Azərbaycanda sürücüləri qorxutmaq üçün aldadıcı radar qurdular

Day.Az представляет новость на азербайджанском языке

DYP dünyanın hər yerində tətbiq olunan vasitələri ölkəmizə də tətbiq etməyə başlayıb.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı yenilik edilib. Avtosfer.az-ın verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində yolun kənarına yalançı radar qurğusu quraşdırılıb. Adi dəmir borudan ayaqları olan və boş dəmir qutu halında hazırlanan bu qurğu həqiqi radardan az fərqlənir. Lakin əsas odur ki, bunu görən əksər sürücülər yaşayış məntəqəsində sürəti azaldaraq qaydalara əməl edirlər.

Qeyd edək ki, dünyanın əksər dövlətlərində yollarda hərəkətin təhlükəsizliyini təmin etmək, sürücüləri nizam-intizama dəvət etmək məqsədilə bu cür vasitələrdən tez-tez istifadə olunur. Məsələn, əksər magistrlar yollarda sürət həddini aşan sürücülərə qarşı tətbiq edilən ən mükəmməl vasitə yol kənarına üzərində sayrışan işıqları olan yol polisi avtomobilinin maketini quraşdırmaqdır. Lakin bəzi intizamsız sürücülər bu cür vasitələrin yerini bilib qayda pozmağa davam etdiyi üçün adətən həmin süni vasitələrin yeri tez-tez dəyişdirilir.

Ümid edirik ki, Şəmkirdəki yalançı radar qurğusunu tətbiq etməyə başlayan Dövlət Yol Polisi İdarəsinin bu addımı müsbət nəticə verəcək və bütün ölkəboyu belə vasitələr tətbiq ediləcək. Yol polisinin bu addımını alqışlayır və dəstəkləyirik. Bu cür vasitələri hazırlayarkən bir az diqqət göstərib oxşarlıq yaratmaq və gələcəkdə onların yerini mütəmadi olaraq dəyişmək lazımdır. Çünki bəzi intizamsız sürücülər radarların yerini bilən kimi başqlarına da xəbər verir və sanki qəhrəmanlıq edirmiş kimi, özünü öyür...

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi yollarımızda təhlükəsizliyi təmin etmək üçün bu cür qurğuların quraşdırıldığını təsdiq edib. İdarənin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, burada məqsəd sürücüləri qaydalara əməl etməyə sövq etməkdir: "Gələcəkdə bu cür qurğuların sayı artırılacaq və yeri tez-tez dəyişdiriləcək ki, bəzi sürücülər arxayın olub radarı keçəndən sonra sürət həddini aşmasın. Belə vasitələr adətən magistral yollarda quraşdırılacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.