Təhlükəli attraksionlar bulvardan çıxarılıb

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Bakı bulvarı ərazisində istismarda olan əyləncə attraksionlarının hamısı təhlükəsizlik tədbirlərinə cavab verir.

Bu barədə Milli.Az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bulvar ərazisində yerləşən bəzi attraksionların köhnəldiyi və təhlükəsizlik tələblərinə cavab vermədiyinə dair səslənən fikirlərə münasibət bildirərkən deyib.

İdarə rəsmisinin sözlərinə görə, bulvarda yerləşən bütün attraksionlara, karusellərə gündəlik nəzarət həyata keçirilir: "FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən il ərzində ən azı 4 dəfə texniki baxış keçirilir. Amma lazım gəldikdə biz özümüz də onları dəvət edib yoxlamadan keçiririk. Dövlət Agentliyinin mütəxəssisləri attraksionlara daim nəzarət edirlər. Onlar hər dəfə yoxlamadan sonra bizə xüsusi akt təqdim edirlər. Bundan əlavə, hər bir attraksionun bulvarda işlədilməsinə icazə üçün xüsusi lisenziya verilir. Lisenziya almamış attraksion hansı ölkədən gətirilməsindən asılı olmayaraq, istismara verilə bilməz".

N.Məcidov bulvarda insanların həyatı üçün təhlükə yarada bilən attraksionların olduğunu inkar etməyib: "Vaxtilə bir neçə köhnə karusel olub ki, səs-küylü, təhlükəli olublar. Onların hamısı ərazidən çıxarılıb. Hər il bir neçə attraksion təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə bulvarın ərazisindən çıxarılır. Bu gün bulvar ərazisində Avropanın inkişaf etmiş ölkələrində istehsal olunmuş yalnız müasir və təhlükəsiz attraksionlar qalıb. Onların əksəriyyətində qoruyucu kəmərlər var. Əgər kimsə kəməri bağlamırsa, qurğu hərəkətə gəlmir. Müasir attraksionlar elədir ki, əgər onun təlimatında yazılan edilmirsə, avtomatik işləmir. Məsələn, götürək insanların "şeytan təkəri" kimi tanıdığı "Panoram" attraksionunu. Onun qapısı bağlanmayınca heç tankla da dartıb yerindən tərpətmək olmaz".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.