostumun dediyi kimi, hərəkətlərimiz fərqli olsa da, biz birik!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az