Xalq artistinin gəlini polis rəisi ilə münaqişə edib

Day.Az представляет новость на азербайджанском языке.

---------
15:10

Bakıda Zeynəb Xanlarovanın gəlininin polis rəisi ilə münaqişəsi ilə bağlı xəbər vermişdik. Məlumatda deyilirdi ki, bölmə rəisi Anar Şıxəliyev içkili vəziyyətdə Z.Xanlarovanın gəlini ilə mübahisə edib və sonra onu polisə gətirib. Lakin Z.Xanlarovanın Ramil Usubova zəngindən sonra məsələ sakitliklə həll olunub.

Münaqişənin əsas iştirakçısı kimi adı hallanan, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi Anar Şıxəliyev criminal.az-a açıqlamasında bildirdi ki, onun heç kimlə münaqişəsi olmayıb: "Heç mən Zeynəb Xanlarovanın gəlinini tanımıram. Belə bir hadisə olmayıb, bölməyə heç kim gətirilməyib. Bilmirəm, belə məlumatları kim və haradan uydurur. Bir müddət əvvəl də yazmışdılar ki, Anar Şıxəliyev xidməti avtomobilində "KamAZ"ın altına girib".

Qeyd edək ki, A.Şıxəliyev ötən il öz avtomobilində bıçaqlanmışdı. O, dostunun "Mercedes Gelandewagen" markalı avtomobili ilə Xutor qəsəbəsində "avtoş"luq edərkən yerli sakinlərin etirazı ilə qarşılaşıb və tərəflər arasında mübahisə yaranıb. Yüngül içkili olan Anar Şıxəliyev yerli sakinləri nalayiq söyüşlərlə təhqir etdiyinə görə çavanlardan biri ona bıçaq xəsarəti yetirib.

---------
12:24

Dünən gecə saat 23 radələrində "Monte-Kristo" şadlıq evinin qarşısında xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın gəlini ilə Binəqədi rayon 5-ci polis bölməsinin rəisi arasında münaqişə yaranıb.

Modern.az saytına verilən məlumata görə, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib. Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisi hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.

Modern.az hadisənin təfərrüatını öyrənmək üçün Binəqədi rayonu 5-ci polis bölməsi ilə əlaqə saxlayıb. Bölmədən sayta belə faktın qeydə alınmadığını deyiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də sayta hadisə barədə məlumatsız olduğunu bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.