Bakıda "yuxugətirən" işıqforların sirri

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda elə işıqforlar var ki, onların yaşıl işığının yanmasını gözləyincə adamı yuxu basır.

Bunu Milli.Az-a ünvanladığı məktubunda sürücü Orxan Əliyev bildirib.

Onun sözlərinə görə, paytaxtın bir sıra yerlərində elə işıqforlarlar var ki, orada qırmızı işıq dəqiqə yarıma yaxın, yaşıl işıq isə cəmi 13-15 saniyə yanır: "Bəzən avtomobillərin uzun sırasında dayanıb işıqforun yaşıl işığının yanmasını gözləyib keçincə adamı lap yuxu basır. Məsələn, Abbas Mirzə Şərifzadə küçəsi ilə üzüaşağı düşəndə "Azərbaycan" nəşriyyatının yanında dəqiqələrlə gözləyirik. Bəzən həmin yolayrıcını keçmək üçün növbədə dayanarkən işıqforun yaşıl işığının 4-5 dəfə yanmasını, sadəcə, dayanıb müşahidə etməli olursan".

Sürücü Ramil Məmmədli də deyir ki, yollarda işıqforun yaşıl işığının yanmasını gözləmək xeyli vaxt alır: "Çünki cəmi 13 saniyə ərzində səndən əvvəl dayanmış avtomobillərdən cəmi 3-ü, 4-ü yolu keçməyə fürsət tapa bilir. Bu minvalla da yaşıl işığın həsrəti ilə 5-6 dəqiqə, bəzən isə daha çox gözləməli olursan. Ələlxüsus da, qarşında sıra ilə bir neçə sərnişin avtobusu dayanıbsa. Bildiyimə görə, indi işıqforların işıqlarının yanıb-sönməsini uzaqdan da kameralarla görüb idarə edirlər. Bunu günün adi vaxtlarında etsələr, adam başa düşər. Amma pik saatlarında düzgün deyil".  

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, Bakıda 280-dən çox işıqfor varsa, NİİM onun cəmi 150-nə müdaxilə və nəzarət edə bilir. Qalanı DİN-nin "Siqnal" İdarəsi tərəfindən nizamlanır. Konkret olaraq. A.M.Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsindəki işıqfora gəlincə, ona NİİM nəzarət edir: "Amma orada eyni vaxtda 3 fazada sağa, sola və düzünə yaşıl işıq yanır. Bu, ona görə edilir ki, Mətbuat prospekti ilə hərəkət edən avtomobillərin sayı, xüsusilə pik saatlarda həddindən artıq çox olur. Orada bütün avtomobillərin dayanmadan hərəkətini təmin etmək üçün hər iki istiqamətdə yaşıl işıq yanır. Amma qırmızı işıq da müəyyən müddət yanmalıdır ki, əsk istiqamətdən gələnlər də hərəkət edə bilsin.

Bəzi sürücülər bundan narazılıq etsələr də, çoxları həmin işıqforlara müdaxilədən sonra onların məhz bu cür işləməsi səbəbindən Mətbuat prospekti ilə rahat hərəkət etdiyinə görə razılığını bildirirlər. Təbii ki, birinə sərf edən digərinə sərf etmir. Hətta Texniki Universitetin müəllimləri nəşriyyatın qarşısındakı dəyişikliyə görə bizə minnətdarlığını bildiriblər. Bu dəyişiklik yollardakı vəziyyət araşdırılandan, avtobillərin hərəkət sıxlığı təhlil ediləndən sonra olub. Yəni NİİM mütəxəssisləri bunu öz keyfi ilə etmirlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.