Baxın, görün avtovağzal necə çökür

Day.Az представляет новость на азербайджанском языке.

Dünən günorta saatlarında Sumqayıtdan Bakıya gələn istiqamətdə-Bakı Beynəlxalq Avtovağzal Kompleksinə daxil olan artırma yolda torpaq sürüşməsi və çökmə baş verdi. 

Hadisə ilə əlaqədər yolda nəqliyyat vasitələrinin hərəkəti və  Avtovağzal Kompleksinin 5-ci mərtəbəsinə giriş qadağan edildi. Nəticədə şəhərarası işləyən 90, 119, 120, 140, 157, 229, 270, 182, 183, 267, 353, 310 və 343 nömrəli marşrut avtobuslarının hərəkət istiqaməti dəyişməli oldu.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin və "Azəryolservis"in mütəxəssislərinin apardıqları araşdırma zamanı torpaq sürüşməsi davam etməsi müəyyən olunub. 

O da məlum olub ki, yağışın yağması nəticəsində artırma yolun istinad divarlarındakı uçqunlar və asfaltın çökməsi üç gün əvvəldən müşahidə olunub. 

Mütəxəssislər baş verən hadisənin Bakı Avtovağzal Kompleksinin ticarət obyektlərində və burada yerləşən "Comfort" otelində fəaliyyətə təhlükə yaratmadığı üçün burada fəaliyyət davam etdirilir. 

Şahidi olduq ki, torpaq sürüşməsi və çökmə baş verdiyi ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulsa da, bu qadağa piyadalara şamil edilməyib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının əməkdaşları Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə baş verən əraziyə baş çəkiblər. 

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya bildirib ki, yağışlar davam edərsə, ərazidə uçma, böyük çökmə baş verə bilər.   Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin, ərazidə aparılan suvarmanın təsiri nəticəsində baş verib. Baş geoloq əlavə edib ki, lay sularının sürüşmə prosesində rolunun olub-olmamağı aparılan tədqiqatlardan sonra bilinəcək. Ə.Piriyev qeyd edib ki, sürüşmənin Avtovağzal binasına heç bir təsiri olmayıb. 

Xatırladaq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi 2008-ci ildə istismara verilib. Avtovağzalın tikintisi təxminən 80 milyon manata başa gəlib və nəqliyyat naziri Ziya Məmmədovun ailə şirkəti olan ZQAN Holdinq tərəfindən idarə olunub. Quruma qeyri-rəsmi rəhbərliyi nazirin qardaşı, deputat Elton Məmmədov həyata keçirib. 

Xatırladaq ki, avtovağzalda bundan əvvəl də çökmə hadisələri baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.