Kəskin dəyişən havada səhhəti necə qorumalı?

Day.Az представляет новость на азербайджанском языке

Bu il isti yay havalarından sanki birbaşa qışa keçdik. Bu cür havalarda hər kəsin geyimi fərqlidir. Kimi yay ab-havasındadır, kimi də qış geyimində. Havaların bu cür kəskin dəyişməsi insanların sağlamlığına böyük təsir göstərir. Artıq qrip və digər virus infeksiyalarından şikayət etməyə başlayanların sayı artır.

Mütəxəssislər hər zaman açıqlamalarında uşaqların, qocaların, xroniki xəstəlikləri olanların fəsil dəyişkənliyi zaman daha ehtiyatlı davranmalı olduqlarını bildirirlər. Həkim-terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, havanın temperaturu qəfildən istidən-soyuğa və yaxud əksinə dəyişəndə, immun sistemi zəif, soyuğa həssas olanların sağlamlığında dəyişikliklər baş verir. Allergiyası, xroniki xəstəlikləri olan insanlarda xəstəliklərin kəskinləşməsi halları baş verir. Bu cür xəstələrin ildə iki dəfə həkimə müraciət etməyi məsləhətdir: Havalar soyuyanda və yaza keçəndə.

Həkimin sözlərinə görə, havalar kəskin soyuyanda insanlar bəzən qış geyiminə keçməkdə çətinlik çəkirlər. Amma havaların kəskin soyuması zamanı bədənin də temperaturunda dəyişikliklər olur. Ona görə də geyimi havanın temperaturuna görə tənzimləmək lazımdır: "Havalar soyuyanda bədənin maddələr mübadiləsində dəyişikliklər yaranır. Bu dəyişikliklər nədən ibarətdir? Temeratur dəyişir deyə bədən soyuyur, xroniki xəstəliklər kəskinləşməyə başlayır, yaxud da havaların soyuması ilə əlaqədar bədən zəifləyir, immun sistemi düşür. Bu zaman qrip epidemiyası baş qaldırır. Qrip epidemiyası həmişə havalar soyuyanda yayılmağa başlayır. Bu, bədənin soyuması və virusun baş qaldırması nəticəsində yaranır. Yaydan çıxan bədənə bəzən isti geyimlər geyinmək çətin gəlir. Amma havalar soyuyubsa, isti geyimlərdən istifadə etmək lazımdır".

Soyuq havada nazik geyimlərdən istifadə edən insanlara bəzən çox həsədlə baxırıq ki, onlara soyuq təsir etmir. M.Abbasova deyir ki, hər bir insanın orqanizmi, immun sistemi fərqlidir. Soyuğa qarşı dözümlü olanlar immun sistemi güclü insanlardır: "Elə qrip epidemiyası var ki, 5 nəfərdən 3-ü yoluxur, 2-si yox. Xəstəliklərə davam gətirmək bədənin immun sisteminin gücündən, möhkəm olmasından asılıdır. Əgər şəxs vitaminlər istifadə edibsə, yayda istirahətə vaxt ayırıbsa, artıq həmin bədənin müqaviməti güclənib. Ona görə də epidemiyalara qarşı müqavimətli olur. Əgər bütün gün işləyibsə, sağlamlığına fikir verməyibsə, düzgün qidalanmayıbsa, bu zaman insanlar ətraf mühitin temperaturunun dəyişməsinə daha həssas olurlar".

Payızın gəlməsilə bir çox insanlar qripə yoluxub. Bu günlərdə qripdən gənc qızın dünyasını dəyişməsi xəbəri də yayılmışdı. Həkim deyir ki, qripə "keçib gedəcək" psinsipi ilə yanaşmaq olmaz. Çünki qripin fəsadları ölümə belə səbəb ola bilir: "Qripi yaradan viruslardır. Viruslara antibiotiklər təsir etmir. Amma virusun yaratdığı fəsadları antibiotiklə müalicə etmək olar. Pnevmoniya, qaymorit, tonzillit xəstəlikləri olmasın deyə antibiotik təyin edilə bilər. Qripin qarşısı alınmasa, fəsadı təhlükəli ola bilər. Qrip insanda hətta karlıq və başqa ciddi xəstəliklər yaradır. O virusun qarşısı alınmayanda, hansısa orqanda irinləmə prosesi baş verir. Ona görə də antibiotik təyin edilir".

Bu fəsildə ən çox xəstələnən uşaqlar olur. Pediatr Günay Rəsulova deyir ki, isti fəsildən soyuq havalara keçəndə, uşaqlar uyğunlaşmaqda çətinlik çəkirlər. Ona görə fəsil dəyişkənlikləri zamanı tez-tez xəstələnirlər. Bağçaya, məktəbə gedən uşaqlara isə xüsusi diqqət edilməlidir: "Çünki onlar toplumun içərisinə gedirlər. Onların geyiminə fikir verilməlidir. Xəstə uşaqlarla təmasda olmamalıdırlar. Uşaqları xəstə insanlarla təmasdan uzaq tutun. Əgər toplum olan yerə gedirlərsə, orada xəstə insanlar varsa, tibbi tənzifdən istifadə edilməlidir".

G.Rəsulova bildirdi ki, uşaqlar düzgün qidalanmalı, orqanizmlərinin vitamin balansı təmin olunmalıdır ki, bu cür fəsil dəyişkənliklərinə dözümlü olsunlar: "Valideynlər uşaqların bol vitaminli qidalar qəbul etmələrinə şərait yaratsınlar. Qan azlığı olan uşaqların immuniteti zəif olur. Yaxşı olar ki, analiz verib, uşaqda qan azlığınını olub-olmaması yoxlanılsın. Əgər varsa, qan artırılması üçün müvafiq addımar atılsın ki, fəsil dəyişkənliyinə qarşı dayanıqlı olsunlar. Daha çox virus infeksiyaları bu aylarda uşaqlar arasında yayılır. Yuxarı tənəffüs yolları, mədə-bağırsaq sistemi xəstəlikləri bu cür havalarda baş qaldırır".

Pediatrın sözlərinə görə, immunitet düşəndə soyuq havalarda bronxitlər daha uzun davam edə bilir. Bu cür havalarda uşaqlarda virus infeksiyalarına daha çox rast gəlindiyi üçün mütləq antibiotikin istifadəsindən qaçmaq lazımdır. Məsələn, öskürək gec gedir deyə antibiotik istifadə etmək olmaz: "Bu, vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq. Çünki antibiotiklər immunitetin daha da zəifləməsinə səbəb olur. Bu xəstəliyə ikinci bir infeksiya qoşular və gedişat daha da pisləşə bilər. Buna görə də valideynlər ayıq olsunlar. Uşağa elə hər vaxt antibiotik vurdurmaq olmaz. Əgər həkim antibotik yazırsa, valideynlər bu təyinatın əsaslandırılmasını tələb etsinlər. Uşaqlarda biz daha çox virus infeksiyalarına rast gəlirik. Həkim uşağın sağlamlığındakı problemin gedişatının bakterial olduğunu sübut edirsə, antibiotik təyin edə bilər. Uşaqda bronxo-pnevmoniya, qızdırma, təngnəfəslik, boğulma, boğazda görünən irinciklər varsa, bu halda antibiotik istifadə etmək olar. Əgər sübut edilmirsə, gedişat daha çox virus mənşəlidirsə, antibiotik istifadəsindən qaçmaq lazımdır".

Kaspi.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.